Rasim Heydərov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Monitorinq şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

 

“Orfoepiya” termini dilçiliyimizdə heç də yeni söz deyil. Ədəbi dilin şifahi qolunu ümumi normalar əsasında formalaşdıran tələffüz qayda-qanunları sistemi orfoepiya adlanır. Orfoepiya anlayışını həm dar, həm də geniş mənada başa düşmək olar. “Orfoepiya anlayışını geniş mənada qəbul etmək məqsədə daha uyğundur. Çünki ədəbi tələffüzün əsas cəhətləri, xüsusən bu və ya digər səsin müəyyən fonetik şəraitdə, yəni ayrılıqda, digər həmcins və ya ayrı cins səslə yanaşı olduqda, sözün əvvəlində, ortasında, sonunda olduqda, qrammatik formalarda və söz birləşmələrində yanaşı gəldikdə necə tələffüz edilməsi qayda-qanunları, eləcə də vurğu, intonasiya normaları geniş mənada orfoepiya anlayışı ilə üzvi surətdə bağlı məsələlərdəndir” (1, s. 142). Lakin son illər bəzi tədqiqatçılar bu terminin doğru olmadığını əsas gətirərək onun sözün əvəzinə “orfofoniya” termininin işlədilməsinin vacibliyinə qeyd edirlər. Bu barədə danışarkən F.Veysəlli yazır: “... “orfoepiya” termini dilimizdə yerində işlənməyən sözdür. Bundan fərqli olaraq “orfofoniya” sözü ifadə etdiyi mənaya görə öz funksiyasına daha çox uyğun gəlir. “Ortho” yunanca düz, “fonia” isə səslənmə demək olduğu üçün bu termin dilin düzgün səslənməsini özündə etiva edən lüğətin adına daha uyğundur və münasibdir” (2, s. 5).
“Orfofoniya” lüğəti hazırlanarkən işçi qrupunun üzvü olmuş və lüğətdəki Ç – D hərflərinin müəllifi kimi qeyd etmək istərdik ki, fikrimizcə, bu iki termin heç də həmişə bir birini əvəz etmir və “orfofoniya” lüğəti lüğətin redaktorunun da qeyd etdiyi kimi, danışıq dili lüğətidir. Bu tip lüğətlər isə hər bir sözün tələffüzünü daha incəliklərə qədər eksperimental metodla öyrənir və beynəlxalq transkripsiya ilə oxucuya çatdırır. Olduqca ağır zəhmət hesabına başa gələn bu lüğətdə hər bir sözün tələffüzü dəqiqliyinə qədər verilmişdir. Bu lüğətdə eyni zamanda sözlərin ən çox işlənən variantları da əks olunmuşdur. Fikrimizcə, orfofoniya lüğəti daha çox tədqiqatçılara və Azərbaycan dilini yeni öyrənən əcnəbilərə olduqca yararlı bir lüğət – tədqiqat əsəridir. Bu mənada “orfofoniya” və “orfoepiya” anlayışlarını qarışdırmaq olmaz. Azərbaycan dili üçün orfoepiya normalarının hazırlanması dilçiliyimiz qarşısında zamanın tələbi kimi durur. Şübhəsiz, bu prinsiplər hazırlanarkən orfofoniya lüğətini hazırlayan işçi qrupunun təcrübəsindən də yararlanmaq lazımdır.
Müasir Azərbaycan dilinin sabitləşmiş orfoqrafiya qaydaları olduğu kimi, ümumi orfoepiya qaydaları da mövcuddur. Lakin qeyd olunmalıdır ki, orfoqrafiya qaydaları rəsmi təsdiq olunsa da, orfoepiya qaydaları ilə bağlı belə yekdillik yoxdur. Bu səbəbdən də bu sahədə kifayət qədər boşluqlar vardır. Bu barədə danışarkən, “Müasir Azərbaycan dili” monoqrafiyasının müəllifləri yazır: “İndiyədək Azərbaycan ədəbi dilinin yazılı qoluna aid normaların müəyyənləşdirilməsi və qaydaya salınması sahəsində xeyli iş görülmüşdür. Lakin eyni fikri ədəbi dilin şifahi qolu haqqında söyləmək düzgün olmaz. Halbuki müasir dövrdə şifahi ədəbi dil sahəsinin işlənmə dairəsi çox genişlənmişdir; biz hər gün radioda, televiziyada, səhnədə, məruzələrdə, çıxışlarda müasir Azərbaycan şifahi ədəbi dilini eşidirik. Lakin şifahi ədəbi dil sahəsində vahid qaydaların olmaması üzündən çox vaxt bir sıra sözlərin deyilişi, şəkilçilərin tələffüzü xoşagəlməz təsir bağışlayır. Bəzən ədəbi dildə danışmağa çalışanlar öz tələffüzlərini süni olaraq yazı dilinə, başqa sözlə, orfoqrafiya qaydalarına tabe etməyə çalışırlar” (3, s. 82).
