Dəmir yolları bütün dövrlər üçün əsas və əvəzedilməzliyi ilə diqqəti cəlb edib. Qoşa dəmir relslərin üzərində şütüyən qatarlar hər zaman ən vacib nəqliyyat vasitəsi hesab olunub. Müasir dövrümüzdə də bu dəyər özünü qoruyub saxlamaqdadır.
İmişli Lokomotivlərin İstismarı Deposu uzun illərdir ki, fəaliyyət göstərir. Müəssisəyə hazırda Sənan Sadiyev rəhbərlik edir.
Sənan Sadiyev 1976-cı ilin may ayının 29-da Yardımlı rayonunun Bozayran kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texniki Universitetin Nəqliyyat fakültəsinə qəbul olub. 1999-cu ildə universiteti Lokomotiv vaqonların təsərrüfatı ixtisası üzrə bitirib və həmin il təyinatla Bakı Lokomotiv Deposuna göndərilib. Burada əmək fəaliyyətinə başlayan Sənan müəllim 2000-ci ildə hərbi xidmətə yola düşüb və 2001-ci ilə qədər xüsusi təyinatlı qoşunların tərkibində hərbi xidmətdə olub. Əsgəri xidmətini başa vurduqdan sonra yenidən öz iş yerinə dönüb. O, 9 il elektrovozların əsas və cari təmiri sexində müxtəlif vəzifələrdə, o cümlədən usta, baş usta kimi çalışıb. Həmçinin dartı mühərrikləri və digər sexlərdə işləyib. 2019-cu ildə rəis müavini işləyib. 2020-2023-cü illərdə Manevr Lokomotivlərin istismarı xidmətində mühəndis işləyib. 2023-cü ilin avqust ayında isə İmişli Lokomotivlərin İstismarı Deposuna rəis təyin edilib.
Müəssisədə 122 işçi qüvvəsi çalışır. Burada orta aylıq əmək haqqı 540 manatdan başlayır. Maşınistlərin isə orta aylıq əmək haqqı 800 manat olsa da, onlar görülən işin müqabilində 1000-1200 manata kimi maaş ala bilirlər. Müəssisədə əsasən təcrübəli və peşəkar işçilər çalışır. Belə nümunəvi işçilərdən maşınistlərdən Əfruz Zərbəliyev, Ceyhun Quliyev, Kazım, Bayraməli və digərlərinin adını çəkmək yerinə düşər. Burada hazırda 8 lokomotiv vardır.
Sənan müəllim peşəkar mütəxəssis olmaqla yanaşı, həm də məsuliyyətli bir ailə başçısıdır və iki övlad atasıdır. Böyük övladı atasının yolunu davam etmək istəyir.
Sənan müəllim eyni zamanda maraqlı bir müsahibdir. O: «Dəmir yolu hər zaman gərəkli sahə olub. Eyni zamanda ağır və məsuliyyətli sahədir. Burada bütün qaydalara düzgün və ciddi əməl olunmalıdır. Xırda bir səhv böyük fəlakətə səbəb ola bilər. Müəssisəmizin bütün işçiləri öz məsuliyyətlərini dərindən anlayırlar və işlərinə ciddiyyətlə yanaşırlar. Məhz buna görə də burada işin keyfiyyətinə söz ola bilməz.
Dövlətin diqqət və qayğısını daima üzərimizdə hiss edirik. Öz keyfiyyətli işimizlə bu diqqət və qayğıya layiq olmağa çalışırıq. Müəssisəmizdə hər kəs öz işini, peşəsini ürəkdən sevir. Bu isə işin keyfiyyətinə müsbət təsirini göstərir» – deyir.
Gülağa
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü