Göygöl Heyvandarlıq Elmi-tədqiqat institutunun direktoru Mahir Hacıyev 1969-cu ildə dünyaya göz açıb. 1993-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. Elə o vaxtdan hazırda rəhbərlik etdiyi müəssisədə çalışır. 2017-ci ildən müəssisəyə direktor təyin olunub. Mahir Hacıyev 2004-cü ildən aqrar elmləri üzrə fəlsəfə doktorudur.
Müəssisənin inzibati binası beynəlxalq standartlara uyğun şəkildə tikilərək istifadəyə verilib. Bu isə görülən işlərin keyfiyyətinə müsbət təsir göstərir. Müəssisə haqqında ətraflı məlumat verən Mahir müəllim deyir: «1930-cu ildən fəaliyyət göstərən Göygöl Heyvandarlıq Elmi-tədqiqat institutunun təməli əslində 1926-cı ildən qoyulub. Belə ki, Azərbaycan hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Göygöl rayonundan 3 km aralı ərazidə Səməd ağa Ağamalıoğlu, Dadaş Bünyadzadə, Teymur Hüseynov, İvan Kalugin, Sergey Smirnov və digərlərinin iştirakı ilə heyvandarlıq elmi ocağı yaradılıb. Dörd il sonra isə həmin alimlərin iştirakı ilə heyvandarlıq elmi ocağın bazasında heyvandarlıq təcrübə stansiyası fəaliyyətə başlayıb və bununla da Azərbaycan Elmi-tədqiqat institutunun əsası qoyulmuşdur.
1944-1949-cu illərdə stansiyaya rəhbərlik edən professor Firuz Məlikov gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu almasının konkret konsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq Təcrübə Stansiyasının bazasında Azərbaycan Elmi-Tədqiqat İnstitutu yaradıldı. İnstitut 1979-cu ildən akademik Firuz Məlikovun adını daşımışdır. Bu müddət ərzində institutda 4 akademik, 16 elmlər doktoru və 156 elmlər namizədi çalışmışdır. Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tarixli Fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin sisteminə daxil edilmiş və bilavasitə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir».
Heyvandarlıq Elmi Tədqiqat İnstitutu bir elmi müəssisə kimi yarandığı gündən heyvandarlığın müxtəlif sahələri üzrə aktual problemlərin elmi izahının verilməsi kimi məsələlərlə məşğul olur. Aparılan elmi tədqiqat işlərinin istiqaməti heyvanların yetişdirilməsi və genetika üzrə tədqiqatların aparılması; kənd təsərrüfatı heyvanlarının təkrar nəsilvermə və biotexnologiyaları üzrə (heyvanlarda süni mayalanma və embiron köçürmə texnologiyası, təkrar nəsil vermənin biotexnoloji üsulları və heyvanların genetik təkmilləşdirilməsi); heyvandarlıqda yüksək texnologiyalar və istehsalat sistemləri; heyvan üçün yemlərin hazırlanması və yemləndirilməsi, yemlərin kimyəvi-mineral tərkibinin öyrənilməsi və bu sahənin heyvandarlıqda tətbiqi; südlük və ətlik qaramal cinslərinin məhsuldarlıq göstəricilərinin artırılması; heyvandarlıq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və məhsulun sertifikatlaşdırılması; tut bitkisinin genofondunun mühafizəsi və ondan səmərəli istifadənin texnologiyasının işlənməsi; Respublikamızın iqliminə və sənaye yemləməsinə uyğun məhsuldar tut ipəkqurdu hibridlərinin yaradılması və sınağı; arı populyasiyalarının məhsuldarlığının artırılması; genetik potensialın öyrənilməsi və s.dir.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 31.05.2019 » Oxundu: 1774
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!