“Prezident İlham Əliyevin Azərbaycanın dövlətçilik tarixində ən böyük uğuru 2003-cü ildə ölkənin prezidenti seçildikdən sonra Heydər Əliyev siyasi kursunu davam etdirməsi oldu. Ali baş komandan bu siyasi kursu layiqincə qorudu, inkişaf etdirdi”.

Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi nüfuzunu, hərbi qüdrətini da artırıb.

Onun sözlərinə görə, 2003-cü ildən indiyədək Azərbaycan bir sıra uğurlara imza atıb: “Bu müddət ərzində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, bu, böyük nailiyyət idi. Ölkəmiz kosmik ölkələr sırasına daxil olub. Ölkə iqtisadiyyatı 3.2, valyuta ehtiyatları 23 dəfə artıb, 2 milyona yaxın iş yeri açılıb. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində 12 min kilometrdən artıq yol çəkilib, 2200-dən artıq məktəb, 650-dən çox xəstəxana tikilib, təmir və bərpa olunub”.

Deputat vurğulayıb ki, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rola malikdir: “Bu müddət ərzində mühüm əhəmiyyət kəsb edən TANAP və TAP layihəsi həyata keçirildi. Bundan başqa, ölkəmiz böyük nəqliyyat dəhlizinə çevrilib. Ötən illər ərzində ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi edib. Sadalananlar ölkənin nüfuzunun artdığının göstəricisidir”.

A.Hüseynov qeyd edib ki, Azərbaycan ordusu dünyanın qüdrətli orduları sırasındadır: “Ordunun maddi-texniki bazası kiifayət qədər möhkəmləndirilib. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordu sırasındadır. 2016-cı ilin aprel döyüşləri zamanı ordumuz bunu sübut etdi, işğalçıya layiqli cavab verdi, xalqımıza Lələtəpə şərəfini yaşatdı. Bütün bunların ən başlıcası isə Azərbaycan xalqı ilə iqtidarı arasında böyük inam və ehtiram var. İlham Əliyev bu müddət ərzində Azərbaycan xalqının maraqlarını qoruyub”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli, deputat Tahir Kərimli də 15 il ərzində ölkənin xeyli inkişaf etdiyini vurğulayıb.

O qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə irəli gedib: “Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir. Bunun üçün bütün addımlar atılır. İlham Əliyevin hakimiyyəti dövründə hökumət daxilində islahatlar həyata keçirilib, bu islahatlar davam etməkdir. O cümlədən, qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb”.

T.Kərimli İlham Əliyevin rəhbərliyi ilə ölkənin daha da inkişaf edəcəyini vurğulayıb: “Həyata keçirilən bir sıra beynəlxalq layihələr ölkəmizə dividendlər gətirir. Ölkə həm siyasi, həm də hərbi sahədə xeyli inkişaf edib. Bunun davamlı olacağına əminik”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Report”a açıqlamasında İlham Əliyevin 15 il müddətində gördüyü işləri yüksək qiymətləndirib.

Onun sözlərinə görə, İlham Əliyevin hakimiyyətə gəldiyi dövr Azərbaycan üçün regional, beynəlxalq, daxili problemlərlə müşayiət olunub, lakin İlham Əliyevin dövlət rəhbərliyinə gəlişi Azərbaycanı, Cənubi Qafqaz regionunu bir çox problemlərdən xilas edib: “Nə Gürcüstan, nə də Ermənistan regional proseslərin yönləndirilməsində, iqtisadi, siyasi gələcəyinin formalaşmasında Azərbaycan qədər önəmə malikdir. İlham Əliyevin Heydər Əliyev kimi siyasət patriarxından sonra liderliyə gəlişi ilə xalqın inamını, etibarını, maraqlarını qoruyub saxlaya bildi. İstər sovet dövründə, istərsə də müstəllik illərində ölkəyə rəhbərlik etmiş Heydər Əliyev kimi bir şəxsin varisi olmaq, bunu yalnız bioloji övlad kimi deyil, daha artıq dərəcədə siyasi kursun davamçısına çevrilmək asan deyildi. Çünki insanlar hansısa hadisə baş verdikdə “Heydər Əliyev olsaydı, nə edərdi?” kimi paralellər aparacaqdılar. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 2-3 müxtəlif xarici ssenarilərin qarşısını almaq mümkün oldu”.
Deputat qeyd edib ki, Azərbaycanın həm daxili, həm də beynəlxalq mövqelərinin güclənməsi İlham Əliyevin adı ilə bağlıdır: “İlham Əliyev strateji planlama lideridir. Dövlət başçısı yüksək ideyalarla yaşamağı bacaran, xalqını dəqiq hədəflərə apara bilən liderdir. İlham Əliyevin 15 illik prezidentlik dövrü millətimiz üçün uğurlu olub, bu kurs davam etməkdədir. İlham Əliyevin 2018-ci ildə prezident seçilməsi sübut edir ki, o, milli faydaları xalqı üçün yaşatmaqdadır”.

Milli Məclisin deputatı Cavid Osmanov “Report”a deyib ki, Azərbaycan son 15 ildə tarixdə ən böyük inkişaf yolunu keçib.

Onun sözlərinə görə, ölkə beynəlxalq aləmdə bir sıra nailiyyətlər əldə edib, bu müddət ərzində ölkə iqtisadiyyatı 3.2 dəfə artıb, iş yerləri açılıb, məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib, istifadəyə verilib: “Ölkə üçün böyük əhəmiyyəti olan bir neçə beynəlxalq layihə icra olunur. Bütün bunlar gələcəyə təminatdır. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 illik dövr tarixə qızıl hərflərlə yazılıb. Azərbaycanın artan hərbi qüdrəti deməyə əsas verir ki, ordumuz istənilən an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır. Bu uğurların əsasında Heydər Əliyev siyasi kursu dayanır. Ali baş komandan İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Hazırda ölkədə əmin-amanlıqdır, xalqla iqtidar arasında birlik mövcuddur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünyada sabitlik adasıdır. Ölkədəki sabitlik İlham Əliyevin rəhbərliyi ilə davam edəcək”.

Xatırladaq ki, 2003-cü il oktyabrın 15-də İlham Əliyev Azərbaycanın prezidenti seçilib. İlham Əliyev 2008, 2013 və 2018-ci ildə keçirilən prezident seçkilərində də qalib olub.

 

KRİTERİ.AZ

Daxil olundu: 15.10.2018 » Oxundu: 861
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!