Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutur. Müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmış Ulu Öndər Azərbaycanın imzasını imzalar içində tanıdan dahi bir şəxsiyyətdir. Bu uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Çünki ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!
«Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub» – deyən Ümummilli Liderin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin uzun bir dövrü ilə sıx bağlıdır.
2023-cü il may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü ili «Heydər Əliyev ili» elan edilməsi ilə bağlı imzaladığı sərəncam hər bir kəsin ürəyindən xəbər verən bir qərar oldu. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə belə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bügünkü və gələcək nəsillərə nümunə olacaq sanlı və unudulmaz tarixdir.
Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.
Dahi Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi sayəsində xoşbəxtliyə, firavan həyata qovuşan, tərəqqi və inkişaf yolunda inamla addımlayan xalqımız, Ulu Öndərə olan məhəbbət və ehtiramını günü-gündən artırmaqla yanaşı, dövlət və dövlətçiliyimizə olan inamımızı da gücləndirir. Son nailiyyətlər sübut edir ki, Ulu Öndərin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir.
Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və Azərbaycan xalqının xoşbəxtliyi yalnız ona bağlıdır.

Valik VƏLİMƏTOV
Ucar rayon Polis İdarəsinin rəisi, polis polkovniki

Daxil olundu: 23.01.2023 » Oxundu: 43
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!