Azərbaycan Gənclər Fondunun elan etdiyi XII Qrant müsabiqəsində “Ali təhsil alan gənclərin elmi tədqiqat bacarıqlarının artırılması” adlı qalib olmuş layihənin 3-cü təlimi 19.12.2019-cu il tarixində Lənkəran şəhərində baş tutdu. Lənkəran Dövlət Universitetində keçirilən tədbirdə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədr müavini, eyni zamanda layihənin rəhbəri dosent Ruslan Abdullayev layihə haqqında geniş məlumat verdi və Gənclər Fonduna, Lənkəran Dövlət Universitetinin kollektivinə öz təşəkkürünü bildirdi. O, öz çıxışında layihənin məqsədinin Azərbaycan ali təhsil ocaqlarında təhsil alan gənclərimizdə elmə marağı artıraraq onları müxtəlif elm sahələrində araşdırmalara sövq etmək olduğunu vurğuladı.
Sonra dosent Rəşad Səlimov təlimdə iştirak edən müəllim kollektivini, gəncləri salamlayaraq öz təqdimatına başladı. Təlimdə tədqiqatçı üçün zəruri xüsusiyyətlər, elmi tədqiqatın aparılması mərhələləri, elmi məqalələrin yazılması, “google scholar” dan istifadə, “Clarivate Analytics (Thomson Reuters)” agentliyinin “Web of Science” –da axtarış imkanları, “Keyfiyyətli jurnalı yırtıcı jurnallardan necə ayırmalı?”, “Beynəlxalq jurnalların tələbləri və ona uyğun məqalə yazmaq”, “Məqalələrin dəqiq xülasəsinin hazırlanması” və “Köməkçi vasitələrdən istifadə (EndNote)”, elmi tədqiqat zamanı İKT vasitələrindən səmərəli istifadə, akademik karyeranın üstünlükləri, akademik karyera qurmaq üçün nə etməliyik, və s. bu sahədə baş verən yeniliklər onların tətbiqi kimi məsələlər gündəmə gətirildi. Platformada tədqiqatçı profilinin yaradılmasının önəminə toxunan dosent Rəşad Səlimov bu cür profillərin peşəkar akademik cəmiyyətə inteqrasiya üçün önəmli vasitə olduğunu və istifadəçilərə bir çox imkanların təmin edildiyini qeyd etdi. Bundan sonra layihə iştirakçıları onları maraqlandıran suallarla öz müraciətlərini dosent Rəşad Səlimova bildiriblər.
Yekunda layihə rəhbəri iştirakçılara təlimlərdə fəal iştirak etdikləri üçün təşəkkür edərək onlara uğurlar arzu etdi və təlim iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirildi.

Kriteri.az

Daxil olundu: 20.12.2019 » Oxundu: 1615
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!