«Təhsilin inkişafı dövlətimizin daim diqqət mərkəzindədir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz – deyən ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə qayğı ilə yanaşır, onun əhəmiyyətini vurğulayırdı. Məhz ümummilli liderin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanmışdır. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olmuşdur. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, bütövlükdə kompleks şəkildə inkişaf edir.
Təhsil sahəsi daim möhtərəm Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezident qeyd edir ki: «Biz inkişaf etmiş ölkələrin təcrübəsini yaxşı bilirik. Və görürük ki, o ölkələr sözün əsl mənasında inkişaf edir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin, praktiki
tədbirlər görülsün, həm təhsil sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və ən önəmlisi təhsilin keyfiyyəti artsın». Yerlərdə fəaliyyət göstərən təhsil şöbələri də məhz bu amala xidmət etməli, bu məqsəd uğrunda çalışmalıdırlar. Beyləqan Təhsil şöbəsinin qarşıya qoyduğu məqsəd də məhz budur».
Bu sözlər Beyləqan Təhsil şöbəsinin müdiri Tahir Həsənova məxsusdur. Bu vəzifəyə təyin olunduğu az müddət ərzində rayon təhsilində nəzərəçarpacaq dönüş yaratmağı bacaran Tahir müəllim mənalı ömür yolu ilə də çoxlarına örnəkdir. O, demək olar ki, ömrünün uzun bir dövrünü pedaqoji fəaliyyətə sərf edib. Gənc nəslin təlim-tərbiyəsində, elm, savad qazanması yolunda fədakarcasına çalışıb.
Tahir Həsənov 1956-cı ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Bakı 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə orta təhsilini başa vurub. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun riyaziyyat fakültəsini bitirib. Elə həmin il təyinatla Füzuli rayonuna göndərilərək rayonun Bala Bəhmənli kənd tam orta məktəbində müəllim işləyib. Daha sonra pedaqoji fəaliyyətini rayonun Ayıbasanlı kənd tam orta məktəbində davam etdirib. 1987-1996-cı illərdə Füzuli rayon Təhsil şöbəsində metodist işləyib. 1997-2012-ci illərdə Füzuli rayonunun 55 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb. 2012-2018-ci illərdə Beyləqan RTŞ-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib. 2018-ci ilin dekabr ayında isə Beyləqan rayon Təhsil Şöbəsinə müdir təyin olunub.
Tahir müəllim məlumat üçün bildirdi ki, rayonda 7 şəhər, 46 kənd məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 13 minə yaxın şagird təhsil alır və şagirdlərin təlim-tərbiyəsi ilə 550-yə yaxın müəllim məşğul olur. Son illərdə rayonda 10 məktəb binası tikilib istifadəyə verilib və 4 məktəb əsaslı təmir olunub. Onu da qeyd edək ki, bu il məktəb məzunlarının 30 faizi ali təhsil ocaqlarına yüksək balla qəbul olunublar. Tahir müəllim söhbətində onu da qeyd etdi ki, Prezident cənab İlham Əliyevin 2019-cu ili «Nəsimi ili» elan etməsi bizi daha da ruhlandırıb. Hazırda məktəbimizdə «Nəsimi ili» ilə bağlı təşkil olunacaq tədbirlərə böyük hazırlıq işləri aparılır. Belə tədbirlər şagirdlərin xüsusi bacarıqlarının üzə çıxmasında, dünyagörüşlərinin inkişafında, ən əsası isə dünya klassiklərini daha dərindən anlayaraq dərk etməsində əhəmiyyətli rol oynayır.

Gülağa Cəfər
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 19.06.2019 » Oxundu: 1312
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!