Oktyabrın 10-dan sonra humanitar atəşkəsə riayət etməyən ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və son həftədə də bir sıra yaşayış məntəqələrimiz, o cümlədən Hadrut qəsəbəsi və Füzuli şəhəri işğaldan azad edildi.

Düşmən bir daha hər pozduğu atəşkəsin yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi demək olduğunu anladı. Bu səbəbdən erməni tərəfi yenidən ağ bayraqla atəşkəs istədi.

Azərbaycan humanitar atəşkəsə yenə də sadiqdir. Və hazırkı humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan humanitar atəşkəsin davamıdır.

Azərbaycan tərəfi yenidən humanistliyini nümayiş etdirərək Ermənistan tərəfinə çirkin əməllərindən geri çəkilməyə şans verir. Ordumuzun torpaqlarımızın azad olunması istiqamətində irəliləməsinə baxmayaraq, Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa və Azərbaycana qarşı işğala son qoymağa çağırır.

Hərb və diplomatiya meydanında mərdliklə döyüşən Azərbaycanı hər iki meydan - həm hərb, həm də diplomatiya meydanı qələbəyə aparır. Çünki bizim üçün torpaqlarımızın işğaldan azad olunması, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması prinsipi dəyişməzdir.

Gəncədə və digər şəhərlərimizdə, eləcə də cəbhəyanı zonalara yaxın ərazilərdə yaşayan mülki əhali düşmən tərəfindən mütəmadi atəşə tutulsa da, bu bölgələrdəki insanlar sarsılmayıb, əksinə, mübarizə əzmləri daha da yüksəlib. İstənilən şərtlərdə vətəndaşlarımız Prezident, Ali Baş komandan İlham Əliyevin hər bir qərarının arxasında mərdcəsinə birləşib və onun taktiki düşünülmüş addımlarını dəstəkləyir.

Bu gün bütün Azərbaycan “Qarabağ Azərbaycandır!” şüarı altında Prezident, Ali Baş komandan ətrafında səfərbər olub. Danışıqlar masasında və hərb meydanında bütün addımların “Qarabağ Azərbaycandır!” şüarı naminə atıldığına əmindir.

Ötən illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədiyindən, ermənilar işğal etdikləri torpaqlarımızdan çıxmaq əvəzinə Azərbaycana qarşı hərbi təxribatlara davam etdiyindən, yaşayış məntəqələrimizi, dinc sakinlərmizi mütəmadi atəşə tutduqlarından ordumuz sentyabrın 27-dən əks-hücum və sülhə məcburetmə əməliyyatlarına başlayıb. Ali Baş komandanın rəhbərliyi ilə xilaskar Azərbaycan Ordusu bu gün öz doğma torpaqlarımızı işğalçılardan azad etməkdədir. İşğalı davam etdirən, danışıqlar prosesində sülhün bərqarar olmasına zidd əsassız şərtlər irəli sürən işğalçı Ermənistana qarşı bu gün Azərbaycan tək bir şərt irəli qoyub - torpaqlarımızdan çıxsın və qarşıdurma dayansın.

Oktyabrın 10-da həlak olan hərbçilərin meyitlərinin və hərbi əsirlərin tərəflər arasında dəyişdirilməsi məqsədi ilə cəbhə zonasında humanitar atəşkəs haqqında razılıq əldə olunsa da, Ermənistan tərəfi humanitar atəkəsin tələblərini pozaraq oktyabrın 11-də müharibə zonasından tamamilə uzaqda olan Gəncədə heç bir hərbi infrastrukturun olmadığı yaşayış məntəqələrinə, dinc əhaliyə raket zərbələri endirdi.

Azərbaycan Prezidenti, Ali Baş komandanın bəyan etdiyi kimi, Azərbaycan əsgəri heç bir zaman dinc sakinləri hədəf almayıb. Bu səbəbdən erməni tərəfində heç bir yaşayış məntəqəsi, dinc sakin Azərbaycanın hərbi hücumuna tuş gəlməyib. Çünki Azərbaycan Ordusu xilaskarlıq missiyası yerinə yetirir. Bu gün bu xilaskarlıq missiyası torpaqlarımızın işğaldan, əsarətdən azad edilməsinə və həmin torpaqlara həyat qaytarmağa, həmin bölgənin sakinlərinin nəhayət ki, öz yurd-yuvasına qayıtması və sülh şəraitində yaşamasına yönəlib.

Bu gün Azərbaycan xalqı Prezident, Ali Baş komandanın ətrafında və onun rəhbərliyi ilə aparılan torpaqların işğaldan azad olunması, sülhün bərqərar edilməsi missiyası ətrafında birləşib.

Bu gün hərb meydanında məğlub olan, ağ bayraq qaldıran Ermənistan tərəfi bütün hirsini Gəncədə və cəbhədən kilometrlərlə uzaq digər şəhərlərimizdə gecə evində yatan dinc sakinlərdən çıxır. Və bu da bir daha Ermənistanın acizliyini və terrorçu mahiyyətini sübut edir, erməni faşizmini nümayiş etdirir.

 

Daxil olundu: 18.10.2020 » Oxundu: 642
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!