Qazax rayon Xanlıqlar kənd Şəmistan Şahvələdov adına tam orta məktəbin direktoru Şofiq Qədimov 25 ildən artıqdır ki, bu vəzifədə çalışır. Məktəb Şofiq müəllimin rəhbərliyi dövründə xeyli inkişaf yolu keçib. Son illərdə isə, respublikamızın bütün bölgələrində olduğu kimi, Xanlıqlar kənd məktəbində də təhsilin səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Məktəb haqqında ətraflı məlumat verən Şofiq müəllim qeyd etdi ki, məktəb rayonun qocaman təhsil müəssisələrindən biridır. Burada hazırda 362 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Məktəbdə həmçinin 22 texniki işçi çalışır.

Şofiq Qədimov 1956-cı ildə Sabirabad rayonunun Cavad kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə bitirdikdən sonra indiki Bakı Dövlət Pedaqoji Universitetinə qəbul olub. 1979-cu ildə universitetin filologiya fakültəsini bitirək doğma Qazaxa dönüb və orada müəllimlik fəaliyyətinə başlayıb. 1986-1991-ci illərdə Qazax Peşə liseyində tərbiyəçi-müəllim işləyən Şofiq müəllim daha sonra Xanlıqlar kənd orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləyib. 1993-cü ilin avqust ayında isə həmin məktəbə direktor təyin olunub.

Şofiq müəllimin qızı Günel Qədimova "Xəzər" TV-nin "Xəbərlər" proqramının aparıcısıdır. 


Şofiq Qədimovun direkotu olduğu məktəbdə əsasən peşəkar və təcrübəli pedaqoqlar çalışır. Onlardan Rüxsarə xanımın, Roza xanımın, Rahilə xanımın və digərlərinin adını çəkmək yerinə düşərdi. «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibi olmuş Xatun Hüseynxanova Respublika Prezidentinin Sərəncamına əsasən «Tərəqqi» medalına və Əməkdar müəllim adına layiq görülüb. Məhz belə yüksək səviyyəli və məsuliyyətli müəllimlərin səyi nəticəsində hər il məktəbin xeyli sayda məzunu müxtəlif ali təhsil məktəblərinə qəbul olurlar. Hətta məktəbin məzunlarından 670, 663 və 658 bal toplayanlar da olub.

Şofiq müəllim onu da qeyd etdi ki, məktəbdə şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirilir. Elə buna görə də məzunlar arasında hərb sahəsinə maraq göstərənlər çoxdur. Belə hərbçi məzunlardan 10-a yaxını polkovnik rütbəsinəcən yüksəlib.

Bu haqda Şofiq müəllim deyir: «Uzun illərdir ki, ölkəmiz müharibə şəraitində yaşayır. Belə bir dövlətdə peşəkar hərbçilərə ehtiyac böyükdür. Hər hansı peşəni təbliğ etmək üçün isə ilk növbədə həmin peşəyə qarşı maraq oyatmaq, sonra o peşəni sevidirmək lazımdır. Bu baxımdan məktəbimizdə hərbi vətənpərvərlik mövzusunda vaxtaşırı söhbətlər aparılır, tədbirlər keçirilir. Bu isə şagirdlərdə bu sahəyə olan marağı xeyli artırır».

 

 


Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 09.04.2019 » Oxundu: 1809
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!