Qazax Uşaq Gənclər İdman məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Məktəb 2017-ci ildə rayonun Şahmat məktəbi ilə birləşdirilib və elə həmin vaxtdan
da Qazax Uşaq Gənclər İdman-Şahmat məktəbi adlanır. Məktəbin direktoru Nizami Hüseynovdur. O, 1976-cı ildə Qazaxda dünyaya gəlib. Orta təhsilini doğulduğu rayonda aldıqdan sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Qazax filialına qəbul olub. 1993-cü ildə ali təhsilini hərbi-fiziki hazırlıq ixtisası üzrə bitirərək əmək fəaliyyətinə başlayıb. 2000-ci ildən əmək fəaliyyətini Uşaq Gənclər İdman məktəbində müəllim kimi davam etdirib. 2020-ci ildə çalışdığı məktəbə direktor təyin edilib.
Məktəb rayonun ən tanınmış idman müəssisələrindən biridir. Məktəbin hər il yüzlərlə məzunu olur. Bu idman ocağının yetirmələrinin səsi-sorağı nəinki ölkəmizdə, ölkəmizdən kənarda da keçirilən müxtəlif idman yarışlarından gəlir və uğurlu nəticələr əldə edirlər. Bütün bunlar isə məktəbdə çalışan peşəkar məşqçi-müəllimlərin əməyi sayəsindədir. Burada çalışan məşqçi-müəllimlər arasında titullu və əməkdar məşqçilər də çoxdur. Məktəbin güləş müəllimi İsa Namazov idman ustasıdır. Məktəbin peşəkar idmançılarından futbol üzrə məşqçi-müəllim Namiq müəllimin və digərlərinin aldını çəkmək də yerinə düşərdi. İlk əmək fəaliyyətini bu məktəbdə başlayıb hazırda paytaxt idmanında çalışan məşqçi-müəllimlər də çoxdur. Onlardan biri də Həsən Əliyevdir. Həsən müəllim hazırda respublika yığma komandasında yunan-Roma güləşi üzrə məşqçi-müəllim işləyir. Titullu idmançılardan Qazax idmanının yetirməsi olan Firdovsi Umudov Roma güləşi üzrə respublika yığma komandasının baş məşqçisidir. Bu siyahıda hazırda respublikanın yığma komandasında məşq edən İntiqam müəllimin və başqalarının adını çəkmək olar.
Məktəb haqqında ətraflı məlumat verən Nizami müəllim onu da bildirdi ki, Qazax güləş məktəbinin sorağı həmişə yüksəklərdən gəlib. Məktəbin yetirmələri dünyanın müxtəlif idman yarışlarında ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar. Təəssüf ki, onların arasında hazırda dünyasını dəyişmiş idmançılar da vardır ki, onlardan biri də mərhum Kamal Əhmədovdur. Məktəbin güləşlə bərabər şahmat üzrə də uğurları çoxdur.
Nizami müəllim onu da qeyd etdi ki, məktəbdə uşaqların seçdikləri idman növünü daha dərindən öyrənmələri üçün bütün lazımı şərait yaradılıb. Məktəb lazımı sayda kompüter dəstləri ilə də təmin edilib. Məktəbin məqsədi respublika idmanının inkişafına xidmət etmək və ölkəmizin idman şərəfini qorumaq üçün daha güclü idmançılar yetişdirməkdir. Burada çalışan məşqçi-müəllimlərin peşəkarlığı və öz işlərinə məsuliyyətlə yanaşmağı da məhz bu amala xidmət edir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 18.11.2022 » Oxundu: 474
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!