AMEA Şəki Regional Elmi Mərkəzi Şəki Zona Elmi Bazası kimi 1972-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Fizika İnstitutunun nəzdində yaradılmışdır. Bu müəssisənin yaradılmasında məqsəd Şəki-Zaqatala iqtisadi rayonunun sənaye və kənd təsərrüfatını daha da inkişaf etdirmək, elmin qabaqcıl nailiyyətlərini istehsalata tətbiq etməklə səmərəliliyi artırmaqdan ibarət idi. 1995-ci ildə Akademiyanın Rəyasət Heyətinin növbəti qərarına əsasən Şəki Zona Elmi Bazasına Şəki Regional Elmi Mərkəzi statusu verilmişdir.
Əldə etdiyi mühüm elmi nəticələrə və həyata keçirdiyi innovativ layihələrə görə AMEA Şəki Regional Elmi Mərkəzi bu gün Akademiyanın öndə gedən qurumlarından biridir. Hazırda Elmi Mərkəzdə 90 nəfərə yaxın elmi və texniki işçi çalışır. Onlardan 3 nəfəri elmlər doktoru, 10 nəfəri fəlsəfə doktorlarıdır. Mərkəzdə yarandığı dövrdən bugünədək 200-dən çox elmi məqalə, 40-dan yuxarı kitab çap olunmuş, 17 patent əldə edilmişdir.
Elmi Mərkəzdə 8 şöbə fəaliyyət göstərir. Şöbələrin fəaliyyət istiqamətlərinə görə yeni adları Landşaftşünaslıq, Ekoloji coğrafiya, Bitkilərin biokimyası, Molekulyar biofizika, Tut ipəkqurdunun seleksiyası, Bitkilərin genofondu və biomüxtəliflik, Folklorşünaslıq və el sənətləri, Tarixi irs və etnoqrafiyadır.
Mərkəzə Yusif Şükürlü rəhbərlik edir.
Görkəmli fizik-alim, pedaqoq, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü 27 oktyabr 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbini bitirərək, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə daxil olub.
1971-ci ildə ali məktəbi bitirdikdən sonra Qəbələ rayonu Tola kənd məktəbində və Qəbələ qiyabi orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris edib. 1973-1974-cü illərdə isə Tola kənd məktəbində tədris işləri üzrə direktor müavini işləyib. 1974-cü ilin avqustundan Şəki şəhər Texniki Peşə məktəbində fizika müəllimi kimi çalışan alim 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ilin noyabrında AEA Şəki Regional Elmi Mərkəzinə laborant vəzifəsinə təyin olunub. Y.Şükürlü akademiyanın Rəyasət Heyətinin qərarı ilə 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutuna keçirilib, 1987-ci ilə qədər orada kiçik elmi işçi, 1987-1990-cı illərdə baş elmi işçi vəzifələrində işləyib.
Fizik-alim 1990-2008-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində Biofizika laboratoriyasına rəhbərlik edib, həmçinin 26 noyabr 2002-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının dosenti, müdiri vəzifələrində çalışıb. O, AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixli qərarı ilə Şəki Regional Elmi Mərkəzin direktoru vəzifəsinə təyin edilib.
Yusif Şükürlü 1984-cü ildə “Fibrionin molekul və ifrat-molekul quruluşuna selenin təsiri” mövzusunda fizika-riyaziyyat üzrə fəlsəfə doktorluğu üzrə dissertasiya işini müdafiə edib. Həmçinin “Quruluş zülallarının fiziki xassələrinin məqsədyönlü dəyişdirilməsinin molekulyar-kinetik mexanizmləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırıb.
Alim çap olunmuş 70-ə yaxın elmi əsərin, o cümlədən 5 müəlliflik şəhadətnaməsi, 3 SSRİ patentinin müəllifidir. 2006-cı ildə “Quruluş zülalları” monoqrafiyası, 2008-ci ildə “İşığın dispersiyası”, 2017-ci ildə “Fizika kursu” adlı dərs vəsaitləri çap olunub. O, Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) Azərbaycan üzrə koordinatoru və BACSA-nın icraiyyə komitəsinin üzvüdür.
Yusif müəllim Elmi Mərkəzin uğurlu fəaliyyətindən söz açaraq dedi ki, Mərkəz beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də bir sıra nailiyyətlərə imza atıb. Belə ki, Bolqarıstan Aqrar Universiteti ilə hər iki ölkə arasında aqrar təsərrüfatda fundamental və tətbiqi tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. ŞREM-lə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik Təcrübə-Sınaq Stansiyası arasında 2016-2020-ci illər üçün elmi-texniki əməkdaşlıq haqqında müqavilə bağlanıb. Mərkəzin əməkdaşları Bolqarıstan, Rumıniya, Türkiyə, Rusiya və digər ölkələrdə keçirilən 16 konfransda iştirak ediblər, onların konfrans materiallarında çoxlu sayda tezisləri çap olunub.
Elmi Mərkəzdə müxtəlif mövzulu kitablar çap edilir. Onlardan biri də tərcüməsi və tərtibçisi Firəngiz Əsgərzadə olan «Qriboyedov və Şərq» kitabıdır. Kitab AMEA Şəki Regional Elmi Mərkəzin Elmi Şurasının iclasında nəşrə tövsiyə olunmuşdur.
Kitabın redaktoru Yusif Şükürlüdür. Annotasiyada da deyildiyi kimi, kitabda XIX əsr rus ədəbi və ictimai-siyasi fikrinin görkəmli nümayəndəsi, «Ağıldan bəla» kimi cahanşümul əsərin müəllifi Aleksandr Sergeyeviç Qriboyevdovun Şərqlə bağlı ictimai-siyasi görüşləri və diplomatik fəaliyyəti öz əksini tapmışdır. Dahi rus yazıçısı və diplomatının ömür yolunun keşməkeşlərinin obyekiv öyrənilməsi ilə yanaşı bu əsər erməni müəllifin qələmində Qarabağın tarixi və qədim Azərbaycan torpaqları olması və ermənilərin bu torpaqlara köçürülməsi – A.S.Qriboyedovun ömür yolu fonunda tarixi faktlarla, maraqlı və qiymətli arxiv materialları ilə sübut olunur.
Əsər A.S.Qriboyedovun həyat və fəaliyyətinin Şərq konteksti ilə yanaşı, Qarabağ tarixini, erməni siması və məkrini, həmçinin Rusiya İmperiyasının ermənilərə havadarlığını öyrənmək baxımından politoloqlar, tarixçilər, ədəbiyyatşünaslar, dilçi-toponimçilər üçün qiymətli bir mənbədir.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 10.04.2020 » Oxundu: 1899
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!