Düz 100 il bundan əvvəl 1918-ci ilin 28 mayında qocaman Şərqin qapısında dünyanın diqqətini özünə cəlb edən Azərbaycan xalqı Xəzər sularından baş qaldıran may günəşinin şəfəqləri altında müstəqilliyinə nail oldu.
Müstəqil Azərbaycan dövləti uğrunda gedən mübarizə və müstəqil Azərbaycan dövlətinin 23 aylıq fəaliyyəti dövründə baş verən proseslər həmin dövrün ictimai, siyasi, mədəni həyatında olduğu kimi ədəbi mühitdə də özünü qabarıq şəkildə göstərirdi. İlk demokratik respublika cəmi 23 ay ömür sürsə də, çox böyük işlər gördü. Xalq Cümhuriyyətinin qurulması ilə ölkədə ideoloji, mədəni, siyasi, ədəbi-bədii həyatda böyük canlanma əmələ gəldi. Milli maarifin, elmin, mədəniyyətin inkişafı ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı.100 nəfər azərbaycanlı gənc müsabiqə yolu ilə seçilərək Türkiyə, Fransa, Rusiya və İtaliyanın müxtəlif şəhərlərinə təhsil almaq üçün göndərildi. Çünki yeni qurulmuş respublikanın gənc savadlı kadrlara ehtiyacı vardı. Bunlardan 20 nəfərinin təhsil haqqını böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz öhdəsinə götürmüşdü. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində onların çoxusu təhsilini başa vura bilməyib geri qayıtdı. Müəyyən çətinliklərlə təhsilini başa vurub vətənə qayıdanlar isə sonradan 30-cu illərin repressiyasına məruz qaldılar. Bəs bu dövrdə ədəbiyyat sahəsində vəziyyət necə idi? Cümhuriyyət dövründə ilk yaradıcılıq təşkilatları , cəmiyyətləri meydana gəldi. ”Yaşıl qələm“, “Qırmızı qələmlər“ cəmiyyətləri yarandı. Bu dövrdə ədəbiyyatda milli dövlətçilik, cümhuriyyətçilik, türkçülük ideyaları geniş tərənnüm olunur, vətənə məhəbbət, onun gözəlliyinə vurğunluq, vətənpərvərlik hissləri təbliğ olunurdu. Milli özünüdərk və milli mənlik şüurunun formalaşmasından doğan milli qürur və vətənpərvərlik dövrün aparıcı mövzularından idi. Azərbaycançılıq ideyası, milli hərəkat, istiqlal arzusunun tərənnümü H.Cavid, M.Hadi, C.Məmmədquluzadə, Ə.Cavad, A.İldırım, C.Cabbarlı, Ü.Hacıbəyov, Y.Çəmənzəminli, S.Hüseyn, S.Mümtaz, A.Şaiq, M.Məmmədzadə və başqalarının əsərlərində ədəbiyyatın əsas amalına çevrilmişdir.
1919-cu ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün keçmiş çar generalı Denikin tərəfindən təhlükə yarananda iyunun 11-də ölkədə hərbi vəziyyət elan olundu. Çox maraqlıdır ki, həmin vaxt Cümhuriyyətin orqanı olan “Azərbaycan” qəzeti və digər mətbu orqanlar öz səhifələrində xalqı azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə səsləyirdilər. Gənc şairə Ummu Gülsüm “Çəkil, dəf ol”, “Əsgər anasına” adlı şeirlərində vətənin başı üzərini almış Denikin könüllülərinin timsalında Şimaldan gələn təhlükənin dəf edilməsini hər bir yurddaşın müqəddəs vəzifəsi kimi vəsf edirdi. O yazırdı:
Ey buzlu Şimaldan qopan ruzigar
Toxunma könlümə, atəşi parlar.
Sakın gəlmə, səni nəfəsim boğar,
Dəf ol, Vətənimdə görəmməm səni.
Cümhuriyyət dövrünün nəğməkarı, Azərbaycan Demokratik Cümhuriyyətinin “Dövlət Himni”nin yaradıcısı Ə. Cavadın yaradıcılığında siyasi lirika geniş yer tutur. O, ”İngilis”, “Ey əsgər”, “Türk ordusuna”, “Azərbaycan bayrağına”, ”Şəhidlərə”, “Nədən yarandın?” kimi şeirlərində öz dövrünün ictimai, siyasi, hərbi hadisələrini əks etdirir, xalqımızın milli ruhunu böyük zövqlə, sevə-sevə tərənnüm edir, istiqlal odunun xalqın öz qəlbində yanıb alovlandığını son dərəcə həssaslıqla qələmə alırdı. Azərbaycan parlamentinin binası üzərində milli bayrağımızın dalğalandığını görəndə Ə. Cavad milli qürur hissi ilə söyləmişdi:
Türküstan elləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən
Ərməğan yolla sən, yara bayrağım!
...Köksümdə tufanlar gəldim irəli,
Öpüb kölgən düşən mübarək yeri,
Allahın yıldızı o gözəl pəri
Sığınmış qoynunda aya, bayrağım!
O dövrün hadisələri A.İldırımın bir sıra şeirlərində, xüsusən 20-ci illərin əvvəllərində baş vermiş hadisələrdən bəhs edən “Bakı” şeirində daha dolğun əks etdirilmişdir.
Bir zamanlar adına eşq oxudum illərlə,
İndi artıq qəlbimin içində inlə, Bakı!
Uğrunda çarpışanlar qolları bağlı getdi
Mən yanaraq kül oldum, sənin dərdinlə, Bakı!
Şairin “Əsir Azərbaycanım”, “Qara daşlar” şeirləri də bu qəbildəndir.
20-ci ilin 28 Aprelindən sonra ölkədə siyasi vəziyyət dəyişdi. Bütün sahələrdə olduğu kimi ədəbiyyatda da milli məfkurə kommunist ideologiyası ilə əvəz olunmağa başladı. Mütərəqqi fikirli şair və yazıçılar təqib olundular, türkçülük, millilik millətçilik kimi qələmə verildi. Lakin bütün təqiblərə baxmayaraq, yaşlı nəslin nümayəndələri kommunist ideologiyasına, kommunist təbliğatına uymadılar. Onlar öz əsərlərində yeni dövrün ideologiyasına, sovet rejiminin qoyduğu qayda-qanunlara müqavimət göstərirdilər. Məsələn, Azərbaycan KP MK-nın 9 aprel 1929-cu il tarixli plenumunda “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək” adı altında “Molla Nəsrəddin” jurnalını Mübariz Allahsızlar orqanına çevirmək haqqında qəbul edilmiş qərar bütün yaradıcılığı boyu azərbaycançılıq ideologiyasına sadiq qalan, tənqidçilərin haqlı olaraq milli oyanış və siyasi intibah dövrünün bədii manifesti adlandırdıqları “Azərbaycan” və “Cümhuriyyət” kimi məqalələrin müəllifi olan C.Məmmədquluzadəni sarsıtmışdı. Bundan sonra C. Məmmədquluzadəyə qarşı böhtan kompaniyası təşkil edilmiş, o və digər ”molla nəsrəddinçilər” “siyasi cəhətdən geri qalmış, bisavad və siyasətlə maraqlanmayan” adamlar adlandırılmışlar. Bütün əsərlərində, xüsusilə 1920-ci ildə yazdığı “Anamın kitabı” tragikomediyasında ziyalıları, vətənin bütün övladlarını milli-mənəvi birliyə çağıran ədib bu böhtanlara dözməyərək 1931-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktorluğu vəzifəsindən imtina etmişdir. Bu hərəkət onun mövcud quruluşa etirazının ifadəsi idi. Bu gün AXC –nin 100 illiyini qeyd etdiyimiz bir vaxtda onun yaradıcısı M. Ə. Rəsulzadənin tariximizin qara günlərində ürəyinin qanı ilə yazdığı ”Əsrimizin Səyavuşu” əsərindən söz açmamaq günahdır. M.Ə.Rəsulzadə dünyanın ən qədim və zəngin ölkəsi olan Azərbaycanla Səyavuşun taleyində bir oxşarlıq görür : ”Türk hilalının parladığı üfüqlərə şimal buludları gəldi. İran aslanı gəzən dağlara Moskva qartalı qondu. İmperiya qartalı Abşeronun sinəsini deşib, onun qara qanını-neftini bacardıqca sordu.” Ölkənin gözüaçıq ziyalıları müstəqillik ideyalarını yaymağa başladılar. Rusiyadakı Oktyabr çevrilişindən sonra bu fürsətdən istifadə edən tərəqqipərvər Azərbaycan oğulları ölkədə ilk demokratik dövləti –Azərbaycan Cümhuriyyətini elan etdilər.
1920-ci ilin iyulunda, yəni ADR-in süqutundan sonra yazılmış bu əsərdə nikbin ruh hakimdir. Bu əsərdə respublikamızın yenidən müstəqilliyə nail olacağına böyük inam hissi var. Böyük ədib, siyasətçi M.Ə.Rəsulzadə inanırdı ki, “Bakının hərarətli torpağında kök salmış müqəddəs atəşi Quzğun dənizin dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə də bolşevik cəlladları o dərəcədə acizdirlər. Bir qüzey rüzgarının zərbəsiylə dalğalanan Xəzər Bayıl burnundakı mavi atəşi söndürsə də, rüzgar keçib dəniz düzgün bir hal alanda sadə bir qığılcım kifayətdir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl burnunu aydınlatsın”. M.Ə.Rəsulzadə bütün varlığı ilə inanırdı ki, xalqın qısa müddətdə daddığı ictimai azadlıq yenidən alışacaq, Azərbaycan müstəqil bir dövlət olacaq. Və bu inamla da deyirdi: ”Sizlər, ey gələcək nəsil, ey gənclik. Ey əsrimizin Səyavuşunun böyümüş oğlu. Sənin öhdəndə böyük bir vəzifə vardır. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:
- Bir kərə yüksələn bayraq bir daha enməz.
Doğrudan da, 70 il sovet imperiyasının tərkibində olan xalqımız özündə cəsarət taparaq 1991-ci ilin 18 oktyabrında özünün müstəqilliyinə yenidən nail oldu. Lakin qazanılmış bu müstəqillik üçün 90-cı ilin əvvəllərində yenə də real təhlükə yaranmışdı. Artıq 1993-cü ildə Azərbaycan yenidən parçalanmaq ərəfəsində idi. Xalqımızın bu ağır günündə ulu öndər H.Əliyev xalqın harayına yetişdi. Məhz onun səyi nəticəsində respubliikamız üçün yaranmış təhlükə aradan qalxdı. Azərbaycan qəddini düzəltdi. Müdrik rəhbərin qoyduğu siyasi kurs bu gün onun layiqli davamçısı cənab prezident İ.Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan müstəqillik yollarına qızıl hərflərlə yeni-yeni səhifələr yazır. Güman edirəm ki, respublikamızın bu yüksəlişi ədəbiyyatımızda da öz əksini tapacaq, yeni-yeni əsərlərin mövzusuna çevriləcək.

Səhər Rzayeva
Şəki şəhər Məhəmməd Füzuli adına 3 saylı orta
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Daxil olundu: 01.12.2018 » Oxundu: 7272
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!