Yol bütün dövrlər üçün ən vacib məsələlərdən biri olub və su, hava və quru yolları olmaqla müxtəlif mahiyyət daşıyıb. Avtomobil yolları isə hər zaman xüsusi əhəmiyyət kəsb edib. Dövlət başçısının tapşırıqlarına əsasən son illər ölkəmizin bütün bölgələrində avtomobil yolları beynəlxalq tələblər səviyyəsində yenidən qurulub, daha keyfiyyətli, daha geniş və daha rahat olub. Həmin yolların yaşıllaşdırılmasına isə xüsusi diqqət vardır. Təsəvvür edir ki, avtomobillə uzaq bir səfərə çıxmısınız. Yol boyu gördüyünüz mənzərə isə cansıxıcı bozluq, quru torpaq, yorucu yeknəsəklikdir. Düşünmək belə insanın əhvalını pozur, xoşagəlməz ab-hava yaradır. Lakin ətrafı yaşıllıqlarla sıralanmış, füsunkar təbiəti ilə göz oxşayan, xoş əhval-ruhiyyə yaradan geniş magistral yollarla hərəkət etmək yol yorğunluğunun qarşısını alır, insana mənəvi dinclik, rahatlıq bəxş edir. Yol kənarlarının müxtəlif ağaclarla, gül və dekoratik kollarla əhatələnməsi atmosferin çirklənməsinin də qarşısını alır, havanın təmizlənməsinə, oksigenlə zənginləşməsinə şərait yaradır.  İsmayıllı 7 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması İdarəsi də məhz bu məqsədə xidmət edir. İdarənin direktor müavini Nəcəf Nağdəliyev bu haqda ətraflı məlumat verərək bildirdi ki, müəssisə İsmayıllı, Oğuz, Qəbələ ərazisindən keçən magistral yollara xidmət göstərir. Yol boyu boşluq olan ərazilərdə ağaclar əkilir, yaşıllıqlar salınır. Bu yaşıllaqlar təkcə yollara deyil, eyni zamanda şəhər və rayonlarımıza, təbiətimizə də xüsusi gözəllik verir. İdarənin tinglik təsərrüfatının olması işləri bir qədər də sürətləndirir. Burada olmayan dekorativ ağaclar isə müxtəlif yerlərdən əldə edilir. Tanışlıq üçün deyək ki, Nəcəf Nağdəliev 1970-ci ildə Naxçıvanda anadan olub. Ali təhsilini başa vurduqdan sonra müxtəlif idarə və təşkilatlarda çalışıb. 2017-ci ildən isə əmək fəaliyyətini İsmayıllı 7 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması idarəsində direktor müavini olaraq davam etdir. "İdarə tərəfindən avtomobil yollarının mühafizə zolağında davamlı olaraq ağacəkmə aksiyaları keçirilir. İdarənin özünə məxsus olan tinglik sahələrində yetişdirilmiş ağaclardan istifadə etməklə xidmət etdiyimiz yol kənarlarına minlərlə Eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv və digər müxtəlif növ ağac əkilmişdir. Hazırda bu tinglik sahələrində minlərlə ağac və kol bitkisi yetişdirilir. Yaşıllıq sahələrinə su xətləri çəkilmiş, bəzi yerlərə isə damla üsulu ilə suvarma sistemləri quraşdırılmışdır. Bölgənin coğrafi şəraitini və iqlim xüsusiyyətini nəzərə alaraq ərazidə yerli cinslərdən olan ağacların əkilməsi, həmçinin hər bir ağacın dirəklərə bərkidilməsi və suvarma işləri yekunlaşdırılmışdır. Torpaq hazırlığı, suyun verilməsi və digər işlər  həyata keçirilmişdir. Ümumiyyətlə, bizim müəssisənin bütün əməkdaşları öz işini bacaran, məsuliyyətli, illərin təcrübəsinə malik olan peşəkar mütəxəssislərdir. Nəzərə alsaq ki, bütün işlərin kökündə məsuliyyət və öz peşəsinə vurğunluq dayanır, bu baxımdan əməkdaşlarımızın hər birinin gördüyü iş keyfiyyəti ilə diqqəti cəlb edir. Əslində vəzifənin, işin böyüyü-kiçiyi olmaz. Hər bir insan məhz öz işi, əməli ilə xalqına, Vətəninə xidmət etdiyini düşünməlidir və öz işindən zövq almağı bacarmalıdır. Bizim işimiz isə insanların sağlamlığı ilə yanaşı, həm də onların mənəvi qidasına, ruhunun dincliyinə, zövqünün oxşanmasına yönləndirilib. Ona görə də bizim hər birimiz öz işimizi sevir və ondan mənəvi zövq almağı bacarırıq" – söyləyir Nəcəf müəllim. 

Gülağa Cəfərov

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər

Birliyinin uzvu

Daxil olundu: 13.01.2026 » Oxundu: 549
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!