Buludxan Xəlilov: “Dövlət Dil Komissiyasının nəzdində yeni yaradılan Monitorinq Mərkəzi dövlətin dil siyasətinə praktiki olaraq yardımçı olacaq. Bu çox əhəmiyyətli bir məsələdir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Sənədə əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi”zi yaradılacaq.
Ölkə başçının Fərmanı ilə Monitorinq Mərkəzinin yaradılmasını müsbət qarşılayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov Kriteri.az-a bildirib ki, bu mərkəz dilimizin işlədiyi bütün sferalara nəzarət edəcək.
“Bu çox əhəmiyyətli bir məsələdir. Əvvəla Prezidentin Sərəncamı ilə yeni tərkibdə Dövlət Dil Komissiyasının yaradılması bir daha onu göstərdi ki, dilə münasibət zamanın inkişafı ilə bağlı olaraq daha da aktuallaşıb. Çünki dilin lüğət tərkibi dəyişir, dilin işləklik imkanları yeniləşir və bunların hamısı məcbur edir ki, Dövlət Dil Komissiyasının özü də yenilənsin, zamanla ayaqlaşa bilsin. Ona görə də cənab Prezidentin imzaladığı Sərəncamla Dövlət Dil Komissiyasının tərkibinin yenidən formalaşdırılması zamanın tələbindən irəli gəlir. Bu gün zaman həm də nəyi tələb edir? Artıq elektron lüğətlərin, elektron kitabların, elektron vəsaitlərin dövrüdür. İndi yalnız çap nəşrləri ilə informasiya əldə etməklə kifayətlənmək olmur. Eyni zamanda, biz reklamlar dövründə, informasiya mübadiləsi çağında yaşayırıq. Bu kimi məsələlərin tənzimlənməsi üçün də Dövlət Dil Komissiyasının nəzdində yeni bir mərkəzin yaradılmasına çox ehtiyac vardı. Bu mərkəz dilin işləndiyi bütün sferalara nəzarət edəcək. Ona görə də ölkə başçısının bu məsələyə diqqətlə yanaşması çox təqdirəlayiqdir. Bu Monitorinq Mərkəzi dövlət büdcəsindən maliyyələşəcək. Bu mərkəzin öz işçiləri olacaq və onlar bu sahədə fəaliyyət göstərəcəklər. Dövlət Dil Komissiyasının nəzdində yeni yaradılan Monitorinq Mərkəzi dövlətin dil siyasətinə praktiki olaraq yardımçı olacaq. Bu mərkəz rəsmi qurum olaraq fəaliyyət göstərəcək” - deyə B.Xəlilov bildirdi.
Prezident Fərmanının təqdirəlayiq olduğunu qeyd edən B.Xəlilov hesab edir ki bu, dilə, mənəviyyata, dilin sabahkı inkişaf istiqamətlərinə verilən əvəzsiz dəyərdir.
B.Xəlilov bildirdi ki, hazırda dünyada dillər arasında rəqabət çox aktuallaşıb və hətta bu gün beynəlxalq dil kimi özünü təsdiqləyən dillərin bu rəqabətə tab gətirə biləcəyini zaman göstərəcək. “Belə olduğu təqdirdə, Azərbaycan dilinin tətbiqi işi ilə bağlı Dil Komissiyası yanında belə bir mərkəzin yaradılması o deməkdir ki, biz zamanla ayaqlaşırıq. Yəni bu o deməkdir ki, dövlət başçısı səviyyəsində Azərbaycan dilinin inkişafını, gələcək perspektivlərini görə bilirik. Bu mərkəzin yaradılması məsələsi alqışlanmalıdır. Müqayisə üçün deyim ki, nə postsovet məkanında, nə də digər ölkələrdə dilin gələcək inkişafı, perspektivləri ilə bağlı belə əvvəlcədən proqnozlaşdırma yoxdur. Əlbəttə, bu amil Prezidentimizin uzaqgörənliyinə dəlalət edən bir məsələdir”. B.Xəlilov, həmçinin, dedi ki, mərkəz KİV-lərin, eləcə də reklamların dilinə, bir sözlə, dilimizin işlədildiyi bütün sferalara nəzarət edəcək.

Buludxan Xəlilov

ADPU-nun Filologiya fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru, professor

Daxil olundu: 06.11.2018 » Oxundu: 1173
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!