Bərdə Müalicə-Diaqnostika Mərkəzi nəinki rayonun, bütün bölgənin nüfuzlu səhiyyə ocaqlarından biridir. Mərkəzin təcrübəli cərrahı bacarıqlı həkim Vüsal Məmmədovdur.
Vüsal Məmmədov Bərdə rayonunun Mirzəxanlı kəndində anadan olub. 1997-ci ildə orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. 2003-cü ildə ali təhsilini başa vurub və bir il interna keçib. Elə həmin il Bərdə Mərkəzi rayon Xəstəxanasına göndərilərək cərrah kimi fəaliyyətə başlayıb. Az bir müddətdə həkimlik bacarığı, şəfalı əlləri, yüksək insani keyfiyyətləri ilə nəinki rayonda, ətraf rayon və kəndlərdə də xətir-hörmət qazanıb. Vüsal Məmmədov haqqında redaksiyamıza daxil olmuş minnətdarlıq məktubları da dediklərimizə bir sübutdur. Bu məktublar Tərtərin Cəmilli kəndindən Tapdıq Kərimovdan, Tərtər şəhərindən Fəxrəddin Mehtiyev və Zakir Əhmədovlardan, Bərdədən İkram Əliyevdən, Yevlaxdan Xəyalə Əsədovadan və başqalarından gəlmişdir.
Vüsal həkim 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyir. O, dəfələrlə ixtisasartırma kurslarında, həmçinin Türkiyədə keçirilən həkimlərin konfransında olub.
Azərbaycanda səhiyyəyə olan dövlət qayğısından söz açan Vüsal həkim deyir: «Ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.
Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
Bu gün dünyanı cənginə almış koronavirusla mübarizədə həkimlərin xidməti sonsuzdur. Virusla mübarizədə ən çox məsuliyyət heç şübhəsiz ki, tibb işçilərinin üzərinə düşür. Onlar öz həyatlarını təhlükə qarşısında qoyaraq insanların sağlamlıqlarının keşiyində dayanırlar. Xüsusi karantin rejimində ölkə başçısı İlham Əliyev də həkimlərin fəaliyyətini yüksək qiymətləndirir, fədakarlıqlarını təqdir edir.
Həqiqətən də tibb işçiləri fədakarcasına öz gündəlik həyatlarını bir kənara qoyaraq yalnız insanların sağlamlığını düşünürlər. Öz həyatlarını təhlükə altında qoyub içdikləri Hippokrat andına sadiq qalaraq dövlətimizin qoyduğu qaydalar çərçivəsində çalışırlar.
Mən bütün tibb işçilərinə fədakar əməklərinə görə təşəkkür edirəm, hər bir tibb işçisini dünyanın bəlası olan koronavirusla mübarizədə daha da məsuliyyətli olmağa səsləyir və hər birinə dözüm, iradə arzulayıram».

Tapdıq Kərimov

Daxil olundu: 30.06.2020 » Oxundu: 1748
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!