Bir rus məsəli var: Сила есть ума не надо! Azərbaycan dilində qarşılığı: Güc varsa, ağıl lazım deyil/ Gücün varsa, ağlın olmasa da olar! Həmin adda bir uşaq filmi də var (Ералаш № 31). Çox ibrətamiz bir filmdir. Əlbəttə, situativ atalar sözüdür. Əslində, bu iki cəhət bir- birini istisna etmir. İnsan eyni zamanda həm pəhləvan kimi güclü, həm də olduqca ağıllı ola bilər. Və bu iki cəhəti özündə birləşdirən adam Allahın sevimli bəndəsi, xoşbəxt insan sayıla bilər. Belə xoşbəxt, tanrıdan vergisi olan insanlardan biri də mənim həmkarım və qonşum Namiq müəllimdir.
Kiçik uşaqlar, adətən, hündür, boylu-buxunlu, div gövdəli, pəhləvan cüssəli adamlardan qorxur, çəkinir, gec isnişirlər. Bəlkə, həm də ona görə ki, uşaqlar çox kiçik, cılız bədənlərini onlarla müqayisə edir, vahimələnirlər.
Amma, qəribədir, çox vaxt əksinə olur. Belə pəhləvan cüssəli, iri gövdəli adamlar həddindən artıq istiqanlı, qayğıkeş, mehriban olurlar. Bu da təbiətin təzadlarından, paradokslarından biridir.
Namiq müəllimə ilk dəfə baxan düşünər ki, yəqin, güləşçi və ya ağırlıq qaldırandır. Rəhmətlik Vaqif müəllim (görkəmli Azərbaycan dilçi – alimi, professor Vaqif Aslanov) Namiqi uşaq vaxtlarından yaxşı tanıyırdı. Bizə deyərdi ki, Namiq pəhləvan nəslindədir. Onu nəslində hamı pəhləvandır.
İdmançı olmağına Namiq müəllim idmançıdır, amma şahmatçıdır. Şahmat onun sevimli məşğuliyyəti, hobbisidir. Bir çox şahmat üzrə çempionların, beynəlxalq qrossmeysterlərin müəllimi olub. Azərbaycan Şahmat Federasiyasının üzvü, beynəlxalq dərəcəli hakimdir. Mötəbər şahmat turnirlərinə uğurla hakimlik edib, mükafatları, təltifləri var.
Namiq müəllimi 40 ildən çoxdur ki, tanıyıram. Elə otuz ildir ki, həm də qonşuyuq. İkimiz də Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarıyıq - Namiq müəllim kimyaçı-alim, mən dilçi. Amma, Namiq müəllim kimyaçı olmasına baxmayaraq incəsənəti, ədəbiyyatı, dili sevir və dərindən bilir. Saatlarla Bəxtiyar Vahabzadədən, Məmməd Arazdan, Nəriman Həsənzadədən, Fikrət Qocadan, Şəkər Aslandan və bir çox başqalarından şeirlər deyə bilər. Namiq müəllim ensiklopedik biliyə malik ziyalı, qayğıkeş insan, etibarlı dostdur. Namiq müəllim mehriban ailə başçısı, gözəl ata, səxavətli babadır.
Namiq/ Namik adının mənası – bəzəyən, zinətləndirən, mədh edən. süsləndirən, vəsf edən deməkdir. Bəlkə elə ona görə, Namiq müəllim el şənliklərinin, ad günlərinin, toyların bəzəyidir. Onun zəngin, obrazlı nitqi, gözəl diksiyası, mənalı təbrikləri hamını valeh edir. Bu da bir istedad, Allah vergisidir!
Doğum gününüzü təbrik edirəm, Namiq müəllim!
Xoş gəldiniz dünyamıza. Gəlişinizlə gözəl bir ziyalı, alim, etibarlı dost, yaxın qonşu gətirdiniz bizə!
Cansağlığı, ailə xoşbəxtliyi, elmi yaradıcılığınızda və beynəlxalq şahmat yarışlarında uğurlar arzulayıram!

Məsud Mahmudov
filologiya üzrə elmlər doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi

Daxil olundu: 23.09.2020 » Oxundu: 986
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!