Respublikamızda yeni iqtisadi və siyasi sistemin formalaşması prosesində yeni milli prioritetlərin, eləcə də sosial qrupların tələbatları və maraqlarının optimal reallaşdırılması sosial siyasətin başlıca istiqamətlərindən birinə çevrilmişdir. Şübhəsiz ki, bu da maraq qruplarının siyasi proseslərdə yeri və rolunun ayrıca bir monoqrafik tədqiqat kimi araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu mənada siyasi elmlər üzrə fəlsəfə doktoru Riyad Rüstəmlinin yenicə çapdan çıxmış “Siyasi proseslər və maraq qrupları” (Bakı, ADPU nəşriyyatı, 213 səh.) adlı əsəri politoloji tədqiqat kimi xüsusi aktuallığa malikdir. Monoqrafiya maraq qruplarının siyasi proseslər kontekstində tədqiqi, onların yeri, rolu və əhəmiyyətini müəyyən etmək baxımından müəyyən qədər material verir. Tədqiqatda qeyd olunur ki, maraq qrupları dedikdə əsas formal quruluşa malik olan insanların bütün könüllü birlikləri, kollektivlər və müxtəlif təşkilatlar nəzərdə tutulur. Onların da şəxsi maraqları və müxtəlif ehtiyacları, eləcə də ictimai əhəmiyyət daşıyan maddi və mənəvi tələbatlarla əlaqədardır. Tədqiqat əsəri ölkəmizdə bu istiqamətdə yazılmış qiymətli əsərlərdəndir.
Əsərin əsas tədqiqat obyektini sosial qruplar və təbəqələr də daxil olmaqla maraq qruplarının sosial və siyasi proseslərə bu və ya digər dərəcə də təsiri təşkil edir.
Monoqrafiya giriş, üç fəsil və nəticədən ibarətdir.
Birinci fəsil “Siyasi proseslərin mahiyyəti və məzmunu” adlanır və burada daha çox siyasi proses anlayışının mahiyyəti, quruluşu, tipləri, xarakterik cəhətləri, eyni zamanda siyasi proseslərin mərhələlərini və inkişaf dinamikasınından bəhs edir.
“Maraq qrupları spesifik sosial qrup siyasi institut kimi” adlanan ikinci fəslin özü də “Maraq qrupları siyasi institut kimi” və “Maraq qruplarının digər siyasi institutlarla qarşılıqlı əlaqə və münasibətləri” adlı iki müxtəlif yarımfəsildən ibarətdir. Burada əsasən, “siyasi institut” və onunla bağlı “sosial institut” anlayışlarına aydınlıq gətirilmiş, siyasi institut kimi maraq qruplarının mahiyyəti, fərqləndirici xüsusiyyətləri və siyasi institutlar sistemində yeri və rolu, eləcə də maraq qruplarının xüsusi növü kimi təzyiq qrupları, həm də onların əsas siyasi institut olan dövlətlə və siyasi partiyalarla, vətəndaş cəmiyyəti və digər təşkilatlarla əlaqə və münasibətlərinin təhlili öz əksini tapmışdır.
“Maraq qruplarının təsnifatı, funksional təbiəti və siyasi proseslərə təsir imkanları” adlı üçüncü fəsildə isə müəllif maraq qruplarının təsnifatı və funksiyaları, onların qarşılıqlı fəaliyyətinin başlıca istiqamətləri və siyasi proseslərə təsir mexanizmləri və vasitələrini ətraflı şəkildə tədqiq etmiş, tədqiqat obyektinə dair politoloji ədəbiyyatdakı mövcud fikirləri ümumiləşdirmiş və müqayisəli təhlillər vermişdir.
Monoqrafiyanın dili sadə, oxunaqlı, ədəbiyyat siyahısı isə olduqca zəngindir. Müəllifin əldə etdiyi nəticələr fəsillərdə qoyulmuş problemlərlə bağlı konkret şəkildə ümumiləşdirilmiş və müvafiq bəndlər formasında qruplaşdırılmışdır.
İnanırıq ki, R.A.Rüstəmlinin “Siyasi proseslər və maraq qrupları” əsəri gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatlar üçün yeni istiqamətlər verməklə bərabər, eyni zamanda əsas mənbələrdən, elmi ədəbiyyatlardan biri olacaq.

İlkin Əsgərov
filologiya üzrə fəlsəfə doktoru
ADPU-nun Azərbaycan dili və onun
tədrisi texnologiyası kafedrasının müəllimi

Daxil olundu: 19.11.2022 » Oxundu: 978
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!