Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda Mətbuat konfransı keçirilmişdir.

Dil hər bir xalqın milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür. Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalrının qorunması hər bir vətəndaşın borcudur.  Bu fikirlər bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilən mətbuat konfransında səsləndi.

Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu açaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırdı. Akademik bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq bu mövzu ilə bağlı əlaqədar qurumların nümayəndələri ilə belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışdı.

Mətbuat konfransında çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva Dövlət Proqramının Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq, mövcud dil mənzərəsini öyrənmək üçün şöbə əməkdaşlarının bir neçə istiqamətdə monitorinqlər apardığını və son illər Azərbaycan dilinin istifadəsi ilə bağlı irəliyə doğru atılan addımlarda Monitorinq şöbəsinin böyük rol oynadığını bildirdi.

Daha sonra institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qaziyeva musiqiçilərin ifasında müşahidə olunan  dil qüsurları və aparılan monitorinqlərin nəticələri barədə məlumat verdi. Nəzərə çatdırıldı ki, bu sahədə aparılan monitorinqlər göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili normalarından kənaraçıxmalara təsadüf olunur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən nitq normalarına təsir göstərmək imkanına malikdir. Bunlar nəzərə alınaraq musiqi ifaçıları ədəbi dil normaları məsələsinə daha həssas yanaşmalıdırlar.

Məsələ ətrafında müzakirələrdən sonra  mətbuat konfransının iştirakçıları KİV nümayəndələrinin suallarını cavablandırmışlar.

 

Kriteri.az

Daxil olundu: 19.10.2018 » Oxundu: 974
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!