Bu yaxınlarda “El bizim, sirr bizim”ə baxarkən diqqətimi cəlb edən bir fikri xatırlamaqla əsas məqsədimə keçəcəyəm. Şair Qəşəm Nəcəfzadənin oğlu, həm də bədii yardıcılığı ilə gənc yazarlar arasında xüsusi yeri, həyata baxış bucağı, duyumu, fikirləri hətta atasıyla belə, "toqquşan", onun fikirləri ilə razılaşmayan, özünün məntiqli fikirləri ilə gənc nəslin onu dərk edənlər arasında sevilən, “Qəşəm Nəcəfzadə mənim atam olmasına görə onun yaradıcılığı, şeirləri haqqında fikir söyləyə bilmirəm, yazaramsa, ”atasını tərif edir” deyəcəklərindən çəkinirəm” deyən gənc yazar Kəramətin dedikləri mənim də diqqətimi cəlb etdi, amma ondan fərqli olaraq, gözəl şairimiz Səttar Qarağaclı haqqında məni yazmağa həvəsləndirdi. Biz də bəzən elə düşünsək də, reallıqla barışası olur, ara-sıra Səttar müəllim haqqında yazılar yazmağımıza baxmayaraq, yenidən bu insanın yaradıcılıq yolunu varaqlayası olduq.
Səttar Qarağaclı mənim tələbə yoldaşım, eyni qrupda təhsil aldığım yaxın dostum, can-ciyərimdir. O, neçə-neçə şeir, poemalar kitablarının müəllifidir. Səttar müəllim həm bədii, həm də elmi yaradıcılığı ilə tanınan, özünün şəxsi keyfiyyətləri ilə seçilən dəyərli bir insan,zəngin mənəvi dünyasıyla gənclərimizə örnək ola bilən yüksək şəxsiyyət sahibi, Azərbaycan Yazışılar Birliyinin üzvü, istedadlı bir şairdir. Onun yeni şeirlərini oxuduqca iftixar hissi keçirir, fərəh duyuram. Odur ki, bəzi şeirləri haqqında şəxsi mülahizələrimi dəyərli dostlarımla bölüşmək qərarına gəldim.
Heç sirr deyil, şairlər adi insanlardan fərqli olaraq, əksərən çılğın təbiətli olurlar. Səttar müəllim isə təbiətən sakit, danışmaqdan çox dinləməyi bacaran, necə deyərlər,"ağır oturub,batman gələn", fitrətdən gələn düşüncələrini poziya qanadlarında sərgiləməyə daha çox üstünlük verən gözəl bir söz sərrafıdır. Onun şeirlərinin fərqinə varanda, fikir və ifadələrinə diqqət yetirəndə şairin istedadı ilə yanaşı, fərdi keyfiyyətləri göz önünə gəlir. Sənətkarın “Yolumun düz tərəfi var” şeiri qənaətimizi təsdiq edir:
Mənim öz ünvanım, adım,
Özümün öz tərəfi var,
Sinəmdə ocaq qaladım,
Ürəyin köz tərəfi var.
Səttar müəllimin insana, insanlığa, dost-tanışa olan sevgisi, içində qaladığı ocağın hərarəti, onun təbəssüm dolu baxışlarından süzülüb, könüllərə axır, insanı məftun edir!
Abır-həyasını gözləyən, danışıq və rəftarı ilə seçilən kişi cinsləri haqqında ulularımızın “qız-gəlin həyalıdır”ifadəsi təsadüfən işlədilməyən kəlamdır. Bunu biz Səttar müəllimə də şamil edə bilərik:
Zehninə daldım qayanın,
Yolçusu oldum həyanın,
Elə bildim,bu dünyanın,
Nə biz,nə siz tərəfi var.
Yüksək duyum tərzi, həyatda rast gəldiklərini müşahidə etmək bacarığı onu yazmağa sövq edir, düzü düz, əyrini də əyri yazmağı bacarır, həyat müşahidələrinə biganə qalmır, fikirlərini poetik şəkildə ifadə edərək, oxucularına çatdırır, sözə bağlılığını, söyləyə bilmək bacarığını etiraf edəsi olur, özünün haqq, düz yoldan dönməyəcəyini bədii dillə belə ifadə edir Səttar müəllim:
İlim-ilim bəlkə itdim,
Bənövşətək bəlkə bitdim,
Könlümü sözə bənd etdim,
Dilimin söz tərəfi var.
Şair şeirin son bəndində haqq yolundan dönməyəcəyinə, yolun düzü ilə gedəcəyinə sadiq qalacağını vəd edir:
Həm gündüzəm, həm gecəyəm,
Sözüm haqdır, beləcəyəm,
Harda olsan, biləcəyəm,
Yolumun düz tərəfi var.
Səttar müəllimin əsərlərində öyüd-nəsihət, gənc nəslə düz yol, örnək olan fikirlərə də rast gəlirik. Şair qəzəllərinin birində deyir:
Yaman olma, yamanın izlərı illərdə qalır,
Yaxşı insanların adı hər vaxt dillərdə qalır.
...Necə müdrük adamın fikrini öyrəndim axır,
Gördüm insanlığın öz qiyməti ləllərdə qalır.
Bu hikmətamiz, mənalı fikirlər insana, insanlığa xidmət edən, nəsillərə yaşıl işıq yandıran bir işıqfor, mayakdır.
Qəzəldə təbiətə olan sonsuz məhəbbət, Xaliqin yaratdığına olan tükənməz məhəbbət bədii boyalarla öz əksini tapmışdır:
Qartal öz meylini saldı ən uca zirvələrə,
O yaşılbaş sonası sərgisi göllərdə qalır.
“Yaz,yarat”, - söylədi, Səttar, sənə çox ustadlar,
Şairin çün sözü-söhbəti ellərdə qalır.
Səttar Qarağaclı poziyasında doğma yurd yerlərinə olan sonsuz sevgi,işğal altında olan torpaqlarımıza qayıdış həvəsi, Odlar yurdunun gündən-günə gözəlləşməsi, inkişafı, Azərbaycanımızın müstəqilliyi, insan və təbiət gözəlliklərinin tərənnümünə həsr etdiyi əsərləri könül oxşayır. Onun poeziyasında optimizm qabarıq şəkildə nəzərə çarpsa da, bəzən pessimizm meyllərinə də təsadüf edilir. Hətta dünya və kainat haqqındakı düşüncələrində bir bədbinlik də müşahidə olunur. Bizcə, Səttar müəllimdə yaranan bu hissin əsl səbəblərinin ən ümdəsi onun doğma ata-baba yurdundan didəgin düşməsi, o yurd yerinə olan əzəmi, sonsuz sevgisidir. O, şeirlərinin birində deyir:
Ululardan bizə qalan ümiddir,
Dünya mənə nə verib ki, nə ala?!
Layla çalıb qucağında böyütdü,
Dünya mənə nə verib ki, nə ala?!
Bu şeirdə lirik qğhrəman bəzəm yaşam tərzindən narazı olan, həyatını kasıblıqla keçirən insanların ümumiləşdirilmiş obrazı kimi nəzər-diqqəti cəlb edir. Bu vəziyyət şair “mən”inə sığmır, beləliklə də, bir üsyankarlıq nəzərə çarpır:
Qızıldan, gümüşdən varım olmayıb,
Vaxt olub, bağımda barım olmayıb,
Əkməyə nə buğdam, darım olmayıb,
Dünya mənə nə verib ki,nə ala?!
İstəmirəm harın olub hallanım,
Şeytanların kələyinə aldanım,
Halallığın ovsarından sallanım,
Dünya mənə nə verib ki, nə ala?!
Səttar Qarağaclı yaradıcılığında Vətənimizə laiqli övlad tərbiyə etmək, xeyirxah, humanist, saf, təmiz mənəviyyatlı insanlar hazırlamaq kimi nəcib işlər təbliq olunur, ara qarışdırmaq, paxıllıq, haqq ilə batili fərqləndirməyi bacarmamaq kimi pis, çirkin xislətli insanlar ifşa olunur. Bu baxımdan onun "Olmur ki.." şeiri diqqət çəkir:
Bu Vətənə oğul gərək,
Hər kəsdən oğul olmur ki.
Elin nə çox yaxşı, pisi,
Hamısı noğul olmur ki.
Şair doğma yurdumuza laiqli oğul arzu edir, lakin qəlbinin dərinliklərindən qopan bir təəssüf hissi ilə hamısının “noğul” olmamasından bir nigarançılıq da büruzə verir. Onun içində kök salan HAQQIN ululuğunun timsalında xilqətin nahaq yolda olmasına acıyır, yolundan azan, nahaqqın quluna çevrilənləri haqqa,ədalətə səsləyir:
Sevək haqqa çəkən yolu,
Rəbbimdir uludan ulu,
Olma gəl nahaqqın qulu,
Nahaq söz nağıl olmur ki.
Yaxşılığın əbədi olaraq yaşaması, insanları ali rütbəyə yüksəltmək imkanları daha şərəfli olduğu halda, "çuğulluq" etmək-ara vurmaq, kiminsə ünvanına əks-təbliğatlar etməklə onu gözdən salmaq kimi qeyri-insanı münasibət yaradanları lənətləyir,belə çirkin xislətli insanlara qarşı üsyan edir:
Sanma bu dünya röyadır,
Bir tanı yaxını, yadı,
Yaxşıların yaxşı adı,
Yaxşıdan ÇUĞUL olmur ki.
Şair insanlar arasında çuğulluq edib ara vurmağı ağılsızlıq adlandırır. Paxıllıq, gözgötürməzlik, kin-küdurət içində ömrünü çürütməkdən bir fayda tapa biməyən insanları “dünyanı dağıdan”, xeyirdən kənar,faydasız insan kimi dəyərləndirir, paxıllarda ağlın olmaması qənaətinə gəlir, belə “insan”ları bu çirkin əməllərdən uzaqlaşmağa səsləyir:
Bu da belə ağıldı da,
Dünya belə dağıldı da,
Paxıl elə paxıldı da,
Paxılda ağıl olmur ki.
Səttar Qarağaclı indi də bədii yaradıcılığını davam etdirir, lap gənclıik ehtirası ilə yazıb-yaradır. Dəyərli insan, sədaqətli dosyt, istedadlı şairimizə uzun ömür, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq! Əziz dost, yaz, yarat, poetik fikirlərinlə qəlbimizi sevindir, bizi fərəhləndir! Axı siz yolunun düz tərifi olan şairsiniz!

Rövşən Ağayev
Azərbaycan Respublikasının
Əməkdar müəllimi

Daxil olundu: 30.05.2019 » Oxundu: 1786
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!