Siyəzən rayon Təhsil şöbəsində 25 ümumtəhsil məktəbi vardır. Həmin məktəblərdən 1-i məktəb-lisey, 14-ü tam orta, 6-sı ümumi orta,1-i inteqrasiya təlimli internat tipli gimnaziya və 3-ü isə ibtidai məktəblərdir. 6787 nəfər şagirdin təlim-tərbiyəsi ilə 761 nəfər müəllim məşğul olur. Həmin müəllimlərdən 7 nəfəri Əməkdar müəllim, 3 nəfəri isə Əməkdar məşqçi fəxri adını daşıyırlar.
Rayonda təhsilə üstün inkişaf etdirilən sahə kimi xüsusi diqqət yetirilir. Rayonun yetirmələri Şimal regionunda ən yüksək nəticələr qazanmışlar. Rayonun istedadlı şagirdləri müxtəlif intellektual və yaradıcı müsabiqələrdə fəal iştirak edir, yüksək nəticələr əldə edirlər. Rayon Təhsil Şöbəsi dövlət təhsil siyasətinin əsasını təşkil edən bu işlərin təşkilatçısı, koordinatoru və rəhbəri kimi fəaliyyət göstərir.
Siyəzən rayon Təhsil şöbəsinin müdiri Pərvin Ağasiyevdir. O, 1986-cı ildə Siyəzən rayonunun Yenikənd kəndində anadan olub. Siyəzən rayon V.Qasımov adına Yenikənd kənd tam orta məktəbində tam orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və 2007-ci ildə həmin universiteti Tarixçi müəllim ixtisası üzrə bitirib. Hərbi xidməti bitirdikdən sonra Siyəzən rayon R.Məmmədov adına Eynibulaq kənd tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
2008-2011-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində qiyabi qaydada “Qədim dünya tarixi” ixtisası üzrə magistratura təhsili alıb.
2010-cu ildən 2017-ci ilədək əmək fəaliyyətini Siyəzən şəhər 6 saylı məktəb-liseydə davam etdirib. 2017-2019-cu illərdə Siyəzən şəhər Ş.İsmayılov adına 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 2019-cu ildə Siyəzən Rayon Təhsil şöbəsinə müdir təyin olunub.
Rayon Təhsil şöbəsi haqqında məlumat verən Pərvin müəllim qeyd etdi ki şöbənin pedaqoji kollektivi 1120 nəfərdir və onların 762-si müəllimdir. Şagirdlərin sayı isə 2 min 246 nəfərdir. Son illərdə məzunlar 600 bala qədər bal toplaya bilmişlər. Məzunların 40 faizi həmişə yüksək bal toplayıblar. Məzunların 2 nəfəri Prezident təqaüdçüsüdür.
Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə rayonun 2 saylı məktəbi əsaslı təmir olunur. Qozağacı və Qalaaltı məktəblərində modul tipli məktəb quraşdırılıb. Bu ilin sonuna kimi də Qalaşıxı kənd ibtidai məktəbdə modul tipli məktəb quraşdırılacaq. Son 10 ildə Siyəzən təhsilində 10 məktəb tikilib və internat tipli gimnaziya əsaslı təmir olunub.
Yusif Yusifov, Nəcməddin Mürvətov, İlhamə Sultanova, Səmayə Hüseynova, Tatyana Səlimova respublikanın əməkdar müəllimləridir. 1 saylı məktəbin direktoru da əməkdar müəllimdir və məktəb «İlin ən yaxşı məktəbi» müsabiqəsinin qalibi olub. Həmçinin 6 saylı məktəb də «İlin ən yaxşı məktəbi» müsabiqəsinin qaliblərindəndir. 1 saylı tam orta məktəbin müəllimi Vahid Məmmədov “Tərəqqi medalı”na, 2 saylı tam orta məktəbin müəllimi Mətənət Qədəşova “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşlər.
Pərvin müəllim rayon təhsilinin ümumi vəziyyətindən söz açaraq deyir: «Ümumi orta təhsil pilləsi əhatə səviyyəsinə və miqyasına görə təhsil sisteminin ən geniş pilləsidir. Təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin, yaradıcılıq fəallığının, təşəbbüskarlığının və məsuliyyətinin yüksəldilməsi ümumi təhsilin əsas inkişaf prioritetlərini müəyyən edir. Şagirdlərin təlim-tərbiyəsinin səviyyəsini yüksəltmək, tədris planları və proqramlarının yerinə yetirilməsi, maddi-tədris bazadan məqsədyönlü istifadə edilməsi, məktəblərin və məktəb rəhbərliyinin, müəllimlərinin, tərbiyəçilərinin yaradıcılıq fəaliyyətinin təmin edilməsi, mövcud nöqsanların aradan qaldırılması orta ümumtəhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdəndir. Rayonda beynəlxalq təcrübəyə uyğun olaraq təhsil sahəsində çalışanlar üçün seminarların, müşavirələrin, konfransların təşkili, humanitar və yerli ictimai təşkilatlarla müvafiq istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi ümumtəhsil sahəsinin dinamik inkişafını təmin edir. Bundan əlavə ümumi orta təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə bir sıra proqram və layihələr hazırlamış və hazırda həyata keçirilməkdədir».

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 16.08.2020 » Oxundu: 1241
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!