Ölkəmizdə fəaliyyət göstərən Mərkəzi Qan Bankının 8 bölməsindən biri də Lənkəranda yerləşir. Bölmənin müdiri İlkin Əsədullayevdir. O, 1979-cu il dekabr ayının 25-də Astara rayonunun Pensər kəndində dünyaya gəlib. Orta məktəbi doğulduğu kənddə bitirəndən sonra elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olub və müalicə profilaktika ixtisası üzrə bitirib. 2003-2006-cı illərdə Astara Mərkəzi rayon xəstəxanasında həkim kimi fəaliyyət göstərib. 2004-2005-ci illərdə ordu sıralarında xidmət edib.
2006-cı ilin noyabr ayından 2022-ci ilin yanvar ayına kimi Lənkəran Müalicə Diaqnostika Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, həmçinin Transfizioloji şöbəsinin müdiri kimi hematoloq-həkim işləyib.
2020-2021-ci illərdə Lənkəran Müalicə Diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb. 2022-ci ilin fevral ayında Mərkəzi Qan Bankının Lənkəran bölməsinə müdir təyin edilib. Bölmə Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran bölgəsinə xidmət edir. Burada 13 işçi qüvvəsi çalışır. Bölmənin nümunəvi işçilərdən olan respublikanın fəxri həkimi Telman Zülfiqarovun bu şöbənin yaradılmasında böyük xidmətləri olmuşdur. Təcrübəli tibb işçilərindən Arzu, Səidə, Sevinc, Şölə, Jalə xanımların və digərlərinin adını çəkmək yerinə düşərdi.
Bölmənin işi haqqında ətraflı məlumat verən İlkin həkim dedi: " Bölməmiz müasir standartlara uyğun olaraq çox gözəl avadanlıqlarla təmin olunmuşdur.
Bir sıra xəstəliklər və bədbəxt hadisələr zamanı yaralanmış insanlara bəzən təcili qan lazım olur. Buna görə də bütün ölkələrdə qan donorluğu hərəkatı təbliğ olunur. Çünki hər bir insan qan verərək kiminsə həyatını xilas edə bilər. Azərbaycan da bu baxımdan istisana deyil və ölkədə kifayət qədər donor var ki, onlar müntəzəm olaraq qan verir və bununla faydalı olmağa çalışırlar. Amma əlbəttə ki, hər kəs qan donoru ola bilməz. Qan orqanizmi qidalandıran və ömür boyu dəyişməz olaraq qalan mayedir. Bu maye həyati əhəmiyyət daşıdığından bədən üçün olduqca əhəmiyyətlidir. Bir çox xəstəliklərin kökündə qanda yaranan problemlər durur. Orqanizm aldığı xəsarət nəticəsində qan itirdikdə insan üçün ciddi təhlükə yarada bilir. Belə hallarda dərhal xəstəyə qan köçürülür. Məlum olduğu kimi mənfi və müsbət rizuslu olmaqla 4 qan qrupu var. Statistikaya görə dünya əhalisinin 85 faizi müsbət, 15 faizi isə mənfi qan rizusludur. Qan bankımızda bütün qan qrupları üzrə donor qan tədarük olunur. Təmiz hesab olunan qanlar müəyyən laborator müayinələrdən keçirilərək istifadəyə yararlı olması müəyyən edildikdən sonra lazımı qaydada qablaşdırılır. Bəzi şəxslər var ki, onlardan qan götürmək qadağandır. Məsələn, spirtli içki düşkünləri, narkotik vasitələrdən istifadə edənlər, hansısa bir orqanı trasplatasiya olunmuş şəxslər, bəzi infeksion xəstəlikləri olan insanlar, ağır əməliyyat keçirmiş insanlar və s. Həmçinin diabet, anemiya, epilepsiya, xroniki bronxit xəstələri, hamilə qadınlar, ilk 6 ay müddətinə yüngül əməliyyat keçirmiş şəxslər qan verə bilməz. Bəzən tam sağlam hesab edilən insanlar da qan verə bilməzlər. Bu insanlar boyu ilə çəkisi tərs mütənasib olan insanlardır.
Hər il mütəmadi olaraq qanvermə aksiyaları keçiririk. Bu aksiyalar əsasən talesemiya və digər qana ehtiyacı olan xəstələr üçün keçirilir. Qan, ümumiyyətlə, 18-65 yaş arasında, çəkisi 50 kq-dan, boyu 1.50 sm-dən yuxarı olan fiziki cəhətdən tam sağlam, xüsusən də heç bir psixoloji problemi olmayan insanlardan götürülür. Lakin bəzi xəstəliklər zamanı qan vermək, ümumiyyətlə, vacib hesab edilir. Eyni zamanda qan vermənin müsbət göstəriciləri olduğu üçün müəyyən xəstəliklərdə qan vermə göstərişdir.
Dövlət proqramı çərçivəsində nikaha girən şəxslərin qan müayinəsi də çox gözəl nəticə verir. Bölməmizdə nikaha girən cütlüklərin də qan analizi verərək talessemiya və digər xəstəliklərin aşkar olunması üçün müayinəsi aparılır".
İlkin Əsədullayev həkim ailəsində boya-başa çatıb. Onun valideynlərihəkimlik də rayonun tanınmış həkimlərindən olublar. Qardaşı isə stomatoloqdur. Bəlkə belə bir mühitdə yetişdiyi üçündür ki, bu sahənin mahiyyətini dərindən anlayır. həkimlik sənətinə həddindən artıq məsuliyyətlə yanaşır. Məsuliyyət olan yerdə isə nöqsan tapmaq çox çətindir.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 29.04.2022 » Oxundu: 350
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!