AMEA Nəsimi adına Dilçilik İnstitutu Nəzəri dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Bayramovanın «Kommunikasiya prosesində qeyri-verbal ünsiyyət vasitələrinin rolu» (Bakı, «Füyuzat», 2024, 224 s.) monoqrafiyası nəşr olunmuşdur. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli, redaktoru filologiya elmləri doktoru Lalə Qurbanova, rəyçiləri filologiya elmləri doktoru Zemfira Əliyeva, filologiya elmləri doktoru Nərmin Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərovdur.
Monoqrafiyada ünsiyyət prosesində mühüm rol oynayan qeyri-verbal ünsiyyət vasitələrindən bəhs olunur. Qeyri-verbal ünsiyyət vasitələri nitqin dərk edilməsi və informasiyanın tam şəkildə ötürülməsini təmin edir. Verbal ünsiyyət vasitələri məlumatların sözlərlə göndərilməsini təmin edirsə, qeyri-verbal ünsiyyət vasitələri sözlərdən başqa digər vasitələrlə informasiya mübadiləsinə xidmət edir.
Qeyri-verbal ünsiyyətin mühüm cəhətlərindən biri də onun anlatma və anlaşılma prosesinə bütün vasitələrin köməyi ilə qoşulmasıdır, çünki insan ünsiyyət qurmağa başladığı andan bitirənə kimi sözsüz vasitələrin köməyi ilə qarşı tərəfə öz fikirlərini çatdırır və adresatın fikirlərini dekodlaşdırmağa cəhd göstərir.
Monoqrafiya dil nəzəriyyəsi mütəxəssisləri, ali məktəblərin filologiya, psixologiya, hüquq fakültəsinin müəllimləri, tələbələri, magistrantları üçün faydalıdır.

kriteri.az

Daxil olundu: 15.03.2024 » Oxundu: 726
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!