Böyük təbiətli insanlar ömürlərini elə yaşayırlar ki, onların məsləkləri həyatlarına deyil, həyatları məsləklərinə xidmət edir. Məhz Məsud müəllim kimi. Minlərlə tələbəsinin, doktorantının qəlbində elm çırağını yandırmaq, onları milli-mənəvi dəyərlər ruhunda yetişdirmək Məsud müəllimin məsləki olmuş və onu bu günə qədər davam etdirmişdir. Onun mənəvi dünyası elə bir zəngin bir xəzinədir ki, onun incilərindən neçə-neçə müəllim, neçə-neçə alim bəhrələnmiş və bu gün də bəhrələnməkdədir. Məsud müəllim insanlıq və xeyirxahlıq rəmzidir. İnsanlığa xas olan, sözlə ifadəsi çətin olan nə qədər ali keyfiyyətlər varsa, onları Məsud müəllimdə görmək olar.
Məsud müəllim Azərbaycan dilçiliyində özünəməxsus sözü, elmi fəaliyyəti, çəkisi olan dilçi alimlərdən biridir. Düşünürəm ki, onu şərh etməyə ehtiyac yoxdur. Burda tanınmış klassik şairimiz Nəsiminin misraları yada düşür: “Kəs sözünü və əbsəm ol, şərhü-bəyanə sığmazam”. Bəli, Məsud müəllim öz sahəsinin hərtərəfli bilicisi kimi şərhü-bəyana sığmayan alimdir. Həmçinin o, müəllimlik keyfiyyətinə görə şərhə, izaha ehtiyacı olmayan nadir şəxsiyyətlərdən biridir. Lakin düşünürəm ki, Məsud müəllimlə bağlı fikir və düşüncələrimi ifadə etmək üçün elmi fəaliyyətindən, yaradıcılıq yolundan keçid etsək, daha doğru olar.
Məsud Mahmudov 1967-ci ildə Bakı Maliyyə-Kredit texnikumunun “Tezişləyən riyaziyyat maşınlarının proqramlaşdırılması” fakültəsinə qəbul olunmuş, 1971-ci ildə oranı “Texniki-riyaziyyatçı-roqramlaşdırıcı” ixtisası üzrə bitirmişdir. Ali təhsili Azərbaycan Dövlət Universitetindən (indiki BDU) başlamışdır. O, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1976-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elmə bağlılıq, axtarış həvəsi onu Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnistitutuna gətirir. O, 1976-cı ildən Müasir Azərbaycan dili şöbəsində yaradılmış tətbiqi dilçilik qrupunda kiçik elmi işçi vəzifəsində işləməyə başlayır. Tez bir müddətdə istedadı, bacarığı ilə seçildiyi üçün Gənc Alimlər Şurasına sədr seçilir, gənc alimlərin elmi seminarlarına rəhbərlik edir. Yeniliyə açıq olduğu üçün bu işin öhdəsindən uğurla gəlir. Tətbiqi dilçilik sahəsində 1977-ci ildə Valeri Pineslə birlikdə yazdığı ilk əsəri “Elektron hesablayıcı maşınlar dilçilikdə” kitabı onu gənc mütəxəssis kimi tanınmasına səbəb olur.
Məsud Mahmudov tətbiqi dilçilik üzrə tədqiqat işlərini davam etdirmək məqsədi ilə 1979-1981-ci illərdə A.İ.Gertsen adına Leninqrad Dövlət Pedaqoji İnistitutunun mühəndis dilçiliyi laboratoriyasına elmi təcrübəyə göndərilir. Bu müddət ərzində (1979-1982-ci illər) Məsud Mahmudov A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin riyazi dilçilik kafedrasının aspiranturasına daxil olur. Aspirantura illərində görkəmli alim R.Q.Piotrovskinin rəhbərliyi altında maşın tərcüməsinin mühüm mərhələlərindən olan formal morfoloji təhlil üzrə tədqiqat işi aparır. 1982-ci ildə “Türk dillərində söz-formaların formal morfoloji təhlili sistemi” mövzusunda dissertasiyasını uğurla müdafiə edib “Türk dilləri” , “Struktur, riyazi və tətbiqi dilçilik” ixtisasları üzrə filalogiya elmləri namizədi alimlik dərəcəsi alır.
Məsud Mahmudovun yüksək elmi təşkilatçılıq bacarığını dəyərləndirən Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti 1985-ci ildə onu Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi vəzifəsinə təyin edir. Öhdəsinə düşən işləri böyük məsuliyyətlə yerinə yetirən Məsud Mahmudov 1988-ci ildən İnstitutun elmi işlər üzrə direktor müavini seçilir və eyni zamanda ümumi və tətbiqi dilçilik şöhbəsinin müdiri təyin olunur.
Elmi-təşkilati işləri ilə yanaşı, Məsud Mahmudov doktorluq dissertasiyası üzərində də səylə çalışır. Onun 1994-cü ildə “Azərbaycan mətnlərinin avtomatik işlənməsi” mövzusunda uğurla müdafiə etdiyi doktorluq dissertasiyası maşın tərcüməsində böyük əhəmiyyət kəsb edən, dilçilikdə çətin və aktual olan problemə həsr olunmuşdur.
Məsud müəllimin elmi yaradıcılığı çoxşaxəlidir. O, riyazi dilçiliyə, maşın tərcüməsinə, dil tarixinə, orfoqrafiya və lüğətçiliyə, dil nəzəriyyəsinə aid bir sıra əvəzsiz əsərlərin müəllifidir.