Daha sonra müəlliflər yazır: “Bir sözlə, orfoepiya sahəsində hərc-mərclik gözə çarpır. Bunun qarşısını almaq üçün müasir Azərbaycan dili orfoqrafiyasının əsaslarını və orfoepiya qaydalarını tezliklə işləyib hazırlamaq lazımdır” (3, s.82). Üstündən xeyli vaxt keçsə də təəssüflə qeyd olunmalıdır ki, bu məsələ hələ də öz həllini tapmayıb. Xüsusən də nəzərə almaq lazımdır ki, müstəqillik illərində orfoqrafiyamızda kifayət qədər dəyişikliklər olmuş, yeni qaydalar tətbiq edilmişdir. Məsələn, məlum olduğu kimi, əvvəllər dilimizdə apostrof işarəsi var idi və bu işarə ilə biz iki hadisəni işarə edirdik: sait uzanması və heca bölgüsü. İndi biz artıq əvvəllər apostrof işarəsi ilə verilən sözləri uzun tələffüz ediriksə, Kənan, Sənan kimi sözləri də dilimizə uyğun olaraq “Kən-an”, “Sən-an” kimi deyil, “Kə-nan”, “Sə-nan” kimi tələffüz edirik. Deməli, müstəqillik illəri üçün orfoqrafiya qaydaları kimi, orfoepiya qaydalarının da yenidən işlənməsi və təsdiq olunmuş qaydada nəşri vacibdir.
Müasir Azərbaycan ədəbi tələffüzünün əsasını ölkəmizin müxtəlif regionlarında yaşayan Azərbaycan ziyalılarının danışığı təşkil edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilinin orfoqrafiya qaydaları da əsasən, fonetik prinsip əsasında qurulub. Bu səbəbdən də dilimizdə orfoqrafiya və orfoepiya arasında o qədər də ciddi fərqlər nəzərə çarpmır. Amma bu o anlama gəlməməlidir ki, dilimizin orfoepik qaydaları bəsitdir. Dilimizdə kifayət qədər tələffüz fərqləri olduğundan onların ciddi tədqiqinə böyük ehtiyac var. Nəzərə alsaq ki, bu sahədə, demək olar ki, son illər ciddi tədqiqatlar yoxdur, onda bu sahədə nə qədər boşluqların olduğu görünər.
Ümumiyyətlə, Azərbaycan dilinin orfoepiya və orfoqrafiya, əsasən, fonetik prinsipə əsaslanır. “Əksər Azərbaycan sözlərinin, xüsusən də sadə sözlərin deyilişi ilə yazılışı arasında heç bir əsaslı fərq olmadığı üçün onların orfoepiyası ilə orfoqrafiyası eyni cür qəbul olunmuşdur. Buna görə də indi bir çox və şəkilçilərin tələffüz normalarını müəyyənləşdirərkən onlar yazıldığı kimi də tələffüz edilməlidir. Məhz fonetik prinsipə əməl olunması dilin milli təbiətini əks oprinsipə - xalqın danışığına, canlı nitqə, ümumən isə dilin fonetik sisteminə əsaslandıqda müəyyənləşdirilə bilər.
Orfoqrafiyamızda fonetik prinsipə böyük üstünlük verildiyindən, dilimizin fonemlərinin əksəriyyətinin qrafik işarəsi olduğundan (doğrudur k, kˋ səsləri üçün bir işarə var) orfoqrafik, fonetik və orfoepik normaların qətiləşdirilməsində bəzi prinsiplər ümumilik təşkil edir (4, s. 14).
