Bərdə Uşaq xəstəxanasının həkimi Ramiz Əhmədov 1980-ci ildə Bərdə rayonunda anadan olub. Bərdə şəhər 4 saylı məktəbin birinci sinfinə gedən Ramiz 1996-cı ildə orta təhsilini başa vurub və Bakı Dövlət Tibb Universitetinə qəbul olub. 2002-ci ildə ali təhsilini bitirib. 2003-cü ildə isə internaturanı başa vurub və həmin ildən Bərdə Uşaq xəstəxanasında uşaq cərrahı işləyib. 2020-ci ildən isə Bərdə Müalicə-Diaqnostika Mərkəzində cərrah işləyir.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı ölkənin bütün vətənpərvər oğulları kimi Ramiz həkim də cəbhə bölgəsinə yollanıb. Tərtər, Suqovuşan və digər bölgələrdə gedən döyüşlər zamanı ağır şəraitdə həkim kimi çalışıb. Yüzlərlə yaralı hərbçinin həyatını xilas edib. Ramiz həkim bu haqda: «Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi bizim üçün qəhrəmanlıq səhnəsi oldu. Sanki sınaq məktəbi keçdik bu müharibədə. İgid oğullarımızın vətənpərvərlik duyğuları daha da coşdu, əsl cəngavər kimi döyüşlərə atılaraq qələbə qazandı. Təəssüf ki, bu yolda şəhidlərimiz də oldu, sağlamlığını itirən qazilərimiz də. Müharibədə ən vacib məsələlərdən biri həkim xidmətidir. Yaralı döyüşçülərimizin sağlamlığının qayğısına qalmaq, onların yarasına məlhəm olmaq, yarasını sarımaq hər bir həkimin tərcümeyi-halına yazılan şərəfli anlardır. Belə anlarda bəzən yaralının həyatı həkimdən asılı olur. Bu zaman həkim gərəkli olduğunu dərk etdiyi kimi, məsuliyyət hissini də daha da artırmalı, döyüşçülərə can-başla xidmət etməlidir. Döyüş zamanı ilk tibbi yardım kimi, cərrahiyyə xidməti də çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan özümü xoşbəxt hiss edirəm ki, yaralı döyüşçülərimizin sağlamlıqlarına qovuşmasında mənim də xidmətim olub» – deyir.
Həqiqətən də Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Rəsmi məlumata əsasən müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb.
Ramiz həkim müharibədə olduğu müddətdə onun üçün nigaran qalan insanlar arasında pasientləri də var idi. Onun xəstələri olmuş bəzi insanlar Tərtərdən, Bərdədən, Yevlaxdan, Goranboydan redaksiyamıza çoxlu sayda minnnətdarlıq məktubları ünvanlayıblar. Onlardan biri də Tapdıq Kərimovdur. O, öz məktubunda deyir: «Ramiz həkim mənim həyatda minnətdar olduğum insanlardan birincisidir desəm, yəqin ki, səhv etmərəm. O, peşəkar həkim olmaqla yanaşı, həm də çox qayğıkeş, təvazökar bir insandır. Əli şəfalıdır. Məncə həkim yalnız sənəti ilə deyil, insanlığı ilə də xəstələrinə şəfa olmağı bacarmalıdır. Ramiz həkim məhz belələrindəndir. O, nəinki öz cərrah bıçağı ilə, hətta insani keyfiyyətləri ilə də xəstələrinin sağlamlıqlarına qovuşmasına yardımçı olur. Mən də sağlamlığıma qovuşduğum üçün özümü Ramiz həkimə borclu hesab edirəm. Buradan üzümü ona tutub demək istəyirəm ki, sağ olun, Ramiz həkim. Sizin kimi qədirbilən, qayğıkeş, istedadlı həkimlərin varlığı bizlər üçün böyük töhfədir. Yaşayın, yaşayın ki, insanları da yaşada biləsiniz. Tanrı sizi qorusun!».
Ramiz həkimin adına ünvanlanmış minnətdarlıq məktubları gəlməkdə davam edir. Bu məktubları oxuduqdan sonra belə qənaətə gəlmək olur ki, insan hansı sahədə çalışmasından asılı olmayaraq qayğıkeşliyini, meşribanlığını, ən əsası isə qarşı tərəfə olan hörmət və ehtiramını əsirgəməməlidir.

Tapdıq Kərimov

Daxil olundu: 26.02.2021 » Oxundu: 685
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!