İnsanlar ən qədim zamanlardan öz hisslərini, daxili aləmlərini ifadə etmək üçün musiqiyə, rəssamlığa, rəqsə müraciət ediblər. Bu gün hətta ənənəvi təbabət də incəsənətin müalicəvi təsirini, yəni artterapiyanı qəbul edir. Psixoloqlar bu metoddan istifadə etməklə ünsiyyət problemlərini həll etməkdə, qorxularını dəf etməkdə, özünə inam qazanmaqda uşaqlara və böyüklərə yardımçı olurlar.
Uşaqlarda təsviri sənətlə müalicədə şəklin bədii məziyyətlərinə qiymət verilmir. Artterapiya uşağa şəkil çəkməyi öyrətmək deyil, nəyin necə çəkildiyini qiymətləndirmək də deyil. Əsas vəzifə insanın öz hisslərini necə varsa, eləcə də təzahür etdirməsidir.
Uşaqlarda qorxu hissi və qorxunc yuxuların qarşısının alınmasında, onların davranış pozuntularının, məsələn, hiperaktivliyin korreksiyasında şəkil çəkmək vasitəsilə psixoloji iş effektiv metod hesab edilə bilər. Nitq problemlərinin həllində - kəkələmənin, tələffüz çətinliklərinin aradan qaldırılmasında da artterapiyanın yaxşı nəticələri olur. Bu hallarda və ümumiyyətlə, psixoloji problemləri olan hər kəsdə təsviri sənətlə məşğul olma müsbətə doğru dəyişikliklər əmələ gətirir. İlk növbədə, istisnasız olaraq hamıda özünüqiymətləndirmə səviyyəsi yüksəlir, uşaq özü ilə fəxr etməyə başlayır. Ümumilikdə götürdükdə isə, bu müalicə metodunun təsirini, bir mütəxəssisin dediyi kimi, belə ifadə etmək olar: “Artterapiya çox vaxt kömək edir, bəzən müalicə edir, amma hər bir halda ürək-dirək verir”.
Artterapiya proqramları məşğələlərində uşaqlar müsbət emosiyalarla yanaşı, qorxu, nifrət kimi anlayışlarla da işləyirlər. Bəzi psixoloqlar bunun uşaq psixikasına mənfi təsir etdiyini desə də, artterapevtlər bunun əksini düşünür, hesab edirlər ki, əgər üşaq bu nifrətin, yaxud qorxunun şəklini çəkirsə, bu çox yaxşıdır. Çünki bu hissləri ifadə etmək, onları “buraxmaq”, “özündən kənar etmək” insanı psixoloji cəhətdən yüngülləşdirir, rahatlaşdırır.
Təsviri sənət terapiyasını psixoloqlar da həyata keçirə bilər, müəyyən hazırlıq keçmiş valideynlər də. Əgər ana həqiqətən də öz uşağı ilə oturub şəkil çəkmək, yaxın ünsiyyətdə olmaq arzusundadırsa, o, övladına müəyyən qədər kömək edə bilər. Bunun üçün o, bir valideyn kimi öz həyəcanını boğmalı, uşaq gözlənilməz nəsə çəkdikdə belə panikaya düşməməlidir. Şəkildə əksini tapanlar uşağın daxili aləmi, şəxsi həyatıdır. O nə qədər qorxunc və əcaib şeylər çəksə də, əsas odur ki, o öz daxilində olan nəyisə artıq ifadə edib. Deməli, bu qorxuların öhdəsindən gəlib və onlardan azad olub. Bundan əlavə, valideynlər şəkilləri özləri şərh etməkdən çəkinməlidirlər. Uşaq nə çəkdiyi barədə özü danışmalıdır. Onu tələsdirmək, ona təzyiq etmək olmaz. İmkan verilməlidir ki, o nə çəkdiyini yalnız özü lazım biləndə, bunun üçün özünü hazır və qüvvətli hesab edəndə izah etsin.
Uşaq şəkil çəkərkən, hiss və həyəcanlarını, arzu və istəklərini ifadə etmək üçün imkan tapır, müxtəlif situasiyalara öz münasibətini yenidən qurur, onu qorxudan, ürəyinə yatmayan və psixoloji cəhətdən zədələyən surətlərlə ağrısız və təhlükəsiz təmasa girir.
Təsviri sənət vasitəsilə ilk növbədə uşağın təxəyyülünün məhsulu olan qorxuları, yəni heç vaxt baş verməmiş, lakin onun təsəvvürünə görə, baş verə biləcək təhlükə qorxusunu aradan qaldırmaq mümkündür. Bundan sonra real zədələyici hadisələrə əsaslanan, lakin üstündən çox vaxt ötmüş və uşağın yaddaşında əhəmiyyətli emosional iz qoymamış qorxular gəlir. Lakin əgər uşağı qorxudan hər hansı hadisə, məsələn, liftdə qalma, it dişləməsi, döyülmə, yanğın və s. çoxdan baş verməyibsə, artterapiyanın elə də böyük effekti olmur. Etik nöqteyi-nəzərdən, uşaqdan valideynlərinin ölümü qorxusunu ifadə etməyi xahiş etmək düzgün deyil.
Şəkil çəkmək üçün karandaşlardan, flomasterlərdən və boyalardan istifadə etmək olar. Məktəbəqədər yaşlı uşaqlara boyalar daha müvafiqdir. İbtidai məktəb yaşlı uşaqlar flomasterə üstünlük verirlər. 12-13 yaşlı yeniyetmələr isə karandaşdan daha həvəslə istifadə edirlər, çünki bu, təsviri dəqiq çəkməyə və bəyənmədiklərini pozmağa imkan verir.

