Emil Hacıyev 2019-cu ilin dekabr ayından Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi vəzifəsində çalışır. İlk gündən özünü bacarıqlı rəhbər, təcrübəli mütəxəssis kimi göstərən Emil Hacıyevin iş üsulu idarənin müsbətə doğru irəliləyişinə səbəb olub.
Emil müəllim 14 oktyabr 1960-cı ildə Bərdə rayonunda dünyaya göz açıb. Orta təhsilini doğma rayonda aldıqdan sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olub və 1982-ci ildə institutun Hidromeliorasiya fakültəsini bitirərək təyinatla Şəmkir Su-elektrik stansiyasına göndərilib. Daha sonra əmək fəaliyyətini Yenikənd Su-elektrik stansiyasında davam etdirib. O, həmçinin Avropanın Ekzad proqramında layihə rəhbəri olub. 2006-2010-cu illərdə isə Tərtər Suvarma Sistemləri idarəsinin müdiri, daha sonra Azəraqrartikinti ASC tikinti filialının rəisi vəzifəsində çalışıb.
İdarə haqqında ətraflı məlumat verən Emil müəllim qeyd etdi ki, hazırda burada 257 işçi qüvvəsi çalışır. Orta aylıq əmək haqqı isə 250-300 manat civarındadır. İdarənin təcrübəli işçilərindən baş mühəndis Mehman Kərimovun, sahə rəisi Azərbaycanın, Familin, Vüqarın və başqalarının adını çəkmək olar.
Müəssisənin sudan əsas istifadə mənbəyi Tərtərçaydır. Müəssisə Bərdə, Goranboy, Tərtər, Yevlax rayonlarına xidmət edir. Goranboy 8 min 357 hektar, Yevlax 2 min 500 hektar, Bərdə 8 min hektar, Tərtər rayonunun isə 30 min hektar sahəsi bu sudan istifadə edir. Bütün bunlara baxmayaraq yay mövsümündə nisbətən çətinlik olur. Burada arxlar təmizlənir, betonla yeni kanallar çəkilir. İdarə lazım olan texnikalarla təmin olunub. Bu il isə idarəyə yeni texnikanın verilməsi nəzərdə tutulub.
Emil müəllim məlumat üçün onu da bildirdi ki,Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi 2020-ci ildə cari təmir işləri üçün mal-materialların, maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması məqsədilə açıq tender elan edib. Bütün bunlar isə ümumi işin xeyrinədir.
Həqiqətən də su həyatdır. Dünyanın yaranışına səbəb olan dörd ünsürdən biridir. Elə ona görə də nə həyatı susuz təsəvvür etmək, nə də susuz yaşamaq olar. Bu baxımdan idarənin üzərinə böyük məsuliyyət düşür. Emil müəllim böyük inamla bildirir ki, idarə bu məsuliyyətin öhdəsindən məharətlə gəlir və məhsul bolluğu, insanların rifahı naminə var qüvvəsi ilə çalışmaqdan mənəvi zövq alır.
Suyunuz bol, işiniz avand olsun!

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.09.2020 » Oxundu: 129
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!