Qarşımda bir kitab var. Bu kitabdakı şeirlər, hekayələr, məqalələr haqqında öz fikirlərimi oxucularla bölüşmək istəyi keçdi ürəyimdən. Yadıma Bəxtiyar Vahabzadənin ev muzeyinin həyətində olarkən Nizami Cəfərovun dediyi sözlər düşdü (Bəxtiyar Vahabzadənin doğum və anım günlərində hər il onun ev muzeyində yazıçılar, şairlər, alimlər olur). Biz tədbirin başlanmasından əvvəl bir neçə nəfər Nizami Cəfərovla söhbət edirdik. O, həyətə, ətrafdakı ağaclara, dağlara, meşəyə, göz oxşayan gözəlliklərə baxıb belə dedi: “Belə gözəl təbiəti olan yerdə şair olmamaq mümkün deyil”. Bu fikirdə bir həqiqət var. Gözəl təbiətə malik Şəki alimlər, şairlər, bəstəkarlar, musiqiçilər yurdudur. Bu gün bunlardan biri də doğum evində tibb bacısı işləmiş, 43 yaşında 1990-cı ilin 20 Yanvar hadisəsinə aid yazdığı “Fəryad” şeiri ilə ədəbi mühitə qədəm qoymuş Gülarə İncidir. Haqqında söhbət açacağım “Dağılan tifaq” Gülarə İncinin üçüncü kitabıdır. Kitabda şeirlər, hekayələr və publisistik məqalələr toplanmışdır. Kitabdakı şeirlər 5 başlıqda verilmişdir: “Vətənimə bağlıyam”, “Müxtəlif məzmunlu şeirlər”, “Təbiətə vurğunam”, “Məhəbbətdən danışaq”, “İthaflar”. Hansı mövzuda yazılmasından asılı olmayaraq şeirlərdə hadisələrə, təsvirlərə şairin öz baxışı diqqəti cəlb edir. Şeirlərinin dili olduqca sadədir. Gülarə İnci sanki oxucu ilə söhbət edir, öz fikirlərini onlarla bölüşür. Vətənini sevən, onu bütöv görmək istəyən şair türk xalqının yenilməzliyindən sevə-sevə söhbət açır:
Cıdır düzüm, at oylağım
Koroğlular məskənidir,
Qarabağda ərşə qalxan
Türk oğlunun nərəsidir.
Müharibənin dayanmasını, sülh tonqalı qalanmasını arzulayan şair:
Çox güvənmə yadlara,
Lazım gəlsə, yerini
Tanıdarıq onlara.
Kişisən, gəl təkbətək,
Gör türkün qüdrətini.
Göstərsin Azərbaycan
Yenə öz qüvvətini,-deyir.
“Şəhid Şahmarın anasının dilindən” şeirində isə nər kimi oğlunu itirən ana göz yaşları içində oğlunun dediyi sözləri xatırlayır:
Şahmarım dedi ki, ağlama, ana!
Nə qədər yansan da, de yana-yana
Şahmar şəhid oldu, vətən sağ olsun!
Ana yurdum Azərbaycan sağ olsun!.
Kitabda təbiətə aid şeirlər xüsusilə diqqəti cəlb edir. “Ana təbiət”, “Dolana-dolana”, “Qış gəlir”, “Dağlar”, “Dağ havası”, “Bahar gəlir”, “Yağış” bu qəbildən olan şeirlərdəndir.
Torpaqdan çiçəklər boylanır, baxır,
Göydə ildırımlar şaqşaraq çaxır.
Yağdıqca can verir torpağa leysan,
Yazda balalayır çöllərdə ceyran.
Səhərlər əsdikcə baharın mehi
Tökülür üstündən çiçəyin şehi.
Damcılar parlayır mirvari kimi,
Yarpaqlar nazlanır nazlı qız kimi.
Təbiətə aid şeirlərdə təkcə bahar, qış, yağış yox, eyni zamanda adamların belə havalarda məşğuliyyətləri də təsvir olunur. “Qış gəlir” şeirində ailənin sobanın yanında şirin-şirin söhbət etməsi, Məstan pişiyin sobanın ətrafında yatması, od üstündə qovurğanın qovrulması, nənənin danışdığı nağıla qulaq asaraq yuxuya gedən körpənin təsviri verilir. İnsan bir anlığa özünü o aləmdə hiss edir. “Dağ havası” şeirində də Azərbaycanın uca dağlarını, allı-güllü yaylaqlarını gəzmək, Qaxın Sarıbaş, İlisu kəndlərində, Ulu dağda qonaq qalmaq arzusunda olan şair dağ havasında motal pendirin, təndir çörəyinin, yuxanın, çobanın tökdüyü pürrəngi çayın həsrətini çəkdiyini deyir.