Azərbaycan dilinin orfoqrafiya və orfoepiyası arasında fərqli cəhətlər aşağıdakılar kimi qeyd edilir:
Ədəbi tələffüzün əsas prinsipi tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla, sürətlə tələffüz edilən və zərif, incə, gözəl səslənən cəhətləri saxlamaqdan ibərət olmalıdır.
Orfoepiyada ümumxalaq danışıq xüsusiyyəti daşıyan cəhətlərə yer verilir, dar dialekt xüsusiyyətləri isə nəzərə alınmır.
Orfoepiyada saitlərin uzun və qısa tələffüzü xüsusi əhəmiyyətə malikdir.
Şəkilçilərin tələffüzündə də ahəng qanunu əsasən gözlənilir; lakin orfoepiyanın prinsipləri ilə əlaqədar olaraq bəzi şəkilçilərin tələffüzündə ahəng qanunundan kənara çıxma halları nəzərə çarpır.
Assimilyasiya və səs düşümü hadisəsi şifahi dilin xüsusiyyəti ilə bağlı olduğu üçün bunlara orfoepiyada daha geniş yer tutur (5, s. 5-6).
Azərbaycan dilinin orfoepiyasından danışarkən vurğu məsələsinə də toxunmaq lazımdır. Nəzərə almaq lazımdır ki, vurğu məsələsi dilçiliyimizdə daha az tədqiq olunan məsələlərdən sayılır. Orfoepiya ilə sıx bağlı olan vurğu məsələsinə də bu qaydalar hazırlanarkən xüsusi diqqət yetirmək lazımdır. Nəzərə almaq lazımdır ki, “şifahi ədəbi dilin ən çox işlənən sahələrindən biri də şifahi kütləvi informasiya vasitələridir (KİV). KİV-də (əsasən, televiziya və radioda) informasiyaların, mətləblərin çatdırılmasında şifahi dil normalarına əməl olunması şəksizdir. Televiziya və radioda müxtəlif elm və istehsal sahələrinə aid daha çox ayrı-ayrı əcnəbi mənşəli söz və terminlərin tələffüzündə bir çox çətinliklər onlarda vurğunun düzgün deyilib-deyilməməsi ilə də bağlıdır” (6, s. 3).
Nəzərə almaq lazımdır ki, müstəqillik dövründə dilimizə kifayət qədər yeni söz daxil olmuşdur ki, bu sözlərin tələffüzündə vurğunun yeri hələ də dilçiliyimizdə araşdırılmamışdır. Bu səbəbdən də bu sahədə də ciddi tədqiqatlara ehtiyac vardır.
Orfoepiya üçün ən əsas məsələ isə heç şübhəsiz tələffüz şəraiti ilə bağlıdır. Qeyd olunmalıdır ki, orfoepiya müxtəlif məqam və şəraitdə işlənən sözlərdə səslərin yerinə görə necə tələffüz olunması normalarını öyrənir. “Söz dedikdə, biz söz köklərini, düzəltmə sözləri, müxtəlif şəkilçi qəbul edərək qrammatik əsasda dəyişilmiş sözləri, mürəkkəb sözləri, eləcə də söz birləşmələrini təşkil edən sözlərin baş hərfləri və ya ilk hissələri tərkibindən düzəldilmiş qısaltma sözləri bu ad altında tanıyırıq. Belə sözlər isə söz birləşmələrində, ifadələrdə, cümlələrdə müxtəlif məqam və şəraitdə işlənir” (7, s. 156).
Deyilənlərdən belə bir nəticə əldə etmək olur ki, orfoepik normalar müəyyənləşdirilərkən dil vahidlərinin tələffüzünü üç şərait əsasında nəzərdən keçirmək lazımdır:
