Akademik Kamal Abdullanın Azərbaycan ədəbiyyatına üç ölməz roman bəxş etməsindən yazmaq istəmirəm. Azərbaycan nəsrinə intellektual zənginlik gətirən çoxsaylı hekayələri də başqa və geniş bir mövzudur. Şeirləri, pyesləri, esseləri fəlsəfi-bədii yaradıcılıq zirvəsinə qalxmış əsərlər olsa da, indi onlardan da danışmayacağam. Kamal Abdullanın dilçi alim kimi Azərbaycan dilinin sintaksisinə verdiyi töhfələri də professional dilçilər daha yaxşı qiymətləndirə bilər.

***
Mən bu yazıda ustadım Kamal Abdullanın çoxşahəli və istiqamətli yaradacılığının başqa bir möhtəşəm qolundan söz açmaq, bu barədə düşüncələrimi bölüşmək istəyirəm. İndi Kamal Abdulla məni qorqudşünas alim kimi özünə cəlb edir. “Kitabi-Dədə Qorqud” dastanını dərindən dərin tədqiq edən, qorqudşünaslığı yeni elmi üfüqlərə yüksəldən Kamal Abdulla elə təkcə “Dədə Qorqud dastanı” haqda yazdıqlarını yazmış olsaydı, Azərbaycan filoloji fikir tarixində özünəməxsus yeri olacaqdı. Özü də təkcə Azərbaycan filoloji fikir tarixində deyil, ədəbi-bədii fikir tarixində öz dəst-xətti olan alim kimi adını ədəbiyyat tarixinə yazdıracaqdı.

***
Kamal Abdullanın “Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlarını üç qismə bölmək olar:

1. Dastana dilçi alim kimi yanaşmasından ortaya çıxan dəyərli tədqiqatlar,
2. Dastanın dərindəki, gizli qatlarını öyrənən gizli “Dədə Qorqud” silsiləsi,
3. Dastanın poetikasının immanent çözümünü verən istiqamət.

Bəri başdan qeyd etmək istərdim ki, yuxarıda adı çəkilən istiqamətlər “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsini beynəlxalq bir proyekt kimi də ön plana çəkir, dastanın digər dünya dastanları ilə müqayisədə öyrənilməsini şərtləndirir. Bu gün əgər “Kitabi-Dədə Qorqud” dastanını türkoloqlarla yanaşı, germanistlər, romanistlər, slavistlər də öyrənirsə, bu birbaşa Kamal Abdullanın əvəzsiz xidmətnin nəticəsidir.

***
Gizli “Dədə Qorqud” istiqaməti “Gizli Dədə Qorqud”, “Sirr içində dastan, yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya, yaxud Gizli Dədə Qorqud” kimi bir-birini tamamlayan monoqrafiyalarda öz əksini tapmışdır. Bu monoqrafiyaları müşayiət edən çoxsaylı məqalələri, ölkədə və xaricdə elmi konfranslarda səsləndirilən məruzələri də nəzərə alsaq, ““Gizli Dədə Qorqud” istiqaməti qorqudşünaslığın artıq möhtəşəm bir qolunu təşkil edir” fikrinə gəlib çıxarıq.
Məlumdur ki, dastanın öyrənilməsi 1815-ci ildən başlayır. İlk dəfə alman alim Fridrix Fon Dits dastanın bir boyunu (“Basatın Təpəgözü məğlub etdiyi” boyu) almanca nəşr edərək ona dəyərli bir ön söz yazmışdı. Ondan sonra bu günə qədər dastanın dil qatı, mifoloji qatı, üslubi qatı, fəlsəfi qatı ilə bağlı bir çox tədqiqatlar aparılmışdı. Fridrix Fon Dits, Ettore Rossi, Bartold, V.Jirmunski, N.Kononov, Fuad Köprülüzadə, Həmid Araslı, Məmməd Hüseyn Təhmasib, Əli Sultanlı, Ədbüləzəl Dəmirçizadə, Orxan Şaiq Kökyay, Məhərrəm Ergin, Vaqif Aslanov, Fərhad Zeynalov, Samət Əlizadə, Tofiq Hacıyev, Şamil Cəmşidov, Kamil Vəli Nərimanoğlu və başqaları bu dastanın ən ciddi tədqiqatçıları sırasındadır. Kamal Abdulla özünəməxsus yanaşması ilə bu tədqiqatların hər birini öz içində ehtiva edərək indiyədək hərtərəfli şəkildə öyrənilmiş sayılan bu dastana tamam yeni aspektdən baxa bilmiş, bu sahədə yeni konseptual yanaşmanın bünövrəsini ortaya qoymuşdur. “Dədə Qorqud” dastanının öyrənilməsi məhz Kamal Abdullanın “boşluqları doldurma” prinsipi ilə tamamlanmış və yenilənmişdir. Kamal Abdullanın yanaşması dastanın dərin qatlarındakı informasiyanın hesabına gizlinləri aşkar etmiş, həm dil-üslub, həm fəlsəfi, həm də məzmun planında bir çox əlçatmaz mətləbləri üzə çıxarıb onların hermenevtik izahını vermişdir.
Beyrəyin taleyi ilə bağlı məqamın izahı, Təpəgözün sirlər dünyasının açılması, dastandakı bir sıra hüquqi və etik yasaqların çözülməsi bu qəbildəndir.
“Gizli Dədə Qorqud” silsiləsi dastanların tədqiqatı ilə məşğul olan mütəxəssislər – dilçilər, ədəbiyyatçılar, filosoflar üçün qiymətli və əvəzsiz bir elmi vəsaitdir. Bitkin konseptual əsasa malik dəyərli monoqrafik tədqiqatdır.

