Ölkə Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi Mikayıl Müşfiqə aidliyi güman edilən nəşlə əlaqədar məsələni nəzarətə götürməsi və bununla bağlı araşdırmalar apamaqdan ötrü xüsusi komissiya yaradılması üçün göstəriş verməsi hər kəsi son dərəcə mənun qoymuş, sevindirmişdir. 
Müşfiq və digər reressiya qurbanlarımızla bağlı məsələnin gündəmə gəlməsinin təşəbbüsçüsü Eynulla Fətullayev bu münasibətlə mətbuatda haqlı olaraq dövlət başçımıza dərin minnətdarlığını ifadə etmişdir.
Təbii ki, Eynulla Fətullayevin özünə də ayrıca "sağ ol!" deməliyik.
Nəcib fikirlər, layiqli təşəbbüslərlə cəmiyyət həyatına fayda vermək həmişə təqdirəlayiqdir. Bu yolda daim ardıcıl olmaq və ruhdan düşməmək gərəkdir. 
Bunu ona görə yazıram ki, bir ara Eynullada kimlərinsə biganəlik göstərməsi ucbatından incik notlar da duydum.
Xeyirxah işlərdə dönməz olmaq gərəkdir. Geci-tezi var, hər millətəxeyir addım, hər işıqlı əməl əvvəl-axır mütləq görünür!
Mən Eynullanı xeyli gənc vaxtlarından (hərçənd indi də cavandır) tanıyıram. 
1990-cı illər idi və bir gün millət fədailəri Həsən bəy Ağayevin nəvəsi, Əhməd bəy Pepinovun - Ömərbəyovun qızı Sevda xanım mənə söylədi ki, bizə (o vaxtlar Əmək və sosial təminat naziri işləyən) Əli Nağıyevlə bir gənc gəlmişdi, çox bəyəndim, zəkalı uşaqdır.
İllər keçib, Eynulla Fətullayev iti, çevik qələmi, özünəməxsus təhlil və yanaşmaları, biliklərinin əhatəsi ilə Azərbaycan mediasında məxsusi yerini qazanıb və yaratdığı sayt da səviyyəsi ilə seçilməkdədir.
Eynullaya təşəkkür edirəm ki, millətin yaralı yeri olan belə bir həssas problemi gündəmə gətirib.
Bir neçə gün öncə - oktyabrın 31-də istedadlı qələm adamı, dəyərli jurnalist və publisistimiz Mirşahin Ağayev zəng vurdu ki onun rəhbərlik etdiyi "Real" televiziyasına gəlib Müşfiq və digər repressiya qurbanlarımızla bağlı düşüncələrimi bölüşüm.
Həmin gün böyük bir tədbir keçirmişdik, bununla əlaqədar mətbuata materiallar hazırlayırdım, o səbəbdən də iş yerimdən aralanmaq imkanım yox idi.
Mirşahin çəkiliş qrupunu göndərdi və danışdım.
Minnətdaram ki, efirdə də gen-bol yer əsirgənmədi.
Mən təxminən yeniyetməlik çağlarımdan televiziya və radio məkanı ilə bağlıyam, dünyanın ən aparıcı radiostansiyalarının da əməkdaşı olmuşam, 10 ildən artıq "Amerikanın səsi"ndə işləmişəm.
Efir məkanı üçün operativliyin, informasiya havasından iy çəkə bilməyin, yeniliklərdən, haqqında bəhs edilməli ən vacib mətləblərdən hər kəsdən erkən duyuq düşməyin sadəcə fərasət, bacarıq deyil, xüsusi istedad olduğunu yaxşı bilirəm.
Bütün başqa istedadlarından savayı Mirşahində bu talant da var. 
Və bunu hər gün də işi ilə sübut edir. 
Müşfiqə münasibətdə də bir daha ortaya qoydu!
Təşəkkürlərimi ən əvvəl ona görə belə açıq bəyan edirəm ki, bir az da həvəslənsin, yeni dəyərli işlər görməyə ilhamlansın. 
Bu qəbil yaradıcı insanlar üçün onları görməkdən, "sağ ol"larını əsirgəməkdən artıq nə mükafat olar!

Akademik Rafael Hüseynov

Daxil olundu: 03.11.2018 » Oxundu: 1436
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!