AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Qurbanovanın «Cümləfövqü vahidlərin intonasiyasının eksperimental-fonetik təhlili» (Bakı, ADPU nəşriyyatı, 2019, 216 s.) kitabı işıq üzü görmüşdür. Kitabın elmi redaktoru tanınmış fonoloq, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli, rəyçiləri filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovadır.
Təqdim olunan monoqrafiyada intonasiyanın xüsusiyyətləri auditorial-perseptiv və eksperimental-fonetik eksperimentlər vasitəsi ilə təhlil olunur.
Monoqrafiyada Azərbaycanda ilk dəfə olaraq intonasiyanın xüsusiyyətlərinın auditorial-perseptiv eksperimetinə geniş yer verilmişdir. Burada əsasən eşidib-dərketmədə intonasiyanın rolu araşdırılır və bu eksperiment SD yazılmış mətinləri səsləndirərək həyata keçirilmişdir. Monoqrafiyada eksperimental-fonetik təhlil canlı danışıqda dinləyənlərin məlumatı qavramada və aydın olmasında intonasiyanı, əsasən nitqin melodiyasını, zamanı və tempi xarakterizə edir. Bu eksperimentdə diktafon vasitəsilə yazılmış dil materialının akustik təhlilini aparmaq məqsədi ilə bu gün “Speech Analyser”, “WinCecil”, “PRAAT”, “MacSpeech Lab” proqramlarından istifadə edilmişdir.
Monoqrafiya 3 fəsil, eksperimentdən alınan nəticələr, ədəbiyyat və eksperimentdə istifadə olunan ingilis dilində mətinlərdən ibarətdir.
Birinci fəsil “Cümləfövqü vahidlərə bir baxış” adlanır və bu bölmədə cümləfövqü vahidlər haqqında alimlərin fikirləri şərh edilir və nəzəri fikirlər misallarla izah edilir.
İkinci fəsil “Cümləfövqü vahidlərin intonasiya xüsusiyyətlərinin qavranılmasının auditorial-perseptiv eksperimeni” adlanır. Bu fəsildə auditorial-perseptiv eksperiment qaydaları haqqında alimlərin fikirləri, eksperiment üçün auditorların və materialların seçilməsi, eksperimentin perseptiv təhlili, aparılan eksperimentin hesablanması və auditorial təhlil edilir. Burada aparılan eksperimet riyazi hesablamalar hesablanaraq diaqramlarla göstərilmişdir. Bu fəsildə aparılan eksperimentdə əsas məqsədimiz ingilis dilində səslənən mətnlərdə (burada ingilis dilində 10 mətin seçilmişdir) intonasiyanın xüsusiyyətlərini müəyyən etmək idisə, digər tərəfdən məqsədimiz yaş səviyyələrinə görə səslənən mətinlərin necə qavranılıb və dərkedilməsini araşdırmaq idi. Seçilən mətnlər dil daşıyıcıları (ingilislər) tərəfindən oxunaraq CD yazılmışdı və mətnlər seçilərkən eksperimentə cəlb olunan adresantların ümumi ingilis dilli səviyyələri nəzərə alınmışdır. Eksperimentdə iştirak edən adresantlar dörd qrupa bölünmüşdür: bir dilli (Azərbaycan dilli), iki dilli( ikinci dil ingilis dili), ingilis dilini müstəqil öyrənənlər (azərbaycanlı), ingilis dili müəllimliyi fakültəsinin 2-4-cü kurs tələbələri.
Üçüncü fəsil “İngilis dilində cümləfövqü vahidlərin intonasiya xüsusiyyətlərinin eksperimental-fonetik təhlili” adlanır. Bu fəsildə eksperimentin aparılması üçün istifadə edilən proqram və eksperimentin aparılması prinsipləri, ingilis dilində materialın eksperimental-fonetik təhlili, ingilis dilində eksperimental-fonetik şərhin nəticələri izah edilir.
Monoqrafiyada hər fəsildən sonra nəticələr qeyd edilir. Aparılan eksperimentin dil materialları London Linqafon İnstitutuna (LLI) aiddir. Hər iki eksperimentdə eyni dil materiallarından istifadə edilmişdir. Bu monoqrafiya gələcəkdə yazılan dissertasiyalarda aparılan eksperimetlər üçün bir nümunə olacaq və gənc tədqiqatçılar eksperimentin aparılması yolları barədə bu monoqrafiyadan yararlana biləcəklər.
Kitab mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Kriteri.az

Daxil olundu: 05.11.2019 » Oxundu: 424
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!