Respublikamızda fəaliyyət göstərən elmi-tədqiqat institutlarının yaranma tarixi uzun illər öncəyə gedib çıxır. Hər bir sahənin inkişafında, tədqiq və təhlilində önəmli rol oynayan bu elmi institutlar bu gün də öz fəaliyyətini davam etdirir və ölkəmizdə məhsul bolluğunu, məhsuldar və keyfiyyətli meyvə-tərəvəz yetişdirilməsini, yeni sortların əldə olunmasını təmin edir. Belə institutlardan biri də Quba Meyvəçilik və Çayçılıq Elmi-tədqiqat institutunun Lənkəran Çay filialıdır.
Lənkəran Çay filialının direktoru Fərman Abdullayevdir. 1966-cı ildə Lənkəran rayonunda anadan olan Fərman müəllim orta təhsilini doğulduğu rayonda aldıqdan sonra qədim və ulu Gəncədə yerləşən Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutuna qəbul olub. Ali təhsilini uğurla başa vurduqdan sonra əmək fəaliyyətinə başlayıb. 1991-ci ildən Lənkəran Çay filialında işləyir. Müxtəlif illərdə burada təsərrüfat müdiri, elmi işçi, elmi katib və direktor vəzifələrində çalışıb. 2021-ci ildə isə filiala yenidən direktor təyin edilib.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq hər zaman elmlə məşğul olan Fərman müəllim 2007-ci ildə elmi iş müdafiə edərək elmlər namizədi adını qazanıb. Ümumiyyətlə, filialda 6 işçi elmi iş müdafiə edib. Onlardan biri də 40 ildən artıq bu müəssisədə çalışan elmlər namizədi Sabir Ramazanovdur. Uzun illər bu filialda çalışan Fərman Quliyev isə doktorluq işini uğurla müdafiə etmiş təcrübəli alimlərdəndir. O, bir neçə elmi kitabın müəllifidir və əsərləri elm adamları arasında böyük maraqla qarşılanır.
Fərman Abdullayev öz söhbətində filialı olduqları Quba Meyvəçilik və Çayçılıq elmi-tədqiqat institutunun direktoru İlham Qurbanovun və onun müavini Vahid müəllimin adını böyük hörmət və ehtiramla çəkdi. Bildirdi ki, institut Lənkəran filialına hər zaman diqqət və qayğı göstərir və tez-tez əlaqə saxlayır, lazımi avadanlıqlarla təchiz olunmasına köməklik göstərir.
Fərman müəllim məlumat üçün bildirdi ki, filialın ərazisi 70 hektar olsa da, əsasən 29 hektarından məqsədyönlü şəkildə istifadə olunur. Ərazinin digər hissəsi isə botanika bağıdır. Filialın əsas elmi işi çay və sitrus bitkiləri ilə bağlıdır. Burada yardımçı təsərrüfat kimi tərəvəzçilikdən də istifadə olunur. Son illərdə ərazidə 1 hektar limon bağı, 3 hektar isə naringi bağı salınmışdır.
Fərman müəllim deyir: " Lənkəran dünyada əsasən çayı və sitrus bitkiləri ilə tanınır. Bu şöhrəti qoruyub saxlamaq üçün çay və sitrus bitkilərinə diqqət yetirmək biz elm adamları üçün çox vacibdir. İnstitutumuzda çalışan bütün əməkdaşlarımız bu məsuliyyəti gözəl anlayır və hər zaman elmi nailiyyətləri, təcrübə və tədqiqatları ilə daha böyük uğurlar əldə etməyə çalışırlar. Əslində iş həyatında əldə edilən bütün uğurların kökündə seçdiyin sahəyə olan maraq və məhəbbət davanır. Əgər öz işini ürəkdən sevir və onunla dərindən maraqlanırsansa, mütləq uğura yoldaşlıq edəcəksən. Əks təqdirdə yerində saymaqdan başqa heç nə əldə edə bilməzsən. Xoşbəxtlikdən bizim institutumuzda toplaşmış mütəxəssislər, demək olar ki, öz işlərini ürəkdən sevən və onun inkişafı üçün məsuliyyətlə çalışan insanlardır. Bu isə uğura aparan ən düzgün yoldur.
Məlum məsələdir ki, iş olan yerdə bəzi çətinliklər və çatışmazlıqlar da olur. Bizim müəssisəmiz də istisna deyil. Belə ki, müəssisəmizdə lazımi qədər texnika olsa da, mini texnikalara ehtiyac var. Bu texnikalar hazırkı şəraitdə daha çox ehtiyac duyulan avadanlıqlardır. Lakin bu kiçik çatışmazlıqlar bizi ruhdan salmır və biz öz işimizin öhdəsindən bacarıqla və ləyaqətlə gəlməyə çalışırıq. Çünki öz işimizi sevir və dövlətimizə, xalqımıza xidmətimizdən qürur duyuruq".

 

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 29.07.2022 » Oxundu: 607
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!