"Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə oktyabrın 8-də “AZLİNG 2022-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq-elmi konfrans keçiriləcək. Neftçala rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq konfransın əsas məqsədi müasir dilçilik elminin çağırışları fonunda Azərbaycan dilinin tədqiqatına töhfə vermək, dilimizin tədqiqi, tədrisi və qorunması istiqamətində dövlət tərəfindən görülən tədbirlərə dəstək olmaq, Azərbaycan dilinin xaricdə tədrisi məsələlərinə diqqət çəkmək, eyni zamanda gənc tədqiqatçılara bu istiqamətdə əlavə imkanlar yaratmaqdır. Konfransda 70-ə yaxın yerli və xarici dilçi alimin iştirakı gözlənilir. Konfransda iştirak üçün abstraktların qəbulu sentyabrın 25-nə qədər davam edəcək, 30 sentyabrda abstraktların seçimi başa çatacaq.
Tezislərlə bağlı aşağıdakı alt mövzulara üstünlük veriləcək:
·Müasir dilçilik cərəyanları və Azərbaycan dilinin tədqiqi
·Azərbaycan dilinin beynəlxalq tədrisi
·Azərbaycan dili dərsliklərinə konseptual yanaşmalar və dil məsələləri
·Orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi məsələləri
·Azərbaycan dili və koqnitiv dilçilik
·Azərbaycan dili və tipoloji dilçilik
·Azərbaycan dili və funksional dilçilik
·Azərbaycan dili və sosioloji dilçilik
·Azərbaycan dili və tərcümə problemləri
·Azərbaycan dilinin leksikoqrafiya problemləri
·Azərbaycan dili və müqayisəli-tarixi dilçilik
·Azərbaycan dili və kompüter dilçiliyi
·Dil siyasəti və dil planlaşdırılması
·Azərbaycan dilinin tarixi
·Dilçilik elmi və Azərbaycan ədəbiyyatı
·Azərbaycan dilinin tədqiqat metodları və dünya təcrübəsi
·Azərbaycan dilinin nitq və tələffüz problemləri
·Akademik Azərbaycan dili
·Azərbaycan dilinin dialektologiyası problemləri
·Azərbaycan dilində terminologiya problemləri
·Azərbaycanda xarici dillərin tədrisi metodları
Konfransda iştirak etmək istəyənlər abstraktları linguisticsneft@gmail.com e-mail ünvanına göndərməlidir. Qeyd etmək lazımdır ki, hər məruzəçi üçün 10 dəqiqə vaxt nəzərdə tutulur və iştirakçılardan təqdim edəcəkləri mövzuya uyğun PPT hazırlamaları xahiş edilir. Sonda bütün konfrans iştirakçılarına sertifikatlar təqdim olunacaq və konfrans materialları əsasında toplu nəşr ediləcək. Məlumat üçün bildiririk ki, konfrans Neftçala rayonundan olan bir qrup dilçi alimin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq həyata keçiriləcəkdir.
Əlavə məlumat üçün əlaqə vasitələri: +994 (51) 546 30 01, +994 (50) 430 04 89
Kriteri.az