İnsanın ömrünün uzun bir hissəsi yollarda keçir desək, yəqin ki, səhv etmərik. Bu yolları yeknəsəklikdən, darıxdırıcılıqdan xilas edən isə gözəl mənzərələr, göz oxşayan yaşıllıqlardır.Yaşıllıqlar yalnız gözəlliyə xidmət etmir, həm də yolların keyfiyyətinə təsir edərək onun sürüşməsinin, torpağının axmasının qarşısını alaraq möhkəmləndirir. Ən əsası isə avtomobillərin havaya buraxdığı zəhərli qazların zərərsizləşdirilməsində, atmosferin təmizlənməsində əhəmiyyətli rol oynayır.
«Son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işləri idarəmizin əməkdaşlarına da ruhlandırıcı bir stimul verir, onları daha fəal və öz işlərinə qarşı bir az da məsuliyyətli olmağa səsləyir. Gözəl tikililər, yaraşıqlı binalar, abad və geniş küçələr yaşıllıqlarla, gül-çiçəklərlə, dekorativ ağaclarla əhatələnəndə daha ürəkaçan və gözoxşayan olur. Bu yaşıllıqların yol boyu düzülməsi isə bir özgə aləm yaradır. Hər bir bölgəyə gələn qonağın ilk təəssüratının yoldan başlandığını nəzərə alsaq yol kənarında olan yaşıllıqların əhəmiyyətini bir qədər də artırmış olarıq. Bütün bunları nəzərə alsaq, idarəmizin necə məsuliyyətli bir sahəyə xidmət etməsini təsəvvür etmək heç də çətin olmaz. Bu isə bizə, sözün əsl mənasında, qürur bəxş edir».
Bu sözləri Azəravtoyol 10 saylı Yol Yaşıllaşdırma idarəsinin direktoru Fəxrəddin Rzayev söylədi. 3 ilə yaxındır ki, idarəyə rəhbərlik edən Fəxrəddin müəllim 1951-ci ildə Qazax rayonunun Eynallı kəndində anadan olub. 1985-ci ildən 2015-ci ilə kimi rayonun müxtəlif idarələrində məsul vəzifələrdə çalışıb. 2016-cı ildə Yaşıllaşdırma idarəsinə direktor təyin edilib. İdarə Qazax, Tovuz, Ağstafa rayonlarını əhatə edir, bu rayonlardakı yolların kənarlarına ağac əkir, yaşıllaşdırma işlərini həyata keçirir. 130 işçi qüvvəsi olan idarənin rayonun Eynallı kəndində geniş bir tinglik təsərrüfatı vardır. Burada şam, Eldar şamı, katolka, göyrüş, xan çinar və s. ağaclar, həmçinin həmişəyaşıl və qızılgül kolları yetişdirilir.
İdarənin aqronomu Bayram Əsgərov 13 ildir ki, bu idarədə çalışdığını söylədi. Bildirdi ki, buradakı tinglərə aqrotexniki qaydada qulluq edilir və lazım olan dərmanlardan istifadə olunur. Tinglik təsərrüfatında yetişdirilən qazonlar da öz təravətli və şux görünüşləri ilə diqqəti cəlb edirlər.
Ümumiyyətlə, hazırda tinglik təsərrüfatında 5 minə yaxın xan çinar, 2 min göyrüş, min 500 katolka, xeyli sayda meyvə ağacları, min 500 qızılgül kolu və s. ağac və dekorativ kol bitkiləri vardır.
Ötən il idarənin əməkdaşları xidmət etdikləri ərazilərin yol kənarlarına 4 minə yaxın ağac əkmişlər. Landşaftından asılı olaraq bəzi yerlərə isə meyvə ağacları əkilmişdir.
İnsan gördüyü işi həm də mənəvi borc biləndə onun məsuliyyəti daha da artır və əldə etdiyi nəticə bir az ürəkaçan olur. Xoş o kəslərin halına ki, gördüyü iş vəzifə borcu olmaqla yanaşı, həm də savab əməllərdəndir. Neçə ki, haqqında danışdığımız idarənin işçiləri kimi; ağac əkib becərməklə həm öz görəllərini yerinə yetirirlər, həm də savab qazanırlar.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 05.04.2019 » Oxundu: 1609
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!