Şəki Uşaq Gənclər İdman və Şahmat Məktəbinin direktoru Hətəm Vəliyev yeddi ildən artıqdır ki, bu vəzifədə çalışır. Öz işini ürəkdən sevən və onun məsuliyyətini şərəflə daşıyan Hətəm müəllim bu vəzifəyə 2011-ci ildə təyin edilib.
Hətəm Həmid oğlu Vəliyev 1964-cü ildə Şəki şəhərində dünyaya gəlib. Orta təhsilini də insanlarının səmimiliyi və şirin gülüşü, baməzə zarafatları ilə məşhur olan bu gözəl təbiətli diyarda başa vurduqdan sonra indiki Bakı Bədən Tərbiyəsi Akademiyasına qəbul olub. 1989-cu ildə ali təhsilini bitirərək doğma rayona dönüb. Rayonun Məsul kənd Könüllü İdman Cəmiyyətində təlimatçı kimi əmək fəaliyyətinə başlayıb. 1990-1992-ci illərdə isə Məsul kənd Könüllü İdman Cəmiyyətində Uşaq Gənclər İdman məktəbinin direktoru vəzifəsində çalışıb. 1994-1999-cu illər onun tərcümeyi-halına Məsul kənd Könüllü İdman Cəmiyyəti Şəki şəhər Şurasının sədri olaraq yazılıb. 1999-2011-ci illərdə RTŞ-nin nəzdində olan UGİM-nin tədris hissə müdiri işləyib. Hazırda həmin məktəbin direktorudur.
Hətəm müəllim söhbətində məlumat üçün bildirdi ki, məktəbdə hazırda 522 şagird vardır. Onlar məktəbdə 3 müxtəlif idman növü – şahmat, basketbol və voleybol üzrə təlim məşqlə məşğul olurlar. Onlara seçdikləri idman növünün sirlərini mənimsəməkdə 24 məşqçi-müəllim yardımçı olur. Bu məşqçi-müəllimlərdən 3 nəfəri idman ustalığına namizəddir. Digərləri isə 1 dərəcəli idmançılardır. Məktəbin yarışlarda yüksək nəticə əldə edən yetirmələri çox olub və məktəb onun adını şərəflə qoruyan yetirmələrinin adı və şöhrəti ilə hər zaman fəxr edib. Məktəbin uğurlu idman tarixinə öz adını həkk edən yetirmələrindən söz açarkən 2012-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən 1 Uşaq Həmrəyliyi Oyunlarında respublikanın yığma komandasında çıxış edən Rövşən Məhərrəmovun adını xüsusi vurğulamaq yerinə düşərdi. Murad Mustafazadə isə 2016-cı ildə bosketbol üzrə 18 yaşlılar arasında Avropa birincisi, 2017-ci ildə isə Avropa üçüncüsü olub. Həmçinin Ceyhun Həsənli Avropa birinciliyində 3-cü yerə layiq görülmüşdür. Adlarını çəkdiyimiz hər üç idmançının məşqçi-müəllimi Vüqar Musayevdir.
Ümumiyyətlə, məktəbin uğurlu nəticələr əldə etmiş yetirmələri arasında Yusif Kərimlinin, Süleyman Süleymanlının, Azadə Mustafazadənin və digərlərinin adını çəkmək yerinə düşərdi. Onların məşqçi-müəllimləri isə Gülnar Süleymanlı və Sadiq Mehtiyevdir.
Hətəm müəllim öz söhbətində vurğuladı ki, məktəbin məşqçi-müəllimləri müntəzəm olaraq öz peşəkarlıqlarını artırır, təlim-məşq, müasir metodika məsələləri üzrə konfranslarda iştirak edir, tərbiyə və təlim-məşq işlərinin təşkilində və keçirilməsində fəallıq göstərir, təlim-məşq prosesinin təkmilləşməsi istiqamətində səmərəli təkliflər irəli sürürlər. İdmanda əldə etdiyi nailiyyətlərə, nümunəvi davranışına və ictimai həyatda fəal iştirakına görə şagirdlərə təqdim edilən fəxri fərmanlar və təşəkkürnamələr isə gənc idmançıları daha böyük uğur qazanmağa ruhlandırır. Bu isə qazanılan uğurların sayını daha da artırır.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 25.11.2018 » Oxundu: 404
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!