«Yolları mədəniyyətin, intibahın başlanğıcı hesab edirlər. Bu isə dolayısı ilə mədəniyyətin yoldan başlanması deməkdir. Yol iqtisadiyyatın inkişafının təməlidir. Yol quruculuğuna göstərilən qayğı bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə yönəldilib. Quruculuq tədbirlərinin tərkib hissəsi olan yol ölkənin hərtərəfli inkişafına xidmət edir. Bu baxımdan bu sahədə çalışmaq insandan böyük məsuliyyət və bacarıq tələb edir. Bu gün Azərbaycanın avtomobil yolları öz abadlığı, dünya standartlarına uyğunluğu ilə diqqəti cəlb edir. Avtomobil yollarının keyfiyyətli və mənzərəli olması isə onun kənarlarında salınmış yaşıllıqlardan birbaşa asılıdır. Atmosferin avtomobillərin buraxdığı çirkli qazlardan korlanmasının qarşısının alınmasına, sürücülərdə göz yorğunluğunun dəf edilməsinə, yolların darıxdırıcı ab-havadan xilas olmasına və s. xidmət edən yolların yaşıllaşdırılması sahəsi bu baxımdan çox gərəkli bir sahədir. Təbiətə xidmət əslində insanlara xidmət deməkdir. Axı ölkənin tərəqqisi də, inkişafı da sağlam insanların fiziki və mənəvi çalışqanlığının məhsuludur». Bu fikirləri Sabirabad rayonu Azərbaycan Avtomobil yollarının 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Faiq Hüseynov söylədi.
Faiq müəllim 1958-ci ildə Sabirabad rayonunda anadan olub. Ali təhsilli mütəxəssis olan Faiq müəllim uzun illər ərzində müxtəlif idarə və müəssisələrdə müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən 5 saylı Yaşıllaşdırma idərəsinə rəis təyin olunub.
İdarə Sabirabad və Saatlı rayonlarının yol kənarlarına ağaclar əkir, yaşıllıqlar salır. İdarənin əsas iş prinsipi yolların kənarında yeni yaşıllıqlar salmaq, yaşıllıqların becərilməsi, suvarılması, aqrotexniki qulluq və s.-dir.
Faiq müəllim öz siyasi mövqeyi ilə də diqqəti cəlb edir. O, insan hansı sahədə işləyib çalışmasından asılı olmayaraq özünü hansı dövlətin vətəndaşı olduğunu unutmamalı, öz işi, əməli ilə ölkəsinə, dövlətinə şərəflə xidmət etməlidir, – deyir. «Fikirləşəndə ki, yol qırağında əkdiyin kiçik bir fidan sabah böyüyüb qollu-budaqlı ağac olacaq, kiminsə rahatlığına, sərinlənməsinə, hətta həyatının xilasına səbəb olacaq, bu, insanda bir fərəh hissi yaradır, işinə olan məsuliyyətini birə-beş artırır. Ölkənin vətəndaşına xidmət isə birbaşa ölkənin özünə xidmət deməkdir» – deyir Faiq müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 17.12.2019 » Oxundu: 1707
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!