Şəki Uşaq Gənclər İdman-Şahmat məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Rayonun tanınmış idman müəssisələrindən olan bu məktəbdə idmanın müxtəlif növləri üzrə məşqlər aparılır. Şagirdlər daha çox idmanın basketbol, voleybol və şahmat bölmələrinə maraq göstərirlər. Məktəbə artıq 4 ildir ki, Saniyə Babayeva rəhbərlik edir.
Saniyə Babayeva 1959-cu ildə Xaçmaz rayonunda dünyaya gəlib. Orta təhsilini doğulduğu məkanda aldıqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. 1984-cü ildə ali təhsilini bitirərək Şəki rayon İcra Hakimiyyəti Gənclər-İdman idarəsinin sədr müavini vəzifəsində əmək fəaliyyətinə başlayıb. Daha sonra Uşaq Gənclər İdman-Şahmat məktəbində tədris hissə müdiri işləyib. 20 ilə yaxın bu vəzifədə çalışan Saniyə xanım 2019-cu ildə həmin məktəbə direktor təyin olunub.
Hazırda Şəki Uşaq Gənclər İdman-Şahmat məktəbində 23 məşqçi-müəllim çalışır. Onların arasında idman sahəsində öz sözünü demiş titullu məşqçi-müəllimlərdən şahmat üzrə əməkdar məşqçi Gülnarə Abdullayeva, Sadiq Mehtiyev, voleybol və basketbol üzrə əməkdar məşqçi Vüqar Musayev, Murad Abdurəhmanzadə və digərləri də vardır.
Məktəbdə bir neçə qrup üzrə 534 şagird idmanın müxtəlif sahələri üzrə məşğul olur. Məktəbin yetirmələri müxtəlif zona və respublika turlarında fəal iştirak edir və nümunəvi yerlərə layiq görülürlər. Məktəbin fəal idmançılarından dünya və Avropa çempionatının bürünc medalçısı Faiq Ələsgərovun, peşəkar şahmatçı kimi az müddətdə uğurlu nəticələr əldə etmiş və hazırda Bakıda yaşayan Samirə Babayevanın adını çəkmək yerinə düşərdi.
Bu ilin avqust ayında Zaqatala şəhərində keçirilən yeniyetmələr arasında Respublika Olimpiadasında məktəbin yetirmələri Süleyman Süleymanov, İslam Hacıəliyev, Yusif Kərimli respublika birincisi olublar.
Naxçıvanda keçirilən dünya olimpiadasında 15 yaşlı Süleyman Süleymanov bürünc medal qazanıb. O, həmçinin beşqat Azərbaycan çempionudur.
Saniyə xanım onu da bildirdi ki, burada çalışan məşqçi-müəllimlərimiz öz məktəbimizin məzunlarıdır. Onlardan Günel Məmmədova, Büllur müəllimə uzun illər öncə tanınmış şahmatçı Harri Kasparovla heç-heçə nəticə ilə oynamışlar. Məktəbin peşəkar məşqçi-müəllimlərindən Tural Babayevin, Gülər və İlahə xanımların və digərlərinin adını çəkmək də yerinə düşərdi.
Məktəbin direktoru Saniyə xanım deyir: «Məktəbimizdə peşəkar idmançıların yetişməsi üçün hər cürə şərait yaradılıb. Təcrübəli məşqçi-müəllimlər şagirdlərə seçdikləri idman növünün bütün incəliklərini dərindən mənimsəmələri üçün bütün səy və bacarıqlarını sərf edirlər. Məhz bu məsuliyyətin nəticəsidir ki, məktəbimizin yetirmələri respublikada keçirilən yarış və turnirlərdə uğurlu nəticələr əldə edirlər. İdmançılarımızın milli vətənpərvərlik ruhunda yetişmələrinə müəllimlərimiz diqqətlə yanaşırlar. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə hər birimizin milli qürur hissini daha da artırıb. İşğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın fəxarət hissini yaşamağımız idman sahəsində də qələbəyə olan arzu və istəyimizə sanki bir təkan oldu. Bu gün hər birimiz bu möhtəşəm qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad etməli, sağlamlıqlarını itirmiş qazilərimizə və igid döyüşçülərimizə minnətdar olmalıyıq. Vətənimizin hər qarışında dalğalanan mübarək bayrağımız həm də hər hansı yarışda qələbə qazanmış idmançıların şərəfinə qaldırılır. Bu sevinci bizə yaşadan isə yalnız qələbədir. Ona görə də bizim idman məktəbində şagirdlərin qələbə əzminin yüksək olmasına xüsusi diqqət yetirilir. Bəlkə elə bunun nəticəsidir ki, son dövrlərdə məktəbimizin yetirmələri müxtəlif yarışlarda daha çox uğur əldə edib, daha çox qələbə qazanıblar. Biz həm də unutmuruq ki, idman həmçinin insanın sağlamlığına xidmət edən ən vacib vərdişlərdən biridir. Sağlam bədən isə, sağlam ruh deməkdir».

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 29.10.2022 » Oxundu: 544
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!