1. Lüğəvi şəraitdə tələffüz;
2. Qrafik şəraitdə tələffüz;
3. Qrammatik şəraitdə tələffüz.
Lüğəvi şəraitdə tələffüz dedikdə səslərin söz qabığı daxilində tələffüz edilməsinin qaydaları nəzərdə tutulur. Məlum olduğu kimi, yazılı ədəbi dilimizdə söz daxilində səslərin ən müxtəlif kombinasiyalarına rast gəlinir. Lakin dilimizdə heç də həmişə bütün səs kombinasiyalarının tələffüzdə işlənməsi mümkün deyil. Bu səbəbdən də səslərin söz daxilində işlənməsi lüğəvi şəraitdə tələffüzün əsasını təşkil edir. Lüğəvi şəraitdə tələffüzün tədqiqi orfoepiyamızın qarşısında duran əsas məsələdir desək, yanılmarıq. Çünki sözlərin necə tələffüz edilməsi tədqiq edilərkən ilk növbədə lüğəvi şərait nəzərdə tutulur, çünki sözlərin əsas hissəsinin tələffüzü söz daxilindəki səslərin ardıcıllığından asılıdır. “Sözlərin fonetik qabığını formalaşdıran sait və samit səslərin söz daxilində hansı məqamda işlənməsi ilə bağlı olaraq necə tələffüz edilməsi məhz lüğəvi şərait əsasında müəyyənləşdirilir. Bu şərait isə sözün tərkibində saitlərin, samitlərin hər hansı məqamda, yəni söz başında, söz ortasında, söz sonunda işlənməsi ilə, həm də eyni məxrəcli və ya uzaq məxrəcli səslərlə yanaşı olması ilə bağlıdır. Məhz buna görə də lüğəvi şəraitdə tələffüzü müəyyənləşdirərkən sözlərin tərkibindəki saitlərin və samitlərin belə məqamları əsas meyar kimi, diqqət mərkəzində olmalıdır” (7, s. 159).
Lüğəvi şəraitdə tələffüz zamanı dilin bütün səslərinin söz daxilində işlənmə tezliyi müəyyənləşdirilməli, onların kombinator birləşmələrdə işlənmə məqamları öyrənilməli, səs məxrəcləri nəzərə alınaraq müasir ədəbi dilimizin tələffüz normaları müəyyən edilməlidir.
Tələffüzün ikinci əsas tipi qrafik şəraitdə tələffüzdür. Qrafik şəraitdə tələffüz dedikdə abreviaturaların – qısaltmaların tələffüzü nəzərdə tutulur. Məlumdur ki, dilimizdə xeyli sayda qısaltmalar mövcuddur ki, bu qısaltmaların yazılışı və tələffüzü də linqvistik baxımdan əhəmiyyət kəsb edir. Qısaltmaların sayı son illər durmadan artır və çox vaxt onlar vahid söz prinsipi ilə tələffüz edilir. Lakin diqqət etsək görərik ki, bu tip qısaltmalar heç də eyni prinsiplə səslənmir. Məsələn, BMT və APU eyni yazılsa da, tələffüz zamanı biri Be: M – Te kimi hərf, hərf, digəri isə A – PU kimi iki heca şəklində tələffüz edilir. Deməli, qısaltmaların tələffüzü də özünəməxsus xüsusiyyətlərə malikdər və onların tələffüzünün öyrənilməsi də orfoepiyamızın qarşısında duran məsələlərdəndir.
Tələffüzün ən son prinsipi isə qrammatik şəraitdə tələffüz adlanır ki, bu da öz növbəsində iki yerə bölünür:
1. Morfoloji şəraitdə tələffüz;
2. Sintaktik şəraitdə tələffüz.
Morfoloji şəraitdə tələffüz deyərkən sözlərə şəkilçilər qoşulduqdan sonra onda və şəkilçidə baş verən tələffüz dəyişmələri nəzərdə tutulur. Məsələn, “oğlan” sözündə -dan şəkilçisi qoşularkən söz kökünün son samitinin təsiri ilə -dan şəkilçisi –nan kimi tələffüz olunur. Məsələn, “oğlannan”.
Sintaktik şəraitdə tələffüz dedikdə isə sözün söz birləşməsi və cümlə daxilindəki tələffüzü nəzərdə tutulur. Çünki dilimizdə sözün son səsi ondan sonra gələn sözlərin ilk səsindən asılı olaraq dəyişir. Məsələn, “papaq” sözünün son səsi ondan sonra gələn sözdən asılı olaraq həm “ğ”, həm də “x” kimi tələffüz oluna bilər. Mən papaq aldım – cümləsində “papaq” sözü “papağ” kimi, Mən papaq satıram – cümləsində isə eyni söz “papax” kimi tələffüz olunur. Bu isə sintaktik şəraitdə tələffüzün xüsusiyyətidir. Sintaktik şəraitdə tələffüz nitq mədəniyyəti üçün, xüsusən də radio və televiziya üçün xüsusi əhəmiyyətə malikdir.
