Lənkəran Rayon Təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva iyirmi beş ilə yaxındır ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur. O, 1971-ci ildə rayonun Şıxəkəran kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alan Ülviyyə xanım hələ kiçik yaşlarından müəllimlik sənətini sevib. Ədəbiyyat sahəsinə olan marağı isə bu istəyini daha da artırıb. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə qəbul olub. 1994-cü ildə universitetin filologiya fakültəsini bitirərək pedaqoji fəaliyyətə başlayıb. 1994-2006-cı illərdə ixtisası üzrə Lənkəran şəhər 9 saylı orta məktəbdə, 2007-2009-cu illərdə Şilavar kənd ümumi orta məktəbdə, 2010-2011-ci illərdə şəhər xüsusi internat məktəbində müəllim işləyib. 2011-2020-ci illərdə A.Məhərrəmov adına şəhər 7 saylı məktəbdə direktor vəzifəsində çalışıb. 2020-ci ilin aprel ayında isə Lənkəran RTŞ-nə müdir təyin olunub.
Ülviyyə xanım bildirdi ki, Lənkəranda 89 ümumi təhsil məktəbi, 72 tam orta məktəb, 14 ümumi tam orta məktəb, 3 ibtidai məktəb, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, şəhər uşaq gənclər idman məktəbi və şahmat məktəbi, şəhər texniki yaradıcılıq mərkəzi və uşaq yaradıcılıq mərkəzi, ekoloji tərbiyə və təcrübəçilik mərkəzi fəaliyyət göstərir.
Rayonda bu il yeni məktəblər tikilərək istifadəyə verilib, bəzi məktəblər isə təmir olunub.
Ülviyyə xanım şəhər İHB-nin müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyevanın təhsilə olan diqqət və qayğısından böyük hörmət və məmnunluqla söz açdı. Qeyd etdi ki, bu diqqət və qayğı dərslərin daha keyfiyyətli aparılmasına, təhsil sahəsində daha böyük uğurlar qazanılmasına şərait yaradır. Ali məktəblərə qəbul faizinin artımı da rayonda təhsilə göstərilən diqqət və qayğıdan xəbər verir.
Təhsilin inkişafı haqqında öz fikirlərini bölüşən Ülviyyə xanım deyir: «Azərbaycanın təhsil səhəsində keçdiyi yolu təhlil edərkən, ilk öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Tarixi yaddaş onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başlandı.
Ölkəmizi çətin vəziyyətlərdən xilas edən ümummilli lider Heydər Əliyev ölkədə bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşdı. Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğının arxasında Onun "Təhsil millətin gələcəyidir" fikri durmuşdu. Azərbaycanın müstəqilliyinin ilk illərinə nəzər saldıqda, görürük ki, təhsil sahəsində müxtəlif çətinliklər, problemlər yaşanırdı. Bu problemlər məktəblərin yenidən qurulmasına, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsində özünü göstərirdi. Təbii ki, bütün bunları nəzərə alınaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması və digər yüksək səviyyəli işlərin icrası ardıcıl və nizamlı şəkildə aparıldı və hal-hazırda bu işlər davam etdirilir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də ulu öndərin siyasi kursuna sadiq qalaraq, digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir. Təhsilə göstərilən bu diqqət və qayğı azərbaycanlıların, Azərbaycan millətinin, ölkəmizin gələcəyi olan şagirdlərin, tələbələrin, gənclərin daha savadlı, bilikli, ağıllı, intellektual formada böyüməsi üçün edilən xidmətlərdir. Bu xidmətlər hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilməlidir».
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən «Fəal dərsin qavranılmasında internet resurslarından istifadə» Türkiyənin İstanbul şəhərində STEAM layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsində iştirak etmişdir. «Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir.
Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir» – söyləyir Ülviyyə xanım.
Ülviyyə xanım dünyagörüşü, siyasi baxışı ilə də özünün intellektual səviyyəsini göstərə bilib. O, YAP Lənkəran təşkilatının üzvüdür. 2 uşaq anası olan Ülviyyə xanım həm də qayğıkeş, mehriban bir ailə xanımıdır. Övladlarını vətənpərvər, təəssübkeş bir ruhda böyüdür və hər bir məktəbli mənim öz övladımdır deyir. Çünki hər bir ölkənin xoşbəxt gələcəyi məhz savadlı, elmli, xalqına, millətinə bağlı olan gənclərindən asılıdır.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 31.10.2020 » Oxundu: 95
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!