Aydın həqiqətdir ki, 44 günlük Vətən müharibəsi mövzusu bu gün Azərbaycan oxucusunun maraq və diqqətini daha çox cəlb edir. Ordumuzun qələbəsi, vətənin 30 il işğal altında qalmış torpaqlarının azad edilməsi ilə nəticələnmiş bu müharibə haqqında yazmaq, yaxud oxumaq şairdən alimə, publisistdən yazıçıya, əsgərdən siyasətçiyə, bir sözlə desək, hər vətəndaşımız üçün əhəmiyyətlidir. Bu mövzunun ölkəmizin hüdudlarından kənarda da uzun müddət təhlil və tədqiqat, eləcə də mütaliə obyekti olacağına heç bir şübhə ola bilməz. II Qarabağ müharibəsi ilə bağlı əsərlər yazılır və hələ çox yazılacaq. Onları sayıb seçmək, elmi və ya bədii dəyərinə görə təsnif etmək, dəyərləndirmək də, hesab edirəm, vacibdir.
Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” (Bakı-2025, 466 cəh.) kitabı diqqətimi, hər şeydən əvvəl, adındakı “siyasi paralellər” ifadəsi ilə cəlb etdi. Siyasi paralel iki və daha artıq hadisə, siyasi sistem, lider arasında müqayisə, tutuşdurma aparmaqla oxşarlıqların aşkara çıxarılması mənasında qəbul etdim və kitabı oxuduqca zənnimin məni yanıltmadığını başa düşdüm.
Riyaziyyatdakı paralellik anlayışında kəsişmə yoxdur. Siyasi paralellərdə isə fikir, münasibət, qiymətləndirmə eyniliyi, kəsişməsi, üst-üstə düşməsi vardır. Kitabda müxtəlif aspektli paralellər aparılmış, daha çox oxşar şəraitin qiymətləndirilməsindəki eyniliklər təhlil və tədqiqat obyekti edilmişdir. Məzmunu, yazı üslubuna görə bu kitab elmi monoqrafiyadır. Müqayisə və tutuşdurmalar onu təkcə alimlər üçün deyil, adi oxucular üçün də maraqlı edir.
Müəllifin tədqiqat obyekti müəyyən zaman intervalında, dəqiq desək, 44 gün ərzində Azərbaycan prezidentinin xalqa müraciətləri, çıxışlar və müsahibələrində səslənmiş mühüm tezislərdir. Şübhəsiz ki, belə tədqiqat obyekti xüsusi diqqət və seçim tələb etmişdir. Bizim qənaətimizə görə, müəllif elmi tədqiqat üçün Azərbaycan Prezidentinin Vətən müharibəsinin 44 günündəki 33 çıxışını (biz burada xalqa müraciətləri, müsahibələrdə verilmiş cavabları, Təhlükəsizlik Şurasının iclasındakı çıxışı, müalicə olunan hərbiçilərlə görüşdəki danışığı bir ad altında birləşdirmişik) götürmüş və onların xronoloji ardıcıllığını saxlamışdır. Kitabın mündəricatına istinad etsək, deyə bilərik ki, Azərbaycan Prezidentinin 44 günlük müharibədə xalqa altı müraciətinin, bir çıxışının, müalicə olunan hərbçilərlə bir görüşdəki söhbətinin, 25 müsahibəsinin mətnləri tədqiqın əsas obyektini təşkil etmişdir. Şübhəsiz ki, təhlil yalnız bu mətnlərlə məhdudlaşmamışdır.
Tədqiqata özünəməxsus yanaşmanın bir göstəricisi haqqında da mütləq danışmaq lazım gəlir. Bu göstərici nədən ibarətdir? Əvvəla, Azərbaycan Prezidentinin çıxışlarından seçilərək hər fəslin əvvəlində verilmiş sitatlar bir deyil, müxtəlif sayda mühüm məsələni əhatə edir, özündə birləşdirir. İkincisi, bu sitatların özləri də baş vermiş, eləcə də baş verən hadisələri xronoloji ardıcıllıqla şərh etməyə imkan verir. Nəhayət, hər bir sitat bəzən bir, bəzən bir neçə həqiqəti ifadə etməklə bu həqiqətlərin beynəlxalq səviyyədə təsdiqini tapmasını bir növ sübut edir.