Ümumiyyətlə, qeyd olunmalıdır ki, Azərbaycan dilinin orfoepiya qaydaları hazırlanarkən hər üç prinsip nəzərə alınmalı, eyni zamanda vurğu və intonasiya məsələlərinə də diqqət edilməlidir.
İ.Məmmədov isə Azərbaycan dilinin orfoepiya qaydalarından danışarkən onun səkkiz prinsipini müəyyənləşdirir:
Tələffüzdə asanlıq; 2. Danışığın mahiyyətini qorumaq; 3. Qənaət prinsipi; 4. Çətin tələffüz olunan, yazılışı deyilişindən fərqli olan söz və ifadələrin xalq danışıq dilinə uyğun fonetik variantlarının qəbul edilməsi; 5. Fonetik hadisələrə əməl olunma prinsipi; 6. Azərbaycan dilinin təbiəti, səs və heca sistemi nəzərə alınıb bir çox sözlərin tələffüz forması dəqiqləşdirilməlidir; 7. Dilin özünəməxsusluğunu ifadə edən fonetik hadisələrin alınma sözlərə tətbiqi nəticəsinədə fonetik normaların qətiləşdirilməsi. 8. Orfoepik, fonetik normalar müəyyənləşdirilərkən ahəng qanununun gözlənilməsi (4, s. 15).
Şübhəsiz, Azərbaycan dilinin orfoepiya lüğəti hazırlanarkən bu prinsiplər nəzərə alınmalıdır. Azərbaycan dili orfoepiyası hazırlanarkən əsas problemlərdən biri də alınma sözlərin orfoepiyası məsələsidir. Bu məsələyə münasibət dilçiliyimizdə birmənalı deyil. Məsələn, Azərbaycan dili orfoepiyası ilə bağlı tədqiqatları ilə tanınan Ə.Əfəndizadə yazır: Rus dilindən alınan sözlərdəki vurğusuz hecalarda işlənən o saiti, əslinə müvafiq olaraq, çox zaman [a] kimi tələffüz olunur; məsələn, motor - m[a]tor, kolxoz - k[a]lxoz, kombayn - k[a]mbayb, komsomol - k[a]msamol və s. (8, s. 143). İ.Məmmədov isə bu sözlərin rus dilinə uyğun olaraq “a” ilə tələffüzünü doğru saymır. “Zənnimizcə, bütün alınma sözlərdə birinci və sonrakı vurğusuz hecalarda gələn “o” foneminin “a” məxrəcində tələffüzünü norma saymaq olmaz. Bir şey var ki, bu nə Azərbaycan dilinin orfoepik normalarına uyğun gəlir, nə də bu cür tələffüz mənbə dildə həmişə belə olur” (4, s. 17).
Fikrimizcə, Azərbaycan dilinin orfoepiya qaydaları hazırlanarkən dilimizin öz fonetik qanunlarına əsaslanmaq lazımdır.

Ədəbiyyat:

1. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. B., Şərq-Qərb, 2007, 256 s.
2. Veysəlli. Azərbaycan dilinin orfofoniyası haqqında // Azərbaycan dilinin orfofoniya lüğəti. B., Mütərcim, 2016, s. 3-26
3. Müasir Azərbaycan dili. Üç cilddə, I cild. B., Çıraq, 2010, 352 s.
4. İ.Məmmədov. Azərbaycan dilinin orfoepiya normaları haqqında // Axtarışlar, yozumlar, anımlar. B., Elm, 2006, s. 13-19
5. Azərbaycan dilinin orfoepiya sözlüyü. Bakı, Elm, 1983, 144 s.
6. İ.Məmmədov. Ön söz. Vurğu lüğəti. B, Elm, 1993, 84 s.
7. Ə.Dəmirçizadə. Müasir Azərbaycan dili. B., Şərq-Qərb, 2004
8. Ə.Əfəndizadə. Orfoqrafiya – orfoepiya lüğəti. B., Azərnəşr, 1989, 151 s.

 

Daxil olundu: 15.10.2018 » Oxundu: 16396
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!