Texniki Təmayüllü lisey Qubanın tanınmış təhsil ocaqlarından biridir. Liseyin çox maraqlı həyat tarixçəsi var.
Lisey 1998-ci ildən fəaliyyət göstərir. İlk günlərdən Azad Məmmədov adına şəhər 2 saylı (hazırda Təbiət elmləri üzrə lisey) tam orta məktəbin binasında 23 nəfərlik bir siniflə işə başlayan lisey çox keçmir ki, böyük üğür əldə edir. Belə ki, ilk buraxılış sinfi olan 23 nəfərin hamısı ali məktəblərə sənəd verir və 23-ü də bu imtahanlardan üzü ağ çıxaraq, müxtəlif universitetlərə daxil olur. Bu göstərici liseyin həm rayon təhsil şöbəsindəki inamını doğruldur, həm də şagirdlərin rəğbətini qazanır. Beləcə, 2000-ci ildən liseyə ayrıca bina verilir.
Liseyin direktoru Gülzar Əyubovadır. O, 1985-ci ildə Qubada anadan olub. 2006-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. Elə o vaxtdan bu liseydə müəllim, sonralar isə təşkilatçı müavin işləyib. 2015-ci ildə liseyə direktor təyin olunub.
Hazırda liseydə 202 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur. Liseyə qəbul 7-ci sinifdəndir. 2 mərhələli imtahandan sonra şagirdlər liseyə qəbul olurlar. Şagirdlərin əldə etdikləri nailiyyətlər buradakı müəllimlərin nə dərəcədə savadlı və bacarıqlı olmasından xəbər verir. Məktəbin şagirdləri müxtəlif müsabiqələrdə və fənn olimpiadalarında müvafiq yerləri tutur, diplom və tərifnamələr əldə edərək liseyi rayonun ən yaxşı ümumi təhsil məktəbi kimi tanıdır. Təhsil ocağının nüfuzu ilk növbədə şagirdlərin əldə etdiyi uğurlarla ölçülür. Son üç ildə IX sinif buraxılış imtahanın nəticələrinə görə lisey rayonda 1-ci yeri tutur. Öz bilik və bacarıqları ilə təhsil aldıqları ocağın adını zirvələrə qaldıran məzunların 80 faizi isə hər il respublikanın müxtəlif ali təhsil ocaqlarına yüksək nəticələrlə qəbul olunurlar.
Həqiqətən də öz işinin öhdəsindən layiqincə gələn hər bir müəllim şagirdini gələcək həyata hazırlayır və bir vətəndaş kimi vətənpərvər ruhda tərbiyə edir. Liseyin 2 əməkdar müəllimi vardır. Bunlar Elxan Məmmədov, Abasət Babayevdir. O, həmçinin «Tərəqqi» medalına da layiq görülüb. Həmçinin liseyin təqaüddə olan titullu müəllimləri də vardır. 2011-2012-ci ilin « Ən yaxşı ümumi təhsil müəssisəsi» müsabiqəsinin qalibi adına layiq görülməsi liseyin ən böyük uğurlarındandır. Müsabiqənin qaliblərindən olan lisey cənab Prezident İlham Əliyevin 20 iyun 2012-ci il tarixli sərəncamı ilə 10 min manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. Həmin pul mükafat olaraq müəllimlərə, həmçinin məktəbin təmirinə və avadanlıqlara xərclənib.
Gülzar xanım söhbətində bildirdi ki, liseyin əsas vəzifələrindən biri də gələcək nəslin nümayəndələri olan şagirdləri əsl vətənpərvər ruhda yetişdirməkdir. Bu istiqamətdə istər ideoloji, istərsə də praktiki dərslər keçirilir. Liseyin üstün cəhətlərindən biri də şagirdlərin bacarıq və qabiliyyətlərinin üzə çıxarılması, inkişafı sahəsində səmərəli işin aparılmasıdır.
Məktəbin direktoru onu da qeyd etdi ki, bu qabaqcıl təhsil müəssisəsinin bir sıra problemləri də var. Bunlardan ən başlıcası isə mövcud binanın darısqal və yığcam olmasıdır. Bu barədə müvafiq təşkilatlara müraciətlər olunmuşdur. Liseyin rəhbərliyi və müəllim kollektivi bildirir ki, bizlər üçün yeni, geniş bina tikilərsə əldə etdiyimiz naliyyətlər daha da artar. İnanırıq ki, yaxın gələcəkdə bu problem də öz müsbət həllini tapacaq.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.11.2019 » Oxundu: 1672
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!