Dağ havası, motal pendir,
Çırpı gətir, yandır təndir.
Yay yuxanı, yap təndirə
Nazik yuxa, motal pendir.
Qoy bürmələ, dürmək gətir.
Çoban qardaş, samovardan
Bir pürrəngi çay tök, gətir.
Şeirlərin dili ürəyəyatımlıdır. Sadəliklə axıcılıq bir-birini tamamlayır.
Ağ güllə qızılgül verib baş-başa
Ehtiram edirlər yağan yağışa.
Buludlar seyrəlir, günəş parlayır,
Günəş öz nurundan ehsan paylayır.
Kitabda Şəkinin elm-sənət adamlarına həsr etdiyi şeirlər də öz əksini tapır.
Kitabda 3 hekayə verilmişdir. “Dağılan tifaq”, “Birləşən talelər” və “Qəmər”. “Dağılan tifaq” hekayəsinin ilk sətirlərindən kənd həyatı, iki mehriban qonşunun- Şamil və Cabir kişinin ailəsi ilə tanış oluruq. Halal zəhməti ilə yaşayan, tərbiyəli övladlar böyüdən, bütün kənd camaatının hörmət və məhəbbətini qazanan bu iki ailə ən xoşbəxt günlərini yaşayır. Şamil kişinin oğlu ilə Cabir kişinin qızı arasında yaranan sevgi bu ailəni daha da bir-birinə bağlayır. Xankəndidə ali təhsil alan Ceyranla Bakıda ali təhsil alan Kamil bir-birlərini sevirlər. Valideynlər böyük sevinc hissi ilə bu gənclərin ailə qurmasına razı olurlar. Xoşbəxt, qibtə olunası bir ailənin əsası qoyulur. Xoşbəxt günlər bir-birini əvəz edir. Lakin bu xoşbəxtliyin ömrü uzun olmur. Toydan 4 ay sonra Kamil həqiqi hərbi xidmətə yollanır. O, iki aylıq hamilə olan Ceyranı ata-anasına tapşırıb əsgəri borcunu yerinə yetirməyə gedir. Aylar keçir, Ceyran ana olur. Kamil üzünü görmədiyi oğlunun dünyaya gəlməsinə sevinir. Günlər keçir, ermənilər Kamilin zabit olduğu bölüyü mühasirəyə alırlar. Kamil bir neçə əsgəri ilə əsir düşür. Məktubların arası kəsilir. Ailə pis günlərə düşür. Kamilin anası Güləndam ürək xəstəliyinə tutulur. Yeddi il əsirlikdə qalan Kamil əsirlikdən qaçıb bir naxırçıya rast gəlir. Onu xəstəxanaya qoyurlar. Nəhayət, o, min bir əziyyətlə evinə gəlib çıxır. Ancaq Kamili xəstəxanaya qoysalar da, həkimlər ondan əllərini üzmüşdülər. Ana bu dərdə dözə bilməyib ölür. Ata insult olur. Kamili evə gətirirlər. Oğlunu itirəcəyini bilən, həyat yoldaşını itirən Şamil kişi də dünyasını dəyişir. Şamil kişidən on gün sonra Kamil də ölür. Ərinin öldüyünü ölən Ceyran onun çarpayısına yıxılıb keçinir. Xoşbəxt, xeyirxah, el-obasının sevib hörmət etdiyi bir ailənin tifaqı dağılır. Müəllif bir kəndin ah-naləsini belə ifadə edir: “Gör bunlar kimi neçə ailəni yerlə yeksan etdilər qaniçənlər. Evlərimizi viran qoydular. Abidələrimizi yerlə yeksan etdilər. Qəbir daşlarımıza qədər söküb apardılar. Bunlar hansı dinə qulluq edirlər? Bunlar insan deyillər, vəhşidirlər”. Hekayənin axırı müəllifin ürəkdağlayan, mənfur ermənilərə nifrət oyadan cümlələri ilə bitir: “Ümmanı (Kamilin oğlu) hər kəs sevirdi, əzizləyirdi. Lakin onun körpə ürəyi həyatdan küsmüşdü. O, harda olursa, boynubükük otururdu. Onun boynunu erməni cəlladları bükmüşdü”. Müəllif Ümmanın simasında yüzlərcə ata nəvazişinə, ata sığalına möhtac qalan, nə qədər əzizlənsə də, boynubükük qalan balaların ümumiləşmiş surətini yaradıb. Müəllifin bacısının ailəsində də ata üzü görməyən şəhid oğlu böyüyür. Bəlkə də, bu ağrını yaşadığındandır ki, Gülarə İncini Ümman kimi körpələrin taleyi düşündürür, ağrıdır.
