İnsan ömrü yalnız riyazi rəqəmlərlə hesablansa, yəqin ki, çox yanlış olardı. Axı ömür insana təkcə gün keçirmək üçün verilmir. Məşhurlardan biri deyib ki, elə yaşa ki, sanki sabah öləcəksən (yəni günah eləməkdən çəkin), həm də elə yaşa ki, sanki heç vaxt ölməyəcəksən (yəni oxu-öyrən, qurub-yarat). Həqiqətən də ömrün mənası qurub-yaratmaq, seçdiyin sahənin alimi, bilicisi olmaqdır. Belə olduğu təqdirdə ömür yolun riyazi rəqəmlərlə deyil, gördüyün işin dəyəri ilə ölçülür. Zaqatala Bölgə Təcrübə stansiyasının direktoru Nəbi Kərimov da məhz belə insanlardandır.
Nəbi Kərimov 1944-cü ildə Gürcüstanın Baş Keçid rayonunda dünyaya gəlib. 1970-ci ildə indiki Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Biologiya fakültəsinin Aspiranturasına qəbul olub. 1974-cü ildə biologiya elmləri namizədliyi üzrə dissertasiya işini müdafiə edib. Həmin ildən universitetin mikrobiologiya kabinetində əmək fəaliyyətinə başlayıb.
1976-cı ildə Mərkəzi Komitənin xətti ilə Zaqatala rayonuna təyinat alıb. 1976-1992-ci illərdə Zaqatala İxtisaslaşdırılmış Arıçılıq sovxozunun direktoru vəzifəsində çalışıb. 1993-cü ildə isə Zaqatala Bölgə Təcrübə stansiyasına müdir təyin olunub. Artıq 28 ildir ki, həmin vəzifədə çalışır.
Təcrübə stansiyasının tabeliyində hazırda 170 hektar torpaq ərazisi vardır. Stansiyanın əsas iş prinsipi keyfiyyətli taxıl toxumunun istehsalıdır. Nəbi müəllim məlumat üçün bildirdi ki, keyfiyyətinə və məhsuldarlığına görə bölgə üçün «Aran» sortu daha məqsədəuyğundur. Bu sort hər il 45 sentiner məhsul verə bilir.
Rayonda fermer təsərrüfatı xeyli inkişaf edib. Muxax kənd sakini Abdulla Mahmudov 150-200 hektara qədər sahədə qarğıdalı, buğda, günəbaxan və s. kənd təsərrüfatı məhsulları əkib-becərir. Məmmədxan Məmmədov isə rayonun Taldar kəndi ərazisində 200-300 hektar sahədə müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirir.
Nəbi müəllim onu da qeyd etdi ki, Zaqatalada 68 növ qarğıdalı sortu əkilib-becərilir.
Təcrübə stansiyasında büdcə hesabına maliyyələşən 25 nəfər işçi çalışır. Yay mövsümündə isə müqavilə əsasında işçilərin sayı 40-a yaxın olur. Burada təkərli traktor və kombayn, bir sözlə, lazım olan bütün texnikalar vardır.
Nəbi müəllim öz söhbətində Kənd Təsərrüfatı naziri İnam Kərimovun adını böyük ehtiramla vurğuladı və dedi ki, hörmətli nazir kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir.
Nəbi müəllim həm də qayğıkeş ailə başçısıdır. Ocağında bir qız, iki oğul övladı yetişib. Böyük oğlu Fuad Kərimov Prezident Aparatında Baş müşavir işləyib. Hazırda "Paşa Holding"-də şirkət müdiridir. Digər oğlu Anar Kərimov sahibkardır. Qızı isə Bakı məktəblərinin birində ingilis dili müəllimidir. Nəbi müəllim qürur hissi ilə onu da söylədi ki, Fuad və Anar orta məktəbi qızıl medalla bitiriblər.
İşiniz avand, ömrünüz uzun olsun, Nəbi müəllim.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.01.2021 » Oxundu: 596
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!