Onun maşın tərcüməsi, avtomatik lüğətlərin tərtibi və kompüter dilçiliyi sahəsində xeyli sayda elmi əsəri çap olunmuşdur. "Kitabi-Dədə Qorqud" dastanının və Məhəmməd Füzulinin əsərlərinin statistik cəhətdən öyrənilməsi, “Azərbaycan dilinin tezlik lüğəti”, “Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət”, “Bitişik, yoxsa ayrı? (sorğu kitabı)”, “Azərbaycan dilinin əks əlifba lüğəti”, “Rumınca-azərbaycanca, azərbaycanca-rumınca lüğət” (V.Qərənfillə birlikdə) və digər lüğətləri onun lüğətçilik sahəsində gördüyü qiymətlli işlərdən hesab edilir.
1999-cu ildə çapdan çıxmış “Heydər Əliyev Dil haqqında və Heydər Əliyevin Dili” monoqrafiyası (A.Axundov və M.Məmmədovla şərikli) elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.
Alimin 2002-ci ildə nəşr olunmuş “Mətnin formal təhlili sistemi” adlı monoqrafiyası dilçilərlə yanaşı, süni intellekt və informatika sahəsində çalışan alimlər tərəfindən yüksək qiymətləndirilmiş və maşın tərcüməsi sistemlərində uğurla tətbiq olunmaqdadır.
Məsud Mahmudov müasir dilçiliyimizdə dünya dilçiliyinin yeni sahələrindən olan kompüter dilçiliyi istiqamətini yaradan alimlərdən biridir. Alimin bununla bağlı iki monoqrafiyası çap edilmişdir. 2013-cü ildə nəşr edilən “Kompüter dilçiliyi” monoqrafiyası bu mənada daha çox fərqlənir. Monoqrafiyada kompüter dilçiliyi, dil korpusu və milli korpus anlayışı, kompüter lüğətçiliyi və mətnin formal təhlili ilə bağlı geniş məlumat verilir.
Məsud müəllimin ən sanballı əsərlərindən biri də “Türk dillərinin milli korpusları” monoqrafiyasıdır. Monoqrafiya müasir dilçiliyin ən sürətlə inkişaf edən sahələrindən biri olan korpus dilçiliyinə həsr olunmuşdur.
2023-cü ildə çapdan çıxmış “Heydər Əliyev Azərbaycan dili və azərbaycançılıq” monoqrafiyası (A.Axundov, N.Məmmədli və M.Məmmədovla birgə) Azərbaycanda Ulu öndərin dil quruculuğu sahəsində gördüyü işlərdən, azərbaycançılıq məfkurəsindən danışılır, natiqliyi, çıxış və nitqlərinin dil xüsusiyyətləri təhlil edilir.
Ustadım prof. Məsud Mahmudovun elmi fəaliyyətindən uzun-uzadı danışmaq olar. Lakin düşünürəm ki, Məsud müəllimin tədiqaqat işləri haqqında verilən bu qısa məzmun deməyə əsas verir ki, o ölkəmizin nadir alimlərindən biridir və çıxşaxəli elmi yaradıcılığı ilə dilçiliyimizin zənginləşməsində misilsiz xidmətlərə sahibdir.
Məsud müəllimi təkcə elmi fəaliyyətinə görə qiymətləndirmək düzgün deyil. O, elmi yaradıcılığında fərqləndiyi kimi daxili keyfiyyətləri və müsbət xarakterinə görə də digər insanlardan öndədir. Onun tələbəsi olduğum üçün şanslıyam.
Məsud müəllim yüksək mənəviyyat, ziyalılıq, zəhmətsevərlik, insanlara hörmətlə yanaşmaq, onlarla düzgün ünsiyyət qurmaq kimi keyfiyyətlərə sahibdir.
Onu tanıdığım bu 23 ildə ondan yanlız elmin incəliklərini deyil, həm də insanlıq dərsi, ehtiyacı olanlara dəstək olmaq kimi dəyərləri öyrənmişəm. Ondan həqiqi müəllimliyi, müəllimliyin sirlərini, əyilməzlik, qürurluq, vicdani saflıq kimi keyfiyyətlərə yiyələnməyi öyrənmişəm.
Mən çox xoşbəxtəm ki, Məsud müəllimin həm tələbəsi, həm magistrantı, həm doktorantı olmuşam. Bu gün isə Məsud müəllim mənim elmi məsləhətçimdir. Təkcə elmi tədqiqatımla bağlı deyil, həyatda qarşılaşdığım çətinliklərlə də bağlı ondan məsləhət alıram. Sıxışdığım hər mövzuda Müəllimim yadıma düşür. O da sağ olsun, hər zaman məsləhət və tövsiyələri ilə mənim yanımdadır. Onun insanlıq dolu mənəvi keyfiyyətləri sayılası, bitəsi deyil. 23 ildir ki, öyrənirəm. Hər görüşümüzdə bir daha dərk edirəm ki, hələ bilmədiklərim var və öyrənəcəklərim çoxdur.
Əziz Müəllimim, bu gün Sizin 73 yaşınız tamam olur. Mən Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı, uzun ömür və uğurlu iş fəaliyyəti arzu edirəm. Arzu edirəm ki, yeni yaşınız Sizə və sevdiklərinizə düşərli olsun!
TƏRANƏ ADİL QIZI NAĞIYEVA
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
“Azərbaycan dilçiliyi” kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru