Aqroservis ASC-nin Cəlilabad Regional nümayəndəliyinin Lənkəran, Lerik, Astara rayon bölməsinin rəhbəri Rahim Rzayev dörd ilə yaxındır ki, burada çalışır. O, 1980-ci ildə Lənkəran rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinə qəbul olub və 2001-ci ildə ali təhsilini bitirib. Həmin ildən də ƏƏSMN-nin Lənkəran bölməsində əmək fəaliyyətinə başlayıb və 10 ildən artıq orada çalışıb. 2017-ci ildən isə əmək fəaliyyətini hazırda işlədiyi idarədə davam etdirib. 2019-cu ilin mart ayında bölmə rəisi təyin edilib.
Bölmənin iş fəaliyyəti haqqında danışan Rahim müəllim qeyd etdi ki, Lerik rayonu üzrə buğda və arpa əkini 3 min hektarı, Lənkəranda 855 hektarı, Astarada 150 hektarı təşkil edir. Bundan başqa Astarada 4 min hektarlıq meyvə bağlarına da xidmət olunur. Onu da qeyd edək ki, bölmənin xidmət etdiyi bu 3 rayonda 10-a yaxın texnika və aqreqatdan istifadə edilir. Həmçinin əkin sahələri üçün lazımı miqdarda gübrələr də verilir. Bölmədəki texnikalar fermerlərə müqavilə yolu ilə təqdim edilir. Rahim müəllim onu da dedi ki, bu ildən bölmənin köhnə texnikaları yeniləri ilə əvəz olunacaq. Lənkəran və Astara rayonlarında fermerlər çəltik əkini ilə də məşğul olurlar. Bunun üçün İtaliya modeli olan düyübiçən kombaynlar da istifadəyə verilir.
Rahim müəllim bildirdi ki, möhtəşəm qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bütün ölkə vətəndaşları kimi bölmənin xidmət etdiyi ərazilərin də əməkdaşları daha ürəklə çalışır, ölkəyə daha çox məhsul verməyə can atırlar. Fermerlər qalib xalqımızın rifahını daha da yüksəltmək üçün məhsul bolluğu ilə onların xidmətində dayanmaq istəyirlər.
"Xalqımız necə bir gücə sahib olduğunu möhtəşəm zəfəri ilə bütün dünyaya sübut etdi. Dost da, düşmən də nəyə qadir olduğumuzu gördü. Bu zəfər hər birimizə tükənməz güc, qüvvət verir. Bizi daha həvəslə işləməyə ruhlandırır. Düşünürəm ki, ölkəmizin hər bir vətəndaşı hansı sahədə işləyib-çalışmasından asılı olmayaraq öz işinə daha məsuliyyətli yanaşmalıdır. Çünki bizim artıq heç bir sahədə geridə qalmağa ixtiyarımız yoxdur. Bunu bizdən zaman tələb edir. Qalibiyyət amalı tələb edir. Zəfər ruhu tələb edir.
Biz də öz sahəmizdə böyük uğurlar əldə etməyə çalışırıq. Məhsul bolluğu ilə xalqımızın sosial rifahını daha da artırmağı qarşımıza məqsəd qoymuşuq. Bu yolda nailiyyətlərimiz də vardır. Fermerlərimiz torpaqdan səmərəli istifadə edir, onun məhsuldarlığını daha da artırmağa çalışırlar. Bunun üçün bir hər zaman onlara dəstəyik. Həqiqətən də biz torpağı sevdiyimiz kimi, torpaq da zəhməti sevir. Həm də halal zəhməti. Zəhmətkeşlərimiz bunu yaxşı bildiyi üçün torpaqla rəftarı da yaxşı bacarır, ona qarşı etinasızlıq etmirlər. Necə deyərlər, torpaq deyir əz məni, əzizləyim səni.
Builki hava şəraiti əkin sahələrinin qaydasında olacağından xəbər verir. Biz də xidmət etdiyimiz ərazilərdə əkin sahələrinin məhsuldarlığı üçün əlimizdən gələni əsirgəməyəcək, bolluğa xidmət edəcəyik" – söyləyir  Rahim müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 30.01.2021 » Oxundu: 1390
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!