Mayın 13-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə bu elmi müəssisənin müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, Milli Məclisin yanında Toponimiya komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyevin 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Əvvəlcə Qara Məşədiyevin elmi-pedaqoji fəaliyyətini əks etdirən kitab və monoqrafiyalardan ibarət sərgiyə baxış olub.
Tədbiri AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli açaraq görkəmli alimin şərəfli ömür yolundan, zəngin elmi irsindən danışıb. Bildirib ki, Qara Məşədiyev çoxcəhətli və geniş diapazonlu yaradıcılığı ilə ölkəmizdə dilçilik elmini zənginləşdirən, ona öz dəyərli töhfələrini verən nadir istedad və zəka sahiblərindən, öz dəst-xətti ilə seçilən elm xadimlərindən biridir. O, Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətlər göstərib, elmimizi zənginləşdirib.
Sonra akademik T.Kərimli bölmənin Fəxri fərmanını yubilyara təqdim edib.
Tədbirdə “Professor Qara Məşədiyev: görkəmli dilçi alim, tanınmış ziyalı və xeyirxah insan” mövzusunda məruzə ilə çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu görkəmli alimin öz intellektual səviyyəsi, təfəkkürü və xarakteri ilə onu tanıyanlar arasında xüsusi hörmət qazandığını qeyd edib.
Professor Qara Məşədiyevin ömrünün 50 ildən çoxunu Dilçilik İnstitutu ilə bağladığını söyləyən M.Nağısoylu onun uzun illər institutun Onomastika şöbəsinə rəhbərlik etdiyini bildirib. Qeyd edib ki, Qara Məşədiyev mahir pedaqoq kimi zəngin təcrübəsindən bəhrələnərək yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirib. Alimin rəhbərliyi ilə otuzdan çox elmlər namizədi, 6 elmlər doktoru yetişdirilib. Onun 120-dən çox elmi məqaləsi işıq üzü görüb.
M.Nağısoylu görkəmli alimin bir çox xarici ölkələrdə keçirilən simpozium və konfranslarda, elmi konqreslərdə iştirak etdiyini, elmimizi layiqincə təmsil etdiyini diqqətə çatdırıb. Bildirib ki, Qara Məşədiyevin elmi yaradıcılığında müasir dilçilik problemləri ilə yanaşı, Azərbaycan dilinin tarixi ilə bağlı yazılar da xüsusi maraq doğurur.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Azərbaycan dilçiliyinin qocaman və ləyaqətli nümayəndəsi”, professor İsmayıl Məmmədlinin “Professor Qara Məşədiyevin ömrünün 80-ci baharı” və filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın “Dəyərli alim, gözəl insan” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, Azərbaycan onomastikasının ən layiqli nümayəndələrindən biri olan Qara Məşədiyev bu sahədə öz məktəbini yaradıb. Bu məktəb doğma xalqına, onun qədim və zəngin mədəniyyətinə, dilinə, tarixinə, ədəbiyyatına, tarixi coğrafiyasına, mifologiyasına, milli təsdiqinə əvəzsiz xidmət göstərir. Alim Azərbaycan toponimləri Ensiklopedik lüğətinin hazırlanması sahəsində də uğurlu tədqiqatlar aparıb.
Qeyd olunub ki, Q.Məşədiyev Gəncə, Goran¬boy, Gorus, Gurgan (Qorqan), Quba, Alpan, Atropaten, Midiya, Muğan, Koylasar və başqa toponimlərin mənşəyini açıqlamağa çalışmış, dəyərli mülahizələr söyləmişdir.
Konfransda çıxış edən professorlar Nizami Xudiyev, Sevil Mehdiyeva, İsmayıl Kazımov, Sayalı Sadıqova, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli, dosent Qətibə Mahmudova və digərləri dilçi alimin zəngin elmi yaradıcılığından danışıb, yubilyarı 80 illiyi münasibətilə təbrik ediblər.
Sonda professor Qara Məşədiyev tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
Tədbirdə görkəmli alim haqqında sənədli film də nümayiş etdirilib.

Kriteri.az

Daxil olundu: 18.05.2019 » Oxundu: 1705
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!