Böyük Çin filosofu Konfutsi yazırdı ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. İnsanın mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət belə insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, çalışdığı sahənin mükəmməl bilicisi kimi insanlara, cəmiyyətə məsuliyyətlə xidmət edə bilmək xoşbəxtliyi heç də hamıya nəsib olmur. Amma nə xoş ki, belə bir xoşbəxtlik Qusarda hər kəsin Əjdər həkim kimi tanıdığı Əjdər Ağacanova nəsib olub və o məhz belə xoşbəxt insanlardandır.
Hər bir şəxs yaşadığı mühitdən də əvvəl məhz ailə ocağında yetişir, formalaşır, gələcək həyat yolunu müəyyənləşdirməyə çalışır. İnsan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit ömrü ləyaqətlə yaşamağa, daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa sövq edir. 1968-ci ilin 1 yanvarında Qusarda doğulan Əjdər Ağacanovun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində doğulub boya-başa çatdığı ailəsinin də böyük rolu olub. Saflığı, təmizliyi, milli-mənəvi dəyərləri ailə ocağında əxz edən Əjdər həkim ilkin biliklərə təhsil aldığı orta məktəbdə yiyələnib. Orta təhsilini başa vurduqdan sonra isə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub və 1993-cü ildə universiteti infeksionist ixtisası üzrə bitirib. O dövrün məlum hadisələri ilə əlaqədar təyinatını Bakıda yerləşən daxili qoşunların hərbi hospitalına alıb və burada 5 il 6 ay həkimlik fəaliyyəti ilə məşğul olub.
Ümumiyyətlə, Əjdər həkim 1993-cü ildən 2012-ci ilə kimi müxtəlif hərbi hissələrdə tibb məntəqə rəisi, tibb xidməti rəisi və s. vəzifələrdə çalışıb. 2012-cu ildə isə Bakı daxili qoşunlarının hospitalına şöbə müdiri təyin olunub. 2019-cu ildə öz arzusu ilə 26 illik hərbi xidmətə görə ehtiyata buraxılıb. Hazırda silahlı qüvvələrin veteranı kimi təqaüd alır.
Əjdər həkimin hərbi sahədə göstərdiyi gərgin fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib və o, 2018-ci ildə Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunub.
Əjdər Ağacanov 2020-ci ildən TƏBİB-in tabeliyində olan Publik Hüquqi şəxs Qusar rayon Mərkəzi xəstəxanasında baş həkim – direktor müavini işləyir. O, məlumat üçün bildirdi ki, xəstəxananın nəzdində 18 kənd həkim məntəqəsi, 38 isə tibb məntəqəsi vardır. Burada 290-dan yuxarı tibb işçisi çalışır. Baş həkimin əsas işi müalicə-diaqnostika işini qurmaqla yanaşı, həm də keyfiyyətini yaxşılaşdırmaq, müalicə-diaqnostika işinə, ambulator qəbula nəzarət etməkdir. İstər xəstəxanada, istərsə də kənd həkim məntəqələrində əzmkarlıqla çalışan həkimlərdən travmatoloq-cərrah Murad Şahmuradov, kardioloq Baxış Abdusəmədov, Natəvan Butayeva və başqa həkimləri nümunə göstərən Əjdər həkim onu da qeyd etdi ki, ümumiyyətlə, Qusar səhiyyəsində öz işini ürəkdən sevən, onun məsuliyyətini dərindən anlayan və insanların sağlamlığı keşiyində ayıq-sayıq, peşəkarlıqla dayanan tibb işçiləri çoxdur. Yeni təyin olunmuş direktor Pərviz Məsimov da lazım olan bütün tapşırıqları vaxtında verir.
Əjdər həkim tanınmış həkim olmaqla yanaşı, həm də məsuliyyətli bir ailə başçısıdır. Ocağında bir oğul və bir qız övladı yetişib və hər ikisi cəmiyyətimiz üçün yararlı, xalqın xidmətində ləyaqətlə dayanan ali təhsilli mütəxəssislərdir.
Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü