Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasının müəllimi İlkin Əsgər

 

 

Azərbaycan dili öz səlisliyinə, zənginliyinə, emosionallığına, ahəngdarlığına, orijinal qrammatik quruluşuna, zəngin lüğət ehtiyatına görə mövcud dünya dilləri arasında ən zəngin və ən qədim tarixi köklərə malik dillərdən biri hesab olunur. Belə zəngin, tarixi ənənələrə sahib olan bir dili qorumaq, sevmək, saflığı uğrunda mübarizə aparmaq, onu yad təsirlərdən mühafizə etmək, hər bir Azərbaycan vətəndaşının qarşısında duran ləyaqətli bir işdir. Dil milli-mənəvi dəyərdir, keçmişlə gələcək arasında böyük bir körpüdür. Bu mənada bu dəyəri qorumaq, yaşatmaq bizim müqəddəs borcumuzdur.
Çox yaxşı haldır ki, dilin inkişafı dövlət səviyyəsində də diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyev vaxtilə bu məsələyə münasibət bildirmiş, soydaşlarımızı ana dilində danışmağa, onu öyrənməyə çağırmışdır: “Biz dilimizlə fəxr etməliyik. Dilimiz çox zəngin və ahəngdardır, dərin tarixi köklərə malikdir. Hər bir Azərbaycan vətəndaşı öz ana dilini, dövlət dilini bilməlidir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Təsadüfi deyil ki, dil siyasəti həmişə Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin əsas istiqamətini təşkil etmişdir. Fəxrlə demək olar ki, həmin dil siyasəti bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Mübaliğəsiz demək olar ki, davamlı dil siyasəti Azərbaycan dövlətinin özü üçün müəyyənləşdirdiyi əsas pirioritet istiqamətlərdən birini təşkil edir. Özü də bu dil siyasəti sistemli və ardıcıl şəkildə aparılır. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı bunun ən yaxşı nümunələrindən biridir. Fərmanda qeyd olunur ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir.
Bu fərman bir daha göstərdi ki, Cənab Prezident İlham Əliyev dildə gedən prosesləri bilavasitə müşahidə edir. Bu mənada Prezidentin həyata keçirdiyi dil siyasəti Ulu öndər Heydər Əliyevin dil siyasətinin uğurlu davamı kimi çıxış edir. İl ərzində Azərbaycan dili haqqında verilmiş bir sıra fərman və sərəncamlar da sübut edir ki, Azərbaycan dilinin saflığının qorunması, inkişafı, daha da təkmilləşməsi Azərbaycan dövlətinin maraqlarına daxildir. Bir məqamı da xüsusilə vurğulamaq lazımdır ki, Cənab Prezidentin Azərbaycan dili haqqında etdiyi çıxışlarda, imzaladığı fərman və sərəncamlarda Azərbaycan dilini yad təsirlərdən qorumaq, dilimizin lüğət fondunu yersiz sözlərdən mühafizə etmək, dili ehtiyac olmadan süni şəkildə işlədilən alınma sözlərdən təmizləmək kimi məsələlər mühüm əhəmiyyət kəsb edir və böyük aktuallığa malikdir. Bu, bir növ, silsilə təşkil edir. Cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və eləcə də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli sərəncamların, eyni zamanda AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı məzmunlu nitqi, Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışının əsasını da ana dilimizin milliliyinin qorunub saxlanması təşkil edir. Dövlət başçısı AMEA-nın 70 illik yubileyində bu məsələyə daha həssas şəkildə yanaşmış və qeyd etmişdir: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər. Digər tərəfdən, imkan verməməlidirlər ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Ancaq biz bunu görürük. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.
5 noyabr 2018-ci il tarixində Ağdam Muğam Mərkəzinin açılışında görkəmli muğam ifaçıları ilə görüşü zamanı Prezident bir daha dilimizdə ehtiyac olmadan işlədilən yersiz alınma sözlərdən danışmış, dilimizin geniş imkanlarını diqqətə çatdırmışdır. Bu, onu deməyə əsas verir ki, dövlətin dil siyasəti məqsədli şəkildə həyata keçirilir , dövlət dildə gedən prosesləri nəzarətdə saxlayır və dilə edilən süni müdaxilələrin qarşısını almağa çalışır. Əlavə edək ki, 1 noyabr 2018-ci il tarixində imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” da məhz buna hesablanmış bir addımdır. Dilimiz üçün tarixi əhəmiyyət kəsb edən həmin Fərmana əsasən, Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin yaradılması nəzərdə tutulur. Monitorinq Mərkəzinin yaradılması qeyd olunduğu kimi, KİV-in dilində, sosial mediada, ümumiyyətlə mətbu orqanlarda, internet resurslarında və reklamların dilindəki ədəbi dil normalarının pozulmasının qarşısını almaq, fonetik, leksik və qrammatik qaydaların düzgün işlədilməsini təmin etmək, süni şəkildə yaradılan və yersiz alınma sözlərin dildə istifadəsini məhdudlaşdırmaq üçün olduqca böyük rol oynayacaq.
Hesab edirik ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması 2013-2020-ci illəri əhatə edən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ında nəzərdə tutulmuş Tədbirlər Planının icrasında mühüm əhəmiyyət kəsb edəcək.

Daxil olundu: 14.11.2018 » Oxundu: 2122
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!