1993-cü ilin 15 iyununda artıq o vaxtadək dünyanın siyasi arenasında öz sözünü demiş, şöhrəti ölkə hüdudlarını çoxdan aşmış olan böyük siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyev xalqımızın demək olar ki, ən acınacaqlı günündə; parçalanma təhlükəsinin yaşandığı bir vaxtda ümumxalq istək və tələblərinə, dəvətlərinə; bir sözlə Böyük Vətən çağrışlarına biganə qalmamış, vətənin və vətəndaşın harayına yetişmiş, qısa zamanda çox gərgin bir əməyin nəticəsində isə Respublikamızı dağılmaqdan qoruyaraq onun yolunu tənəzzüldən tərəqqiyə doğru dəyişmişdir. Məhz, bu zamandan başlayaraq xalqımız dövlət rəhbərliyi tərəfindən yalan vədlər deyil, real xidmət görür və onun ətrafında sıx birlik nümayiş etdirirdilər. Beləliklə də vəfalı xalqına güvənən Ulu Öndər siyasi müdrikliyi, çox zəngin dövlət idarəetmə təcrübəsi, cəsarəti, qətiyyəti və yorulmaz fəaliyyəti, vəfalı xalqına xidmət sədaqətiylə anarxist baxışların, vətəndaş qarşıdurmasının önünü kəsmiş, son dərəcədə ağır olan sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasında fədakarlıq nümayiş etdirmiş, beləliklə də dövlət müstəqilliyimizi bütün təhlükələrdən qoruyaraq sarsılmazlığını təmin etmişdir.
15 İyun - Milli Qurtuluş Günü həm də Azərbaycan xalqının taleyində bir dönüş nöqtəsi olmuş, xarici havadarların məkrli planlarına hər an xidmət edən düşmən-təxribatçı birliklərinin məhvinin təməl planları bu tarixdən atılmış, ölkəmizin parlaq gələcəyi naminə uğurlu strategiyaların əsası qoyulmuşdur.
Yüksək xalq etimadını qazanan Böyük Lider şərəfli Azərbaycançılıq ideyalarının müntəzəm yayılmasını təmin etmək məqsədilə bu azad reallığın Milli oyanış və qurtuluşun açdığı yolla, həmçinin böyük xalqın gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlər vəd edən inkişafına doğru təməl prinsiplər işləyib hazırlamışdır; Milli iqtisadiyyat dirçəldilmiş, sosial sahədə gerilik və ətalət aradan qaldırılmış, Respublikada planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurlu keçid prosesi təmin olunmuş, köklü istisadi islahatlar şəraitində əhalinin sosial müdafiəsinin gücləndirilməsi fəaliyyət sahəsinin aparıcı istiqaməti olmuşdur. Onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü addımların atılması, sosial siyasət kursunun etibarlı və əsaslı formalaşması prosesi təmin edilmişdir.
Əsas məqsədinin vətəndaşların rifah hallarının yaxşılaşdırılması olan dahi Lider müharibə iştirakçıları, şəhid ailələri və əlillər kimi həssas qrupa daxil olan ehtiyyac sahiblərinin daim xidmətlərində olmuş, onların bütün sosial-iqtisadi ehtiyyaclarının ödənilməsi üçün fədakarcasına əmək sərf etmişdir.
1993-cü ilin 15 İyunundan başlayaraq Respublikamızda həyata keçirilən məqsədyönlü islahatlar illər davam etdikcə əsas məğzin haqlı, düşünülmüş və qüsursuz siyasi kurs olduğuna diqqətləri çəkməyə başladı. Ölkəmizin böyük inkişaf strategiyasının əsas özəyini təşkil edən bu siyasi kursun xallq-dövlət birliyi devizinin bu gün demək olar ki alternativi yoxdur. Qazanılmış yüksək etimadın, gərgin məqsədyönlü əməyin və xalq-millət sevgisinin bəxş etdiyi fədakarlığın, buvaxtadək əldə olunan böyük uğur və nailiyyətlərin məğzində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən başlanılan; mayası xalq sevgisiylə yoğrulan möhtəşəm siyasi kurs və bu kursun ən zəruri tələblərini layiqli şəkildə yerinə yetirən Prezident İlham Əliyev dühası dayanır. Məhz, belə bir dayanıqlı, dinamik inkişafın yaratdığı real əminlik şəraitində Azərbaycanımızın gələcək inkişaf yolu işıqlı və firavan görünür; hazırkı şəraitdə belə ölkəmiz beynəlxalq arenada dinamik inkişaf edən, vətəndaşının həyat şəraitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində çalışmalar apararaq modern həyat konsepsiyasını işləyib hazırlayan, nüfuzu getdikcə daha çox artan və bu üstün keyfiyyətləri ümumdünya müstəvisindən də heyranlıqla izlətdirən bir ölkəyə çevrilib və təbii ki, bütün bunlar biz vətəndaşların böyük qürur hissiylə şahidi olduğumuz məqamlardır.
Dövlətçilik tariximizin ən şanlı və şərəfli zamanlarından birini yaşadığımız hazırkı dönəmimizdə təkcə bu günümüzün üstünlükləri deyil, keçmiş itkilərimizin bərpa olunuraq parlaq gələcəyə hədəflənən çox böyük strateji həmlələr də qürur və iftixar hissi də qeyd edilməlidir. Milli, mənəvi, mədəni dəyərlərimizin ön plana çıxdığı, qədim və köklü xalqımızın bütün potensialının, yaradıcı təfəkkür timsalında parlaq istedadların, ümumbəşəri dəyərlərimizin bütün dünyaya nümayiş etdirdiyimiz bu dönəm əslində böyük oyanışın başlanğıc mərhələsidir və ümüdvarıq ki, bu uğurlu amal qədirbilən xalqımızın xalq-dövlət birlik şüarı və dəstəyilə davamlı olaraq yaşadılacaqdır.
Onu da vurğulamaq istərdik ki, artıq Regionun əsas güc mərkəzlərindən birinə çevrilən ölkəmizin bugünkü durumu heç də təsadüfü deyildir. Belə ki, zamanında atılan düzgün və sağlam təməlli addımlarla əhali sayının artım tempinin qorunmasını həyata keçirən Azərbaycan bu gün sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Durmadan inkişaf edən iqtisadi göstəricilərimiz, güclü ordu quruculuğumuz, sosial-siyasi sabitlik şəraitə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdırmış olan, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm örnəkçisi, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir.
Milli Qurtuluş Günü xalqımızın tarixində böyük ictimai, siyasi və həyati önəmə malik əsl xilaskarlıq tarixidir, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına yönəldilmiş bir fədakar ömrün həyat səlnaməsi, yaşam fəlsəfəsi, xoş və müqəddəs nümunəsidir. Əminliklə qeyd edə bilərik ki, dogma Azərbaycanımızın əldə etdiyi böyük tarixi uğurlar, nailiyyətlər, ölkəmizi xoşbəxt gələcəyə aparan yol məhz, bu uğurlu tarixdən başlamışdır. Buna görə də Milli Qurtuluş Bayramı Uca xalqımızın fədakar övladına bir hörmət nişanəsidir.

Dəyanət Əskərov
Lənkəran Dövlət Universiteti nəzdində
Sosial və Aqrar-Texnoloji Kollecin şöbə müdiri

Daxil olundu: 15.06.2021 » Oxundu: 635
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!