“Qəmər” hekayəsində də müharibənin vurduğu yaralardan söhbət açılır. Hekayədə əri Abuzər müharibəyə gedəndən sonra ailəni öz namusu, qeyrəti ilə yaşadan, azyaşlı qızı və qaynını ev-ailə sahibi edən Qəmər surəti yaradılıb. Gəncliyini övladlarına və nəvələrinə həsr edən bu qadın çox çətin həyat yaşayıb. Hekayənin sonunda ağır həyat tərzi keçirən Qəmər yatağa düşür və bir neçə aydan sonra dünyasını dəyişir.
“Birləşən talelər” hekayəsində isə ailə-məişət məsələləri qoyulub. Adətən məişət xarakterli yazılarda çox vaxt gəlin-qayınana arasında yaranan problemlərdən söz açılır. Bu hekayədə isə əksinədir. Mələk xanım gəlini Nazlını öz qızı kimi sevir. Nazlı da seviləsi gəlindir. O, hər işdə qayınanasına kömək edir. Əslində, Cavanşir Qəndabı sevirdi. Anası isə ona Nazlını alır. Ailədə hər şey öz qaydasınca gedirdi. Cavanşir də alicənablığı, ata-anasına qayğısı və hörmətinə görə Nazlıya xoş münasibət bəsləyir. Qəndabı yadından çıxara bilməsə də, bu həyatla razılaşır. Günlər ayları, aylar illəri qovur. Cavanşirlə Nazlının evlənməsindən on il keçsə də, onların uşaqları olmur. Onlar dəfələrlə həkimə gedirlər. Lakin həkimlər heç bir qüsur tapmırlar. Cavanşiri sevən, onun övladsız qalmasına dözə bilməyən Nazlı ailəsini, Cavanşiri razı salıb Qəndabı özünə günü gətirir. Fikirləşir ki, yəqin, Qəndabın ahı onları tutub. Müəllif Nazlının iztirablarını, günü ilə bir evdə yaşamağın ona verdiyi dərd-qəmi çox sadə dillə oxucusuna çatdırır. Qəndabı gətirdikləri birinci gecə baldızıgilə gedən Nazlı yerə-göyə sığmırdı. Yazıçı Nazlının bu halını oxucusuna belə çatdırır. “Bu işin təşəbbüskarı özü olsa da, buna dözməyə ürək lazımdır. İlan vuran yatırsa, Nazlı da yatır. Səhər açılır, amma Nazlıının ayağı gəlmirdi ki, o evə getsin. Artıq özünü o evdə artıq hesab edirdi”. Qəndab və Nazlı ailədə mehriban dolanırlar. Dörd ay sonra Qəndab hamilə olur. Nazlı bu xəbərə sevinsə də, başa düşür ki, o evdə qala bilməz. Şəhərə qardaşının evinə gedən Nazlı qardaşının, gəlinləri Saranın mehribanlığı, xoş münasibəti ilə qarşılaşır, dərdini unutmağa çalışır. Cavanşir, ailəsi onu evə qaytarmaq istəsələr də, getmir. Nazlı gününü qardaşı oğlu Nicatla keçirir. Qardaşıgildə bir az qalandan sonra o, fabrikdə işə girir. Altı aydan sonra fabrikin müdiri Davudla ailə qurur və övlad sahibi olur. Cavanşir də, Nazlı da öz ailələrində xoşbəxt ömür sürürlər. Əsərin sonunda müəllif Cavanşirlə Nazlının ailəsini yenidən birləşdirir. Cavanşirin Dillər Universitetində oxuyan oğlu Ruzigarla Nazlının həmin universitetdə oxuyan qızı Bahar valideynlərin xeyir-duası ilə ailə qururlar. Əsərin ən maraqlı yerlərindən biri elçilik səhnəsidir. Müəllif əsərin sonunu oxucu üçün gözlənilməz olan nikbin bir sonluqla qurtarır.
Kitabda “Publisistik düşüncələr” bölməsində üç məqalə verilib. Məqalələrdən birində şəhid Vasif Həmidovdan, ikincisində erməni vəhşiliyindən söz açılır. “Bir nənənin ürək sözləri” məqaləsində isə Gülarə İnci Bəxtiyar Vahabzadənin ev muzeyindən, bu muzeyi, demək olar ki, ziyarətgaha çevirən Elşən Zəkəriyyəbəylidən, muzeyin həyətində təşkil olunan silsilə tədbirlərdən, alimlər, şairlər, bəstəkarlar və xarici qonaqlardan, poeziya axşamlarından söz açır.
Oxucular tərəfindən maraqla oxunan “Dağılan tifaq” kitabının müəllifi Gülarə İnciyə can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Səhər Nəsib qızı Rzayeva
təqaüdçü müəllim

Daxil olundu: 07.03.2024 » Oxundu: 587
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!