Daşkəsən Uşaq Gənclər İdman-Şahmat məktəbi uzun illərdir ki, fəaliyyət göstərir. Rayonun tanınmış idman müəssisələrindən olan bu məktəbdə idmanın müxtəlif növləri üzrə məşqlər aparılır. Şagirdlər daha çox idmanın yunan-Roma güləşi, voleybol, stolüstü tennis və şahmat bölmələrinə maraq göstərirlər. Məktəbə artıq 13 ildir ki, Mübariz Mürsəlov rəhbərlik edir.
Mübariz Mürsəlov 1961-ci ildə Qərbi Azərbaycanda dünyaya gəlib. Orta təhsilini doğulduğu məkanda aldıqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. 1983-cü ildə ali təhsilini ağırlıq qaldırma ixtisası üzrə bitirərək Gəncə şəhər 28 saylı tam orta məktəbdə bədən tərbiyəsi müəllimi və bədən tərbiyəsi rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 1991-ci ildə Təhsil Respublika İdman mərkəzinin Gəncə filialında direktor müavini işləyib. 2002-2004-cü illərdə bu filialın direktoru vəzifəsində çalışıb. 2009-cu ildən isə Daşkəsən UGİŞM-nin direktorudur.
Hazırda Daşkəsən Uşaq Gənclər İdman-Şahmat məktəbində 24 məşqçi-müəllim çalışır. Onların arasında idman sahəsində öz sözünü demiş titullu məşqçi-müəllimlərdən fəxri bədən tərbiyəsi və idman işçisi Tahir Məmmədov, ağırlıq qaldırma üzrə (VSPS) Dünya və Avropa çempionu Xəqani Abdullayev, voleybol bölməsi üzrə məhqçi-müəllim Səlim Abbasov, şahmat bölməsi üzrə məşqçi-müəllim Elxan Bağırov və digərləri də vardır.
Məktəbdə 45 qrup üzrə 532 şagird idmanın müxtəlif sahələri üzrə məşğul olur. Məktəbin yetirmələri müxtəlif zona və respublika turlarında fəal iştirak edir və nümunəvi yerlərə layiq görülürlər.
Məktəbin direktoru Mübariz müəllim deyir: «Məktəbimizdə peşəkar idmançıların yetişməsi üçün hər cürə şərait yaradılıb. Təcrübəli məşqçi-müəllimlər şagirdlərə seçdikləri idman növünün bütün incəliklərini dərindən mənimsəmələri üçün bütün səy və bacarıqlarını sərf edirlər. Məhz bu məsuliyyətin nəticəsidir ki, məktəbimizin yetirmələri respublikada keçirilən yarış və turnirlərdə uğurlu nəticələr əldə edirlər. İdmançılarımızın milli vətənpərvərlik ruhunda yetişmələrinə müəllimlərimiz diqqətlə yanaşırlar. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə hər birimizin milli qürur hissini daha da artırıb. İşğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızın fəxarət hissini yaşamağımız idman sahəsində də qələbəyə olan arzu və istəyimizə sanki bir təkan oldu. Bu gün hər birimiz bu möhtəşəm qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad etməli, sağlamlıqlarını itirmiş qazilərimizə və igid döyüşçülərimizə minnətdar olmalıyıq. Vətənimizin hər qarışında dalğalanan mübarək bayraqlarımız həm də hər hansı yarışda qələbə qazanmış idmançıların şərəfinə qaldırılır. Bu sevinci bizə yaşadan isə yalnız qələbədir. Ona görə də bizim idman məktəbində şagirdlərin qələbə əzminin yüksək olmasına xüsusi diqqət yetirilir. Bəlkə elə bunun nəticəsidir ki, son dövrlərdə məktəbimizin yetirmələri müxtəlif yarışlarda daha çox uğur əldə edib, daha çox qələbə qazanıblar. Biz həm də unutmuruq ki, idman həmçinin insanın sağlamlığına xidmət edən ən vacib vərdişlərdən biridir. Sağlam bədən isə, sağlam ruh deməkdir».

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 29.04.2022 » Oxundu: 704
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!