Quba Elmi Tədqiqat İnstitutunun Göyçay Dayaq məntəqəsinin müdiri Ramil Zeynalov 1977-ci il yanvar ayının 18-də Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı institutuna qəbul olub. 1996-cı ildə ali təhsilini bitirib və əmək fəaliyyətinə başlayıb.
Ramil müəllim məlumat üçün bildirdi ki, rəhbərlik etdiyi Göyçay dayaq məntəqəsi 1926-cı ildən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat institutu kimi fəaliyyət göstərir. Məntəqənin 97 hektar torpaq sahəsi var. Burada narçılığın inkişafına xüsusi diqqət yetirilir və hazırda narın "Hicaz" sortuna üstünlük verilir. Ramil müəllim onu da qeyd etdi ki, Göyçayın adı gələndə ilk ağıla gələn nar olur. Göyçay narın məskəni sayılır. Ən dadlı nar növləri məhz burada yetişir. Artıq neçə illərdir ki, sağlamlığımız üçün əvəzedilməz nemət sayılan nar meyvəsinin şəninə bayram da təşkil edilir. Sevindirici haldır ki, Nar bayramı "Unesko"-nun beynəlxalq bayramlar siyahısında yer alıb. Nar bayramlarının keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni, sosial-iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir.
Nar Azərbaycanın demək olar ki, bütün rayonlarında yetişir. Amma Göyçay narı dadına, tamına, növlərinə, keyfiyyətinə, insanların sağlamlığında xüsusi əhəmiyyətinə görə digər yerlərdəki narlardan fərqlənir. Burada narın 70-ə qədər sortu yetişdirilir. Nar yeganə meyvədir ki, başında tacı var və ona görə də meyvələrin şahı hesab olunur.
Məntəqədə həmçinin xurma, nar və innab kolleksiya bağları da vardır. Burada xurmanın 9 sortu yetişdirilir. Ötən il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məntəqəyə bütün lazımı texnikalar verilib. Burada çalışan elmi işçilərdən narın tədqiqi üzrə çalışan Oqtay müəllimin, heyvanın tədqiqi üzrə çalışan Firdovsi müəllimin, xurmanın tədqiqi üzrə çalışan Bəhlul müəllimin adını çəkmək yerinə düşərdi.
Ramil müəllim onu da qeyd etdi ki, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra ölkəmizin bütün bölgələrində olduğu kimi məntəqədə də xüsusi ruh yüksəkliyi var. Burada hər kəs daha böyük həvəslə, daha böyük coşqu ilə çalışır. Çünki xalqımıza qələbə sevinci yaşadan igidlərimizə daha çox vitaminli meyvə sortları yetişdirməyi özümüzə mənəvi borc bilirik.

Gülağa Cəfərov
Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daxil olundu: 23.01.2021 » Oxundu: 644
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!