1918-1920-ci illərdəki müstəqilliyindən ibrət götürən Azərbaycan xalqı 26 il bundan öncə gələcək taleyini bir daha müəyyənləşdirməyə cəhd edərək bugünkü inkişaf yoluna çıxdı, müstəqil dövlətçilik ənənələrini qoruyub saxladı və möhkəmləndirdi. “Biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq!” – deyən dahi Heydər Əliyevin tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı kimi milli mənafeyimizə hesablanmış məqsədyönlü siyasəti coğrafi ölçüləri baxımından kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı.
Özünün ən ağır və məşəqqətli günündə xalqımız vahid və əvəzolunmaz liderinə, zəngin siyasi təcrübəyə və dünya miqyasında böyük nüfuza malik olan müdrik və dahi rəhbərinə güvənərək onun göstərdiyi doğru-düzgün, nurlu inkişaf yolunu seçdi. Heydər Əliyev öz yenilməz dühasını, qüdrətli siyasi gücünü bir daha sübut edərək doğma xalqını müqəddəs arzulara, rifaha və əmin-amanlığa qovuşdurdu, sabaha böyük inam və nikbinliklə baxmağa ruhlandırdı. Bu baxımdan bizim müasirimiz olan Heydər Əliyevin çoxsahəli fəaliyyəti Azərbaycan tarixinin şanlı salnaməsini təşkil edir.
Ulu öndərin memarı olduğu Azərbaycan dövlətinin inkişafı və yüksəlişi bir daha onun şəxsiyyətinin böyüklüyünü, əvəzolunmazlığını göstərdi. Xalqımızın dahi oğlu həm də milli dövlətçilik tariximizin yaradıcısı və canlı əfsanəsi idi. Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün siyasi yol və fəaliyyətinin bütün istiqamətləri yalnız xalqımızın həyat şəraitinin yaxşılaşdırılmasına, maddi rifah halının yüksəldilməsinə yönəlmişdi. Buna görə də xalqımız milli liderinə hər zaman inanaraq özünü heç zaman onun rəhbər dühasından ayrı hiss etmirdi. Hətta özünün ən ağır anlarında belə xalqımızın Heydər Əliyevə müraciət etməsinin də məhz əsl səbəbi xalqla rəhbəri arasında sarsılmaz, möhkəm birliyin olmasında idi.
Gördüyü bütün təqdirə layiq işlər ilə xalqın rəğbətini qazanan, Azərbaycanın milli maraqlarını qoruyan, ölkəmizin təhlükəsizliyinə nail olan cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi alternativsiz lider olaraq qəbul edilir. Cənab Prezidentimiz haqqında ABŞ-ın nüfuzlu politoloqlarından olan Zbiqnev Bjezinskinin qeyd edir: “Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konsruktivliyi ilə seçilir. Mən onu 10 ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir rəhbərdir. İndi isə O, özünəinamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir”. Mən də xoşbəxtəm ki, bizim cənab İlham Əliyev kimi qətiyyətli, əhalinin qayğısına qalan, insanlarla tez-tez təmasda olan, ölkəmizin təhlükəsizliyini qoruyan biz gəncləri düşünən, ölkəmizi modern ölkəyə çevirən, cəmiyyətdə demokratik dəyərləri qoruyan prezidentimiz var.
Bu gün respublikamızda həyata keçirilən islahatlar ölkəmizin iqtisadi gücünün daha da sürətlənməsinə və vətəndaşlarımızın yaşayışının yaxşılaşmasına xidmət edir. Həyatın bütün sahələrini əhatə edən bu islahatlar dövlətimizin qəbul etdiyi müvafiq proqramlar əsasında həyata keçirilir və artıq demək olar ki, öz real nəticələrini, bəhrəsini verməkdədir.

Rəşad Cəbrayılov
Salyan Rayon İcra Hakimiyyəti başçısının
müavini – ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan
Partiyası Salyan Rayon Təşkilatının sədri

Daxil olundu: 27.05.2019 » Oxundu: 1989
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!