Artterapiya seansı

Birinci mərhələ

Artterapiya seansı qorxuların diaqnostikasından başlanır. Uşaqlardan onların qorxuları barədə oyun zamanı soruşmaq məqsədəuyğundur. Oyun üçün rekvizitlər iri kubiklərdən yığılmış, içində müxtəlif ev əşyaları olan evcik, yaxud hazır oyuncaq ev dəsti, müxtəlif gəlinciklər, oyuncaq heyvanlar, təbil, şeypur, oyuncaq silahlar (tank, tüfəng, tapança, qılınc və s.), meşəni bildirən ağac fiqurları, tibb ləvazimatı, nağılları və onların qəhrəmanlarını xatırladan əşyalar (“sehirli” xalat, “uçan” xalça, “Baba Yaqanın” süpürgəsi, “Cırtdanın” xəlbiri və s.) və bu kimi başqa şeylər ola bilər. Uşağın bu əşyalara münasibəti onun bəzi qorxularını aşkar etməyə imkan yaradar.
Qorxuların diaqnostikasından sonra uşaqla hərəkətli oyunlar (top atmaq, keqli və s.) oynamaq lazımdır. Bununla yaradılan şən əhval-ruhiyyə qorxuların mənfi təsirinə əks-təsir rolunu oynayır. Oyunun sonunda mütləq uşağın uğurlarını qeyd etmək, onu tərifləmək lazımdır.

İkinci mərhələ

Oyunun ardınca uşağa qorxularını kağıza köçürmək təklif olunur: “Ən çox nədən qorxursansa, o şeylərin şəklini çək, hərəsini ayrıca vərəqdə”.
Tapşırıq verilərkən uşağa demək lazım deyil ki, bu onu qorxulardan mütləq azad edəcək. Daha yaxşı olar, uşaq bilsin ki, qorxuların şəklini çəkmək onların öhdəsindən gəlməyə kömək edəcək, şəklin necə çəkilməyi vacib deyil, əsas odur ki, qorxuların hamısını kağıza köçürəsən.
Ancaq qorxuları təsvir etmək heç də asan deyil. Bəzən uşaq tapşırığı yerinə yetirməyə başlayanadək, buna ürək edənədək, bir neçə gün keçir. Bu, daxili psixoloji baryerin, yəni qorxunun özündən qorxmağın öhdəsindən gəlmə mərhələsidir. Çünki hissləri kağıza köçürmək uşaq üçün qorxu ilə birbaşa təmas deməkdir. Bununla yanaşı, uşaq dərk edir ki, qorxunun şəkildə təsviri şərtidir və bu da onun zədələyici təsirini azaldır. Prosesin özünün uşaqda doğurduğu maraq tədricən qorxunun emosional gücünü zəiflədir, onu diqqətin cəmləşdirilməsi, sonra isə tapşırığın yerinə yetirilməsindən alınan həzz əvəz edir.

Üçüncü mərhələ

Qorxuların şəkli çəkildikdən sonra onları müzakirə etmək lazımdır. Bu söhbətdə valideynlər və digər ailə üzvləri də iştirak etsə, yaxşı olar.
Söhbətdən əvvəl dinamik və şən oyun oynamaq lazımdır. Sonra hamı şəkillərə rahat baxmaq üçün yarımdairə qaydada oturur. Müzakirəyə daha asan aradan qaldırıla bilən qorxulardan başlamaq yaxşıdır. Bu, məsələn, su (həm oğlanlarda, həm qızlarda), qan (oğlanlarda), həkim, xəstəlik, qorxulu yuxu, heyvan (qızlarda) qorxusu ola bilər.
Şəkillərin hər biri otaqdakılara göstərilir, bu zaman uşaq orada təsvir olunanlar barədə danışır, yəni öz qorxusunu konkretləşdirir. İlk şəkildən sonra ondan soruşurlar: “Sən öz qorxunun şəklini çəkmisən. İndi isə de görək, ondan hələ də qorxursan, yoxsa artıq bu qorxun ötüb keçib?” Sonrakı hər şəkillə suallar qısalır və axıra yaxın “qorxursan, ya qorxmursan”, - deyə soruşulur. Bu zaman nitq müsbət emosiyalı, bir qədər təntənəli olmalıdır.
Təsvir olunmuş bütün qorxuların müzakirəsindən sonra müsbət nəticə əldə olunmuş hallara yenidən qayıdır, o şəkilləri göstərib, uşağı tərifləyir, qucaqlayır, əlini sıxır, oyuncaq bağışlayırlar. Sonra bütün iştirakçılarla birgə hərəkətli oyun oynanılır. Bu zaman oyunu elə qurmaq lazımdır ki, uşaq qalib gələ bilsin. Bu onda özünə inamı gücləndirir.

Dördüncü mərhələ

Bundan sonra uşağa onun “qalib gələ bilmədiyi” qorxuların təsvir olunduğu şəkilləri və yeni tapşırıq verilir: “İndi şəkli elə çək, bilinsin ki, sən qorxmursan”. Bu o deməkdir ki, birinci dəfəki kimi tək qorxu obyekti deyil, uşağın özünün qorxmayan şəkli də şəkilməlidir. Məsələn, qorxu obyekti uşaqdan qaçır, uşaq çayda üzür və s. Burada təlqin effekti, yəni müəyyən qrafik təsvir vasitəsilə qorxunun öhdəsindən gəlinməsinə inam yaradılması ilə rastlaşırıq.

Beşinci mərhələ

Qorxuya qalib gəlinməsini təsvir edən yeni şəkil köhnənin üstünə bənd edilir. Sonra “indicə gündəlikdən çıxarılmış” qorxuların bəzilərindən istifadə olunmaqla oyun oynanılır (məs., həkim-xəstə oyunu). Növbəti addım tapşırığın təlqin elementi ilə yenidən müzakirəsidir: “İndi biz sənin çəkdiyin şəkillərə baxacağıq və səndən soruşacağıq ki, sən daha bundan qorxmursan ki, yoxsa hələ bir az qorxursan”. Hər dəfə müsbət nəticə “əla”, “afərin” kimi təriflə möhkəmləndirilməlidir. Müzakirədən sonra yenə də oyun gəlir və uşağın müvəffəqiyyətləri oyuncaq, kitabça və s. ilə həvəsləndirilir.
Qeyd etmək lazımdır ki, qorxular şəkildən başqa, maska, plastilindən düzəldilmiş fiqurlar, məftildən, kəndirdən və s. hazırlanmış konstruksiyalar vasitəsilə də təsvir edilə bilər. Bu, uşaqla valideynlərin birgə fəaliyyətinin məhsulu olduqda, nəticə adətən daha yaxşı olur.
Burada xüsusi olaraq nəzərə alınmalı bir neçə məqam var. Əgər uşaq birinci dəfədən tək qorxu mənbəyinin deyil, həm də özünün şəklini çəkirsə, qorxudan sürətlə azad olmanın effekti daha yüksək olur. Amma əgər o hətta ikinci dəfə şəkil çəkəndə, bu barədə xüsusi təlimat aldıqdan sonra da özünü təsvir etmirsə, bu ya qorxunun xüsusi intensivliyindən, ya da onun əl çəkməyən xarakterindən xəbər verir. Bu halda söhbət fobiyadan gedə bilər, onun müalicəsi isə artterapiya çərçivəsində mümkün deyil və xüsusi ixtisaslaşdırılmış müdaxilə tələb edir.

Kriteri.az

Daxil olundu: 12.11.2018 » Oxundu: 1621
Xəbər xoşunuza gəldi? Dostlarınızla paylaşın!