***
Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” tədqiqatlarının ikinci istiqaməti dastanın poetikası ilə bağlı çalışmalarıdır. Bu çalışmaların nəticəsi kimi ərsəyə gələn ““Kitabi-Dədə Qorqud”un poetikasına giriş” adlı monoqrafiyasında Kamal Abdulla yenə də özünə sadiqdir.
Özündən əvvəlki araşdırmaçıları qətiyyən təkrar etmədən öz orijinal yanaşması və dəsti-xətti ilə Kamal Abdulla dastanın əsl, immanent poetik strukturunu aça bilmiş, dastanın mifoloji və sonrakı yazılı mərhələlərdə özünü hansı elementləri ilə göstərməsini məharətlə çözmüşdür. Bu çözüm, əslində, dastanın dərin tarixi qatlarının üzə çıxmasını təmin edir və bu hal gəlişigözəl sözlər səviyyəsində deyil, dərin semiotik, komparativistik, semantik, struktur yanaşmalar nəticəsində özünü göstərir. Dədə Qorqud şəxsiyyəti, dastanın formalaşma məkanı, mağara mədəniyyəti və başqa semioloji məqamların müəllif tərəfindən bu çərçivədə, yəni poetik müstəvidə öyrənilməsi və öyrənilmə obyektinə çevrilməsi Kamal Abdullanın bir tədqiqatçı kimi böyük xidmətidir. “Dədə Qorqud”un poetikasına giriş” monoqrafiyası bir çox gənc mütəxəssislərə dastanın adekvat öyrənilməsi işində çox ciddi oriyentirlər vermiş və verməkdədir. Əsərin ideyaları və fikirləri qorqudşünaslığı hələ uzun illər zənginləşdirəcəkdir.

***
Biz Kamal Abdullanın “Dədə Qorqud”la bağlı apardığı tədqiqatların iki istiqamətindən söz açdıq. Onun professional dilçi alim kimi bu dastanla bağlı yazdığı dissertasiya və məqalələr isə xüsusi və ayrı bir söhbətin mövzusudur. Ama məsələnin bir tərəfi də var. “Dədə Qorqud” mövzusu Kamal Abdulla yaradıcılığında bununla da tamamlanmır. Kamal Abdulla dünyanı dolaşan “Yarımçıq əlyazma” romanında, “Casus”, “Beyrəyin taleyi” kimi pyeslərində, şeirlərində, esselərində Dədə Qorqud dünyasına dönə-dönə qayıdır, onu yeni boyalarla zənginləşdirir, bu dünyanın yeni-yeni çalarlarını kəşf edir, üzə çıxarır. Əlbəttə, bizə də sevinmək qalır ki, azərbaycanlı müasirimiz akademik Kamal Abdulla dünya qorqudşünas alimləri ilə birlikdə addımlayır. Sadəcə onlarla bir sırada yox, önündəkilərlə bərabər gedir, desək də, səhv etmərik. Böyük ustad, Qorqudşünaslıq məktəbinə yeni və orijinal yanaşmalar gətirən Kamal Abdullanın “Dədə Qorqud” dərsləri davam edir.

Elçin İbrahimov
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutu
"Türk dilləri" şöbəsinin müdiri

Daxil olundu: 05.12.2018 » Oxundu: 2256
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!