Birinci fəsildə “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!” sitatı verilmişdir. Bu sitat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il sentyabrın 27-də xalqa müraciətinin son hissəsindən götürülmüşdür. Müraciətdə indiyədək baş vermiş əsas hadisələr çox yığcam şəkildə xalqa çatdırılır. Müharibə vəziyyətinin yaranması və döyüşlərin başlanmasına gətirib çıxaran bütün əsas səbəblər müraciətdə ifadəsini konkret şəkildə tapır. Ermənistan atəşkəsi təkrar-təkrar pozur, son dövrlərdə isə yeni işğalçılıq siyasəti yürüdür, yeni əraziləri işğal etmək niyyətini gizlətmir.
Prezident xalqa müraciətində Ermənistanın Azərbaycana qarşı təcavüzkar hərəkətlərinin təkrar olunmasını diqqət mərkəzinə çəkmiş, iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya atəşi ilə düşmənin hücuma keçməsi və layiqli cavab verilərək məğlub edilməsini, ordumuzun Ermənistan sərhədlərini keçib onun içərilərinə doğru irəliləmək iqtidarında olmasına baxmayaraq, sərhəd xəttini keçməyib döyüşü dayandırmasını yada saldıqdan sonra demişdir: “Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır”.
Müəllif şərhində göstərilir ki, “Ermənistanın yeni müharibəyə başlamaq arzusu işğal edilmiş torpaqlarda son vaxtlarda hərbi təlimlər keçirməsində də ifadəsini tapırdı. Həmin təlimlər Ermənistanın növbəti təxribatı idi. Təlimlər Azərbaycana hücum, yeni torpaqları işğal etmək məqsədinin açıq şəkildə nümayişi idi. İlham Əliyevin haqlı olaraq qeyd etdiyi faktlar onu göstərirdi ki, “regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir”.
Müasir dövrdə informasiya mübadiləsi sürətlə gedir. Beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə, xüsusən müharibə və müharibə təhlükəsinə reaksiyalar dərhal üzə çıxır. İkili standartlar, qərəzli mövqe, havadarlıq haqlını haqsız, haqsızı haqlı kimi beynəlxalq ictimaiyyətə təqdim etmək üçün geniş istifadə olunur. Prezidentinin 27.09.2020 tarixindəki xalq müraciətində verilən məlumatlar və onların ardıcıllığı Ermənistanın havadarlarının Azərbaycana qarşı artıq başladığı və davam etdirəcəkləri informasiya savaşında ortaya atılacaq qarayaxmalara öncədən beynəlxalq hüquq müstəvisində cavab verirdi. Kitabda bu məsələlər bir-bir beynəlxalq hüquqa istinadla şərh olunur. Müəllif siyasi paralellər aparmaqla əsl həqiqətin təsdiqi üçün əlavə faktları ortaya qoyur.
Cənab İlham Əliyevin müraciətində müharibənin artıq başlanmasını və onun Azərbaycanın tam zəfərinə qədər davam edəcəyi fikrini sətiraltı məna ilə diplomatik dillə deyirdi: Bizim işimiz haqq işidir.
“Suverenliyin zəfər yolu” monoqrafiyasının müəllifi hüquq elmləri üzrə fəlsəfə doktoru V.İbayev birinci fəsildə qeyd edilən məqamlar üzərində dayanır, hüquqi əsasları təhlilə cəlb edir. O, Prezidentinin gətirdiyi dəlillərə, ilham Əliyevin 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları zamanı dediklərinə əsaslanır, BMT-nin Beynəlxalq Məhkəməsi 2004-cü il tarixli “Divar tikintisi və İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərinə əhalinin köçürülməsi məsələlərinə dair” məsləhət xarakterli rəyinə, IV Cenevrə Konvensiyasının 2-ci maddəsinə, özünün yazdığı “Beynəlxalq humanitar hüquq” əsərinə istinad edir və təkrar Azərbaycan Prezidentindən sitat gətirir: “Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır”. Bu iqtibasdan sonra müəllif yazır: “Azərbaycanın güc tətbiq etməklə torpaqlarını azad etmək uğrunda mübarizəyə başlaması beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin 2-ci maddəsində təsbit olunmuş prinsiplərə zidd deyildi. Bundan əlavə, Nizamnamənin 51-ci maddəsinə əsasən, silahlı hücum hallarında Təşkilat üzvünün tək və ya kollektiv özünümüdafiə hüququ vardır. Yəni silahlı hücumlardan müdafiə olunmaq üçün Təşkilatın üzvü həm tək, həm də kollektiv qaydada silahlı qüvvələrdən istifadə edə bilər. ... BMT Nizamnaməsinə əsasən, beynəlxalq münasibətlərdə dövlətin silahlı qüvvələrdən istifadə etməsinə iki halda icazə verilir-birincisi, silahlı hücuma məruz qaldıqda cavab tədbiri kimi fərdi və kollektiv qaydada özünümüdafiəsini həyata keçirdikdə, ikincisi isə sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları mövcud olduqda ... Ermənistan yeni torpaqlar əldə etmək üçün Azərbaycana silahlı hücum etdiyinə görə Azərbaycan dövləti beynəlxalq hüquqa müvafiq olaraq özünümüdafiə hüququna əsasən, Ermənistana qarşı silah tətbiq olunmaqla gücdən istifadə etmək hüququna malik idi. Belə vəziyyətdə Azərbaycana hər hansı bir dövlətin silahlı yardım göstərmək hüququ da istisna olunmur. Ermənistan ilkin silahlı hücum tətbiq edən və Azərbaycan torpaqlarını işğal etmiş ölkə olduğuna görə başqa dövlətin ona silahlı yardım göstərməsi beynəlxalq hüquqa zidd idi. Ermənistan dövləti ilə birgə müdafiə məqsədilə silahlı yardım haqqında müqaviləsi olan dövlətlər də Ermənistana yardım göstərə bilməzdi, çünki döyüş əməliyyatları Ermənistan ərazisində getmir və Azərbaycan dövləti Ermənistana silahlı hücum etməmişdi. Belə olan halda beynəlxalq hüququn Azərbaycanın tərəfində olması birmənalıdır”.
Elə bu fəsildəki növbəti siyasi paralel xüsusi maraq kəsb edir. İtaliyanın xalq qəhrəmanı Cüzeppe Qaribaldinin 1860-cı ilin mayında öz tərəfdaşları – məşhur “minlər” ilə iki gəmini zəbt edib Siciliyaya getməsi, Palermoya yaxınlaşanda ətrafında on mindən artıq tərəfdarın toplanmasını qeyd edən tədqiqatçı yazır: “Avqustda Qaribaldi adadan materikə keçərək öz ordusunu Neapola tərəf apardı. Qaribaldi praktiki olaraq müqavimətə rast gəlmir. ...Düşmən qüvvələr üzərində tam qələbə əldə etmək üçün o tərəfdaşlarını cəsarət və qətiyyətə çağırırdı: “Bu gün biz irəliyə baxmalıyıq... Bəli, gənc adamlar, İtaliya bütün dünyanın alqışlarına layiq olan əməllərinizə görə sizə borcludur. Siz çoxlu qələbələr əldə etmiş və döyüşün nəticəsini müəyyən edən taktikaya malik olduğunuza görə bundan sonra daha çox qələbələr əldə edəcəksiniz. Siz Asiyanın qürurlu fəthçilərinə qalib gələn Makedoniya falanqalarının döyüşçülərindən az ləyaqətə malik deyilsiniz. ... silaha sarılın! İstisnasız! Və istismarçılar, dünyadan güclü olanlar toz kimi yoxa çıxacaqlar. ... Qoy, cəsarətsiz nəzəriyyəçilər özlərinin qorxaq itaətçilikləri və yazıq qorxaqlıqları ilə bizim sıraları tərk etsinlər. Bu xalq özünün sahibidir. O başqa xalqlarla dost olmağı, kim olmasından asılı olmayaraq, hər kəsin üzünə qürurla baxmağı arzulayır və heç vaxt özü üçün azadlıq diləməklə heç kəsin qarşısında alçalmayacaqdır. O, bir daha vicdansız qəlbli adamların arxasınca getməyəcəkdir. Yox! Yox! Yox! ...Mən bir daha döyüş çağırışını təkrar edirəm: “Silaha sarılın! Hamınız istisnasız olaraq!”
Bəli, kim azadlığı, müstəqilliyi, hər kəs qarşısında başını dik tutmağı, Vətən və xalqın ləyaqətini, onun əqli və mənəvi rifahını, əcdadlarının adına layiq olmağı, xalqa əmanət olaraq miras qoyulanlara sahib çıxmağı, milli şərəf və namusunu qorumağı arzulayırdısa, işğal altında olan torpaqları geri qaytarmaq üçün ayağa qalxmalı idi”.
Kitabdan daha bir paraleli burada vermək lazım gəlir: “Xarici işlər komissarı V.M.Molotov nitqində alman faşistlərinin ölkəyə hücumunu sivil xalqların tarixində nümunəsi olmayan xəyanətkarlıq kimi qiymətləndirərək, ordu və xalqın Vətən uğrunda qalibiyyətli mübarizə aparacağını bildirərək çıxışını “Bizim işimiz haqdır. Düşmən əziləcəkdir. Qələbə bizimlə olacaqdır!” sözləri ilə bitirdi. 9 may 1945-ci ildə, Qələbə günü “Almaniya üzərində Qələbə uğrunda” medalı təsis olundu. Onun üzərində həkk olunmuş sözlər V.M.Molotovun müharibənin başlanması ilə bağlı nitqindən götürülmüş və baş vermiş fakta müvafiq olaraq dəyişdirilmişdi: “Bizim işimiz haqdır. Biz qalib gəldik”.
İlham Əliyevin çağırışı ilə Azərbaycan ayağa qalxdı, xalq Vətəni yaşatmaq üçün ayağa qalxdı, xalqı yaşatmaq üçün Vətən oğlu ayağa qalxdı, Vətən oğullarını yaşatmaq üçün analar ayağa qalxdı: “Biz oğulları Vətəni müdafiə etmək üçün böyütdük” – dedilər. Ana və Vətən müqəddəsdir, odur ki, Vətən uğrunda mübarizəmiz müqəddəslik qazandı. Haqq bizimlə – Azərbaycanla, Azərbaycan Ordusu ilə, Ali Baş Komandan İlham Əliyevlə idi. Biz qalib gəlməli idik. Allah haqqın tərəfində idi və biz qalib gəldik”. Və burada da kitabın sonuncu fəslində Ali Baş Komandandan gətirilmiş sitatın olmasına ehtiyac duyduq: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
44 günlük müharibə, onun nəticələri haqqında yazdıqca yazmaq istəyirsən. Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabına rəy kimi nəzərdə tutub başladığım bu yazını tamamlamaq mənim üçün çətin oldu. Ona görə çətin oldu ki, bu kitaba rəy yazmaq deyil, onu oxumaq vacibdir. Çünki kitab səni qabaqlayır, üstələyir və sən onu hamıya oxumaq istəyirsən. Elədirsə, qoy hamı özü oxusun.

İsa MƏMMƏDOV
texnika elmləri doktoru, professor

Daxil olundu: 28.11.2025 » Oxundu: 1136
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!