Yazdığı dərsliklərdən uzun illər boyu bəhrələnsəm də, hər yeni nəşr olunmuş kitabını hədiyyə alaraq oxuyub faydalansam da, onun – Buludxan Xəlilovun heç bir kitabı barədə bu günə qədər bir yazım olmayıb. Baxmayaraq ki, dərslikləri ixtisas fakültələrinin əsas dərslikləri sırasında ilk cərgələrdə, monoqrafiyaları tədqiqatçıların yazı masalarının ən əlçatan yerindədir! Hətta bu sətirləri yazarkən təəccübləndim də – bunun səbəbini düşündüm və deyəsən, tapdım. Yəqin ki, bunun səbəbi məhsuldar və çoxşaxəli elmi yaradıcılığı olan alimdən dilə – doğma ana dilinə aid daha yeni-yeni kitabları yazmağı ummaq olmuşdur. Oxucu ondan dil haqqında yazdıqlarından daha artığını gözləyirdi – dilin möcüzəsini çözməsini, dilin möcüzəsinin sirrini açmasını gözləyirdi. Və nəhayət, bu gözləntilər təmin olundu – bu günlərdə yeni bir hədiyyə aldım professordan – “Dilin möcüzəli imkanları”.
Kitabı oxuduqca, ilk sətirlərindən sonadək keçən əsas qızıl xətt gördüm – sevgi. Ancaq hansı sevgi?! Doğma ana dilinə olan sevgi. Buna vurğunluq da demək olar. Çünki yalnız doğma ana dilinə vurğun olan insanın qələmindən bu sətirlər çıxa bilər: “Azərbaycan dilində hər kəlməni, sözü sevmək, onun mənasını və mənalarını duymaq, hətta mövcud olma tarixinə baş vurmaq kəlmələrə, sözlərə olan sevgidir. Kəlmələrə, sözlərə olan sevgi bütövlükdə doğma ana dilinə – Azərbaycan dilinə olan sevgidir.”
Buludxan Xəlilov Azərbaycan dilinə olan sevgisini, diqqətini, qayğısını, tədqiqatçı həssaslığını bu günə qədər də yetəri qədər nümayiş etdirmişdir – onun ayrı-ayrı illərdə ardıcıl tədqiqatlarının nəticəsi olan “Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı” (1995), “Azərbaycan dilində ikihecalı fellərin fono-semantik inkişafı” (1996), “Fellərin ilkin kökləri” (1998), “Müasir Azərbaycan dilinin morfologiyası” (I,II cildlər; 2000, 2007, 2016), “Azərbaycan dili: dünən, bu gün” (2003), “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika” (2007; 2013), “Müasir Azərbaycan dilinin leksikologiyası” (2008), “224 qədim türk sözü” (2010), “Dil-söz çələngi” (2013), “Azərbaycan dili antologiyası” (2013), “Dil, ədəbiyyat, mədəniyyət” (2013), “Azərbaycan dili: milli varlığımız, mənəvi sərvətimiz” (2013), “Dil mədəniyyəti” (2016) və daha neçə-neçə kitabları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Bu silsilənin davamı olan “Dilin möcüzəli imkanları” isə doğma ana dili haqqında möhtəşəm simfoniyanın növbəti yüksək akkordlarıdır.
Buludxan Xəlilov ana dilini tədqiq etdikcə, araşdırdıqca, sirlərini açdıqca onun fəlsəfi mahiyyətinə varır – bu qədim möcüzənin həlli açarını tapır: “Dil – Azərbaycan dili tükənməyən bir möcüzədir. Bu möcüzə hər an, hər saat, hər gün bizimlədir. O bizim hər birimizin köməyinə çatır, hər birimizin xidmətindədir. Heç kəs ondan doymur, bezmir, əksinə hər dəfə ondan istifadə etməklə yenilənir, təzələnir, əhval-ruhiyyəsi dəyişir, həyat eşqi artır, inam və ümidi güclənir. Bunların hamısını dil, daha doğrusu, dilin möcüzəsi yaradır. İnsan ömrü boyu danışdığı doğma ana dilindən – Azərbaycan dilindən öyrənməli olur, ancaq hər şeyi öyrənib qurtara bilmir. İnsan ömrü boyu doğma ana dilindən – Azərbaycan dilindən, bu dildəki sözlərdən, kəlmələrdən saysız-hesabsız dərəcədə istifadə edir, ancaq həmin sözlər, kəlmələr onu yormur. İnsan yaşamaqdan doymadığı kimi, doğma ana dilində – Azərbaycan dilində danışmaqdan, yazmaqdan da doymur. Məhz möcüzə budur.”
Kitab dörd fəsildən ibarətdir. “Dilin möcüzəsi” adlanan birinci fəsildə müəllif “Dil – Azərbaycan dili tükənməyən bir möcüzədir”, “Dilə, dil quruculuğuna qarşı diplomatiya”, “Dil – Azərbaycan dili fərdlər arasında birlik yaradır”, “Vətənə, dilə aşiqlik, yaxud sevgi”, “Azərbaycan dili könül, ürək dilidir, həm də...”, “Azərbaycan dili aşiqlərin dilidir” kimi mövzuları əhatə edir. Buludxan müəllim sadə və aydın dillə dil möcüzəsinin sirrini oxucuya açıqlayır, dünyada heç bir möcüzənin onunla müqayisə edilmədiyini, xalqın, xalqın hər bir fərdinin keçmişinin, bu gününün və gələcəyinin ana dilini sevməkdən asılı olduğunu göstərir.
Kitabın ikinci fəsli “Azərbaycan dilinin izdivac, ixrac və idxal imkanları” adlanır və bu fəsildə müəllif “Azərbaycan dilinin izdivac və idxal prosesinə reaksiyası”, “Azərbaycan dilinin izdivac və idxal prosesində gücü”, “İzdivac və idxalın Azərbaycan dilini zənginləşdirməsi”, “Azərbaycan dilinin milli təməllərinin izdivac və idxal prosesində qorunması”, “Azərbaycan dilinin izdivac və idxal prosesində imkanları” məsələlərini araşdırmışdır.
Dil cəmiyyətdə mövcuddur, bu səbəbdən cəmiyyətdə gedən ictimai-siyasi, elmi, mədəni, iqtisadi, sosial dəyişmələr dildən yan keçmir, onu dəyişir. Müəllifin çox dəqiq müşahidə etdiyi kimi, bu, dilin mövcud olan reallıqlara diqqətidir: “Belə diqqət olmazsa, onda dil reallıqlardan kənarda qalar. Nəticədə dövrün reallıqları ilə bağlı olan anlayışları ifadə edən sözlər dilin lüğət tərkibində özünə yer ala bilməz və konkret tarixi dövrlər dilə iz sala bilməz”.
“Dil və ədəbiyyat dərslərinin tədrisi ilə bağlı bəzi məsələlər” fəslində “Dil və ədəbiyyat dərslərinin tədrisində mövcud problemlər” və “Sovet dövrü ədəbiyyatının tədrisindəki problemlər” kimi aktual və problematik məsələlər araşdırılır. Burada Buludxan Xəlilov alim-müəllim səriştəsi ilə gənc nəslin milli vətənpərvərlik ideologiyası ilə yetişməsində müstəsna əhəmiyyəti olan ana dili və ədəbiyyat dərslərinin tədrisi zamanı qarşıya çıxan problemlərin bir qisminin ailələrdə mövcud olan dil mühitindən, uşaqların ailədə dil mühitinə qoşula bilməməsindən, bir qisminin isə uşaqların elektron resurslardan düzgün istifadə etməməsindən, elektron resurslarda uşaqların yaş səviyyəsinə uyğun ədəbi-bədii materialların az olmasından (yaxud heç olmamasından) qaynaqlandığını qeyd edir. Bütün bu çatışmazlıqlar, təbii olaraq, uşaqların dil və ədəbiyyat bilgilərinin, həmçinin dil və ədəbiyyat zövqünün səviyyəsini aşağı salır. Hələ məktəbəqədər yaş dövründən başlanan bu proses məktəb illərində və daha sonrakı dövrlərdə öz acı nəticələrini göstərir.
Müəllif vəziyyətdən çıxış yollarını da göstərir: bunun qarşısını almaq, bu problemi həll etmək üçün uşaqların yaş səviyyəsinə uyğun olan müxtəlif mövzulu ədəbi-bədii materiallar elektron resurslarda özünə yer alarsa, bu, uşaqların dil və ədəbiyyat zövqünün formalaşmasına yardımçı vasitələrdən biri olar. Bu problemin həlli yolunda ikinci bir addım isə, dil və ədəbiyyat müəllimlərinin öz işini yeni istiqamətdə qurmasının zəruriliyidir.
Buludxan Xəlilov Sovet dövründə yaranmış ədəbi-bədii nümunələrin tədrisi prosesinə də öz obyektiv münasibətini bildirir, bu ədəbi nümunələrin tədrisdən tamamilə çıxarılması fikrinə qarşı çıxır, onun yaxşı və pis tərəflərini bir-birindən ayırd etməyi, yaxşı cəhətlərini təbliğ etməyi, pis cəhətlərini isə ibrət dərsinə çevirməyi təklif edir.
Kitabın “Dilin praktik və mövcud imkanlarını pozmaq olmaz” başlıqlı dördüncü fəslində “Millətə və dilə sevgi nümunəsi”, “Dildən əcnəbi sözləri, oturuşmuş sözləri çıxarmaq olarmı?”, “Dilə yersiz müdaxilə olmaz” yarımfəsillərində dilin lüğət tərkibində minillər ərzində özünə yer etmiş, vətəndaşlıq hüququ qazanmış sözlərin dildən çıxarılması iddiaları tənqid olunur, dil öz imkanları ilə nəyi əldə etmişsə, onların hər birinin qorunub yaşadılmalı olması xüsusi vurğulanır. Müəllif bu fəsildə də çıxış yolları göstərir: “...ilkin mərhələdə dilimizin nüfuzunu artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq. Düzgün danışmaq və yazmaq hər bir vətəndaşın borcudur. Ancaq etiraf edək ki, bu məsələdə ziyalıların, xüsusilə də şair və yazıçıların öhdəsinə daha böyük yük düşür.”
Buludxan Xəlilov dilçi-alim həssaslığı ilə dünya dillərinin, o cümlədən Azəraycan dilinin narahatlıq doğuran ciddi problemlərindən birinin də dil mədəniyyəti qaydalarının pozulması ilə bağlı olduğunu yazır. Şifahi və yazılı ədəbi dildə özünü daha çox göstərən pozulma hallarına qarşı biganə qalmaq olmaz. Çünki biganəlik, laqeydlik dil qaydalarının kütləvi pozulmasına səbəb olacaq, bunun qarşısı zamanında alınmazsa, dilin taleyi, dilin mövcudluğu təhlükə ilə üzləşər. Bu cür təhlükənin meydana çıxmaması üçün dili onun hər bir daşıyıcısı qorumalıdır.
“Dilin möcüzəli imkanları” kitabının məxsusi özəlliklərindən biri də burada dil faktlarının bədii-poetik örnəklərlə dolğunlaşdırılmasıdır. Müəllif müxtəlif söz sənətkarlarının yaradıcılığından nümunələr verməklə əsəri daha oxunaqlı etmiş, dilin möcüzəsinin bədii sözün qüdrətində inikas etdiyini bir daha sübut etmişdir.
Buludxan Xəlilovun bu kitabı bütövlükdə yüksək elmi səviyyəsi, doğma ana dilinə sonsuz məhəbbəti ilə səciyyələnir, dərin təhlilləri və fəlsəfi məzmunu ilə aktuallıq kəsb edir. Azərbaycan dilinin fəlsəfi mahiyyətinin dərk olunmasında, dilimizdəki kəlmələrin anlamlarının açılmasında, doğma ana dilimizə sevgi və qayğı göstərilməsinin təbliğində belə yüksək səviyyəli əsərlərə böyük ehtiyac var.
Dilimizin yorulmaz tədqiqatçısı Buludxan Xəlilova bundan sonrakı fəaliyyətində uğurlar diləyir, yeni-yeni əsərlərini gözləyirik.

Sevinc Sadıqova
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daxil olundu: 02.11.2019 » Oxundu: 2724
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!