İsmayıllı Rayon Kommunal Müəssisələr Kombinatının rəisi Vidadi Məmmədovdur. O, 1950-ci ildə Qərbi Azərbaycanda anadan olub. 1972-ci ildə Azərbaycan Politexnik institutunu bitirib. 1972-1975-ci illərdə Şəki Yol Tikinti idarəsində iş icraçısı, 1975-1979-cu illərdə İsmayıllı Yol idarəsində baş mühəndis işləyib. 1979-2004-cü illərdə ardıcıl olaraq tikinti idarəsində, yol idarəsində, məişət xidməti kombinatında rəis vəzifəsində çalışıb. 2004-2009-cu illərdə şəhər bələdiyyəsində sədr müavini olub. 2009-cu ilin noyabr ayından hal-hazıra kimi İsmayıllı Kommunal Müəssisələr Kombinatının rəisi vəzifəsində çalışır.
Müəssisə haqqında məlumat verən Vidadi müəllim bildirdi ki, idarənin 124 işçi qüvvəsi vardır. Həmçinin burada 350 nəfər «Dost» İş Mərkəzindən sosial işçi çalışır. Bu işçilər şəhərin təmizliyində, işıqlandırılmasında, həmçinin yaşıllaşdırılmasında fəal iştirak edirlər. Burada əmək haqqı hələlik 150 manatdır. Prezidentin sərəncamı ilə sentyabr ayından isə 250 manat olacaqdır. Müəssisə rayonun 4 min 660 işıqlandırma nöqtəsinə xidmət edir. Müəssisənin nəzdində tingliklər də vardır. Burada dekorativ güllər, şam ağacı və sair ağaclar yetişdirilir. Parklardakı skamyalar vaxtaşırı təmir edilir və ya yeniləri ilə əvəz olunur.
İdarəyə istər işıqlandırmaya aid, istərsə də kommunala aid lazım olan bütün texniki avadanlıqlar verilib.
Vidadi müəllim qeyd etdi ki, işin çətinliyi əsasən qış mövsümündə qar yağarkən olur. Bu zaman yollara duz səpmək və qarı təmizləmək lazım gəlir. İlin bütün fəsillərində zibillər şəhərdən 11 km aralıda yerləşən zibillik poliqonuna aparılır. Burada zibillər çeşidlərə ayrılır və dəmir, karton və plastik qablar təkrar emala göndərilir. Qalanları da yandırılıb basdırılır.
Vidadi müəllim İsmayıllı RİH başçısı Mirdaməd Sadıqovun adını xüsusi hörmətlə çəkdi və qeyd etdi ki, bütün bu işlərin görülməsində rayon rəhbərinin əməyi çoxdur. İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqovun gərgin və yorulmaz əməyi sayəsində İsmayıllı rayonu gündən-günə inkişaf edir və bütün sahələrdə gözəçarpacaq dərəcədə irəliləyişlər vardır. Burada abadlıq və yenidənqurmaya xüsusi diqqət yetirilir. Yolların vəziyyəti isə daha da qənaətbəxşdir. Son illərdə rayonun 65 küçəsi asfaltlanıb. Mirdaməd müəllim rayonun Lahıc kəndindəndir. Bəlkə elə buna görə də onun bütün işlərinin kökündə doğma yurda məhəbbət hissi dayanır. Onun son 7 ildə rayon üçün gördüyü işləri sadalamaqla qurtarmaz. Bu ürəkaçan işlərdən biri də Lahıc və Basqala mavi yanacağın çəkilməsidir.
Vidadi müəllim məsuliyyətli bir ailə başçısı olması ilə də diqqəti cəlb edir. 3 övlad atası olan Vidadi müəllimin qızı müəllimə, bir oğlu sahibkar, o biri oğlu isə şəhər nümayəndəliyində müavindir. Bu isə onun təlim-tərbiyəyə, təhsilə və cəmiyyət üçün yararlı vətəndaşlar yetirməyə olan ciddi münasibətindən xəbər verir.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 10.09.2019 » Oxundu